Seçki-2024
“Biz qalib Liderimizə güvənirik!”
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov, təşviqat qrupunun üzvü İlqar Ağamirov və digərləri çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün sahələrdə möhtəşəm nailiyyətlərin qazanılması Azərbaycanın qüdrətini daha da artırıb. Tarixi Zəfər qazanan Azərbaycan artıq dünyada qalib dövlət kimi tanınır.
Seçicilər isə qeyd ediblər ki, xalqımızın alternativsiz Lideri İlham Əliyevə səs verəcəklər. “Biz qalib Liderimizə güvənirik!” ,- deyə vurğulanıb.
Qeyd edək ki, Nərimanov rayon təşviqat qrupunun üzvləri seçicilərlə fərdi görüşlər də keçiriblər.