YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Cənab İlham Əliyev tarixə xalqın qəhrəmanı kimi möhür vurdu

Emin Bağırov

Siyasi şərhçi

Zəngin təbii sərvətlərə malik Azərbaycanın qədim zamanlardan böyük dövlətlərin diqqət mərkəzində olduğu hər kəsə məlumdur. SSRİ-nin dağılmasından sonra bu diqqət nəinki artdı, hətta aqressiv xarakter aldı. Xüsusilə də ötən əsrin 90-cı illərinin əvvəlində Qarabağ regionunda separatizmi körükləyən siyasi dairələrin bir məqsədi Azərbaycanı müstəqil qərarlar qəbul etmək imkanından məhrum etməklə strateji nəqliyyat yollarına nəzarəti ələ keçirmək və zəngin karhohidrogen resurslarına sahib çıxmaq idi. Bütün bu məkrli planların reallaşmasına Ulu öndər Heydər Əliyev imkan vermədi. Xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli liderimiz Azərbaycanı qarışıq geosiyasi labirintdən uğurla çıxarmağı bacardı və “Odlar yurdu”nun sürətli inkişaf magistralına qədəm qoymasına münbit şərait yaratdı. Ulu öndər Heydər Əliyevin xilas etdiyi Azərbaycanı Prezident İlham Əliyev böyük Zəfərə daşıdı. Bu gün hamı bilir ki, böyük siyasi xadim Heydər Əliyevsiz müasir Azərbaycan da olmazdı. Məhz ulu öndər ölkə rəhbərliyinə gəldikdən sonra Azərbaycanda iqtisadiyyatın, siyasi sistemin və ictimai həyatın dərindən modernləşdirilməsi prosesi başlandı. Ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə çətin vaxtlarda, ölkənin vətəndaş müharibəsi və tam süqut astanasında olduğu bir vaxtda gəldi. 1993-cü ildə Azərbaycan həm Ermənistanla müharibə, həm də vətəndaş müharibəsi nəticəsində parçalanmış vəziyyətdə idi. Həmin ağır dövrdə Azərbaycan xalqı əmin idi ki, milli dövlətçilik süqut təhlükəsi ilə üz-üzədir. Vətənin darda olduğunu müdrik xalqımız israrla mövcud hakimiyyətin dəyişdirilməsini tələb etdi və o vaxtdan taleyini yenidən Ulu öndər Heydər Əliyevə tapşırdı. Xalqının tələbi ilə böyük siyasətə qayıdan ümummilli liderimiz qısa müddətdə ölkə daxilində münaqişələrin aradan qaldırılmasına nail oldu, eyni zamanda, Azərbaycanın bu günə kimi rəhbər tutduğu dövlət inkişafının əsas vektorlarını üzə çıxara bildi. Əlbəttə ki, Ulu öndər Heydər Əliyevin ölkədə siyasi-ictimai sabitliyi bərpa etməklə xalqın ona göstərdiyi etimadı tam doğrultdu. Sabitlik dövlətçiliyin möhkəmlənməsinə xidmət etdi, digər taleyüklü vəzifələrin – nizamlı ordunun yaradılması, məhsuldarlığın yüksəldilməsi və istehsal güclərinin intensiv inkişafı, kənd təsərrüfatında dönüş, cəmiyyətin iqtisadi islahatlarının mühüm mərhələsi kimi özəlləşdirmə proqramının sürətləndirilməsi, elmin səviyyəsinin yüksəldilməsi Azərbaycanı keçmiş İttifaqın ən inkişaf etmiş respublikalarından birinə çevirdi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan yeni inkişaf mərhəsinə qədəm qoydu. Xəzərin dərinliklərində neftin işlənməsi ilə bağlı imzalanmış bu müqavilə ölkənin perspektivləri üçün çox mühüm neft strategiyasına start verdi. “Əsrin müqaviləsi” sayəsində Azərbaycan təkcə xarici valyuta deyil, həm də geosiyasi dividendlər əldə etdi. Azərbaycanın neft diplomatiyası ölkəmizin dünya birliyinin nüfuzlu üzvü kimi tanınmasına imkan yaratdı. 2003-cü il prezident seçkilərində xalqın etmadını qazanan cənab İlham Əliyev ümummilli liderin siyasətini davam etdirdi. İqtisadiyyat görünməmiş sürətlə böyüməyə başladı. Ordu gücləndirildi. İllər keçdikcə Bakının, Azərbaycanın görkəmi dəyişdi. Yeni yollar yarandı, qonşularla siyasi-iqtisadi əlaqələr möhkəmləndi. Azərbaycanın bu gün Avrasiyanın əsas nəqliyyat-kommunikasiya qovşaqlarından biri sayılır. Bundan başqa, Prezident İlham Əliyev qeyri-neft sektorunun ölkə iqtisadiyyatında xüsusi çəkisinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirdi. İri infrastruktur layihələri reallaşdırıldı, nəqliyyat sisteminin yenidən qurulması Azərbaycanın dünya iqtisadiyyatına daha yaxşı inteqrasiyasına imkan verdi. Ən əsası, 1990-cı illərin əvvəllərində müharibədə uduzan Azərbaycan 2020-ci və 2023-cü illərdə torpaqları geri almağı bacardı. Bu, təbii ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi bünövrədən yararlanmağı bacaran Prezident İlham Əliyevin misilsiz xidmətləri sayəsində mümkün oldu. Ölkəmizin başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə iki yüz illik tariximizin qəhrəmanlıq səhifəsini yazdı. Dünya liderləri, politoloqlar, hətta Azərbaycanı sevməyən qüvvələr belə İlham Əliyevin yürütdüyü milli maraqlar üzərində qurulan siyasətə heyranlıqlarını gizlətmədilər. Hətta etiraf etmək məcburiyyətində qaldılar ki, ümumxalq marağını hər şeydən üstün tutan belə liderə nadir hallarda rast gəlmək olar. Buna görə də, cənab İlham Əliyev iki əsrlik tariximizə xalqın qəhrəmanı kimi möhür vurdu. Prezident xalqının otuz il ərzində əlçatmaz, yuxu kimi görünən arzusunu reallığa çevirməyi bacararaq Qarabağı bizə qaytardı! Bununla yanaşı Prezident Əliyev Azərbaycanın dünyada önəmli aktor kimi tanınmasına nail oldu. Ölkəmizin dəstəyi olmadan Cənubi Qafqazda hər hansı regional prosesləri müzakirə və həll etmək mümkün deyil. Prezident İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasət sayəsində Azərbaycan bu gün yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz mövqeyini qəbul etdirən ölkə kimi qiymətləndirilir. Ölkəmizin nüfuzlu beynəlxalq qurumlarda uğurlu fəaliyyəti Azərbaycanın qlobal miqyasda gedən proseslərə təsir imkanlarını genişləndirir. Azərbaycan hazırda regionda, eləcə də daha geniş coğrafiyada sabitləşdirici rol oynayır, bir çox ölkənin iqtisadi inkişafına, enerji təhlükəsizliyinə töhfə verir. Eyni zamanda, Azərbaycan qlobal miqyasda ədalətin carçısı, bəzi böyük dövlətlərin ədalətsiz davranışına və müstəmləkə siyasətinə qarşı çıxan xalqların azadlıq mübarizəsinə dəstək verən ölkə kimi də tanınır. Bütün bunlar, əlbəttə ki, Prezident İlham Əliyevin həmişə dəstəklədiyi və ifadə etdiyi ədalətli siyasət nəticəsində mümkün olmuşdur. Hazırda Azərbaycan mühüm ictimai-siyasi proses ərəfəsindədir. Fevralın 7-də ölkəmizdə prezident seckiləri keçiriləcək. Milyonlarla azərbaycanlının ölkəmizi yenilməz, güclü və qalib edən, xalqımızın əvəzsiz övladı, Azərbaycanın liderinə səs verəcəyi şübhəsizdir. Çünki İlham Əliyev prezident seçkilərinə bir firqənin, qrupun, ayrı-ayrı şəxslərin namizədi kimi deyil, 10 milyon xalqın lideri kimi, xalqın namizədi kimi gedir. Prezident İlham Əliyev xalqın adamıdır! Geridə qalmış şərəfli 20 illik fəaliyyətində bu, aydın şəkildə görünür! Cənab Prezident məhz gözü tərəzi olan xalqın etimadını çoxdan qazanıb və Zəfər seçkisinin qalibinin də məhz Prezident İlham Əliyevin olması şübhə doğurmur! Keçirilən sorğular, ümumxalq rəyi bir daha onu göstərir ki, Müzəffər Sərkərdənin seçkilərdə qələbəsi Azərbaycanın bütün istiqamətlərdəki uğurlarının daha dinamik inkişaf mərhələsinə qədəm qoymasına şərait yaradacaq. Nicatımız Prezident İlham Əliyevlə davamdır! Ortada olan real həqiqət budur!