YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Liderlə yeni zirvələrə doğru!

Kamran Bayramov

Milli Məclisin deputatı

2003-cü il oktyabr ayının 15-də xalqın böyük dəstəyi ilə Prezident seçilən İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu 20 ildir uğurla və ləyaqətlə davam etdirərək tarixin ən qüdrətli Azərbaycanını yaradıb. Prezident İlham Əliyev uzaqgörənliklə, təmkinlə, ardıcıllıqla və həm də sürətlə dövlətimizi qarşıya qoyulan bütün hədəflərə çatdırıb, milli prioritetlərin hər biri keyfiyyətlə və vaxtında yerinə yetirilib. 

Dövlət başçısının iqtisadi siyasətinin əsasında məhz güclü dövlət, sabitlik və sosial rifah dayanıb. Bu da təsadüfi deyildir - güclü iqtisadiyyat qurmadan güclü və qüdrətli dövlətə nail olmaq, hər bir fərdin mənafelərini müdafiə etmək mümkün deyildir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sahələrinə yönələn investiyaların qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, sahibkarlıq fəaliyyəti üçün münbit şəraitin yaradılması, vətəndaşların sosial müdafiəsi ölkədə yürüdülən iqtisadi siyasətin başlıca qayəsini təşkil edib. Mərkəzində Azərbaycan vətəndaşının rifah və mənafeyinin dayandığı nümunəvi sosial siyasətin həyata keçirilməsi - vətəndaş məmnunluğunun artırılması, regionların sosial-iqtisadi inkişaf konsepsiyasının uğurla reallaşdırılması və digər mühüm faktorlar ölkənin etibarlı və dayanıqlı yüksəlişinə əlavə təkan verib.

Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı ilk günlərdən, başqa sahələrdə olduğu kimi, ordu quruculuğunda da uğurlara hesablanmış islahatlar həyata keçirib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında daim inkişaf edən ordumuz ən müasir silahlarla təmin olunub.  Gündən-günə güclənən Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ən böyük qələbəsini 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlanan 44 günlük Vətən müharibəsində qazandı.  Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixin qızıl səhifələrinə yazdı. Azərbaycan xalqının iftixar və qürur dolu yeni qəhrəmanlıq salnaməsini yaratdı, 44 günlük Vətən müharibəsinin baş qəhrəmanına, qalib Sərkərdəsinə çevrildi. Zəfərlə başa çatan Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm  qələbə qazanan Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, həm də tarixi ədalətin bərpasına nail oldu. 30 ilə yaxın xəyal olunanlar Azərbaycan Prezidentinin, onun rəhbərlik etdiyi ordunun gücü və qüdrəti sayəsində 44 gün ərzində gerçəkləşdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi bir daha Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasi lider olduğunu təsdiqlədi.

Nəyi nə zaman və necə edəcəyini hər kəsdən daha yaxşı bilən Prezident İlham Əliyevin 2023-cü ilin sentyabrında ölkəmizin suverenliyini təmin etdi, Qarabağı erməni separatçılarından azad etdi. Bu, Vətən müharibəsindəki Zəfərdən sonra xalqımızın növbəti tarixi qələbəsi oldu.

30 il düşmən tapdağı altında qalan torpaqlarımız məhz Prezident İlham Əliyevin əzmkarlığı ilə cənnətə çevrilir. Uzun illər yurd həsrəti ilə yaşayan insanlar öz doğma torpaqlarına qayıdırlar. Bütövlükdə isə işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işləri bir daha Azərbaycan dövlətinin qüdrətini dünyaya bəyan edir. Görülən işlərin sürəti göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası zamanı qabaqlamaqla yerinə yetiriləcək.

Güclü siyasi Liderin həyata keçirdiyi həm daxili, həm də xarici siyasət regionda gedən siyasi, iqtisadi proseslərin axarına həlledici təsir göstərir. Məhz dövlət başçısının liderlik keyfiyyətləri əsasında Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Prezident İlham Əliyev ölkəni öndə gedən dövlətlər sırasına yüksəldib. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun və qüdrətinin bariz göstəricisidir. Azərbaycan bu gün nadir ölkədir ki, həm Rusiya, həm Avropa İttifaqı ölkələri, həm də ABŞ ilə münasibətlərini bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq meyarları üzərində qurmağı bacarıb. Müxtəlif ölkələrin əlində siyasi alətə çevrilən Ermənistandan fərqli olaraq, ölkəmiz milli maraq və mənafelərini önə çəkərək müstəqil siyasət yürüdür, daxili məsələlərinə müdaxilə cəhdlərinə qarşı barışmaz mövqe tutur.  Bu gün regionla bağlı bütün məsələlərdə Azərbaycanın rəyi, mövqeyi nəzərə alınır. Dövlətimizin beynəlxalq nüfuzu, qlobal proseslərə təsir imkanları getdikcə artır.

Dünya təcrübəsində çox az ölkəni nümunə göstərmək olar ki, cəmi 30 illik müstəqillik tarixi ərzində belə genişmiqyaslı uğurlara imza atsın. Dövlət başçısının reallaşdırdığı ardıcıl tədbirlər və dərin islahatlar nəticəsində hazırda Azərbaycan sabit və təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı, Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş və dünya kosmos ailəsinin üzvüdür.

Azərbaycanın möhtəşəm uğurlarını, onu dünyanın sayılıb-seçilən, mövqeyi nəzərə alınan dövlətlərdən birinə çevrilməsini şərtləndirən mühüm amillər sırasında böyük uzaqgörənliklə reallaşdırılan qlobal neft-qaz, nəqliyyat layihələrinin əhəmiyyətindən bəhs edərkən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, bir sıra perspektivli qaz yataqlarının kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi, Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayan "Cənub qaz dəhlizi"nin - TANAP, TAP layihələrinin gerçəkləşdirilməsi, ölkəmizin Orta dəhliz nəqliyyat sistemindəki rolunun gücləndirilməsi və nəhayət, Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar bu baxımdan xüsusi qeyd olunmalıdır.

Ölkəmiz regionun neft və qaz hasilatçılarından biri olmaqla yanaşı, yeni çağırışları əsas tutaraq, malik olduğu zəngin alternativ enerji mənbələrindən istifadə istiqamətində davamlı tədbirlər həyata keçirir. Xüsusi vurğulamaq istərdik ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi müstəqil respublikamızın dünyada böyük nüfuz və hörmətə malik olduğunu bir daha təsdiqləyəcək. Bu qlobal tədbir ölkə həqiqətlərinin, eləcə də Azərbaycanın "yaşıl enerji" və turizm potensialının dünyada təbliği baxımından yeni fürsətlər yaradacaq.

Prezident İlham Əliyev qətiyyətli və praqmatik siyasəti, genişmiqyaslı islahatçı fəaliyyəti ilə ötən 20 ildə dövlətimizi öz hədəflərinə inamla çatdırıb. 20 ildə qazanılan bütün bu uğurlar xalqımızın 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində azad və tərəddüdsüz, həm də doğru seçim edəcəyinə zərrə qədər də şübhə yaratmır. Siyasi sabitliyin hökm sürdüyü şəraitdə xalqın inandığı, etimad göstərdiyi cənab İlham Əliyevin bundan sonra da ölkəmizə rəhbərlik etməsi hər bir azərbaycanlının ən böyük arzu və istəyidir. Çünki yeni hədəfləri yalnız cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırmaq mümkündür. Ölkədə bu siyasətin alternativi yoxdur. Dövlətimizin başçısı bütün bunları 20 illik uğurlu fəaliyyəti ərzində verdiyi bütün vədləri yerinə yetirməklə sübut edib. Fevralın 7-də hər bir azərbaycanlı ona Zəfər və məğrurluq yaşadan, ərazi bütövlüyümüzü bərpa edən, Qarabağ və Şərqi Zəngəzuru yenidən quran möhtərəm İlham Əliyevin yanında olacaq. Seçkilər Prezident İlham Əliyevə yüksək etimadın növbəti bariz göstəricisi kimi tarixə düşəcək. Bütövlükdə, seçkilərin nəticəsi ötən 20 ilin uğurlarına əsaslanacaq. Şübhəsiz ki, qarşıdakı dövrdə də Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bütün sahələrdə daha möhtəşəm, əzəmətli nailiyyətlər qazanacaq.