YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Sözünün sahibi olan Prezident

Bəxtiyar Sadıqov

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin

baş redaktoru

Xoşbəxt o xalqdır ki, sözünün sahibi olan rəhbəri var. Azərbaycan xalqının bu məsələdə bəxti gətirib. Bütün dünya bilir ki, cənab İlham Əliyev dediyini edəndir, sözü ilə imzası eyni gücə malikdir. Əgər Prezident İlham Əliyev çıxışı zamanı növbəti dövr ərzində görüləcək işlərdən danışırsa, deməli, biz həmin işlərin, deyilənlərin real həyatda, göstərilən müddətdə təcəssümünün şahidi olacağıq!

Cənab İlham Əliyevin xalqa verdiyi vədlərə diqqət yetirək: regionların və sahibkarlığın sürətli inkişafına nail olunacaq, bir nəfər də çadır şəhərciyində yaşayan qaçqın və məcburi köçkün qalmayacaq, günün bütün saatlarında Azərbaycanın ən ucqar kəndində belə elektrik enerjisi olacaq, işsizlik ən minimal həddə endiriləcək, yoxsulluq səviyyəsini aşağı salınacaq, bir qarış torpaq belə kimsəyə güzəştə gedilməyəcək, ölkəmizdə ikinci erməni dövlətinin yaradılmasına yol verilməyəcəkdir!

Ötən 20 ildə Prezident İlham Əliyev elan etdiyi bu prioritetlərin hər birini Lider qətiyyəti ilə reallığa çevirdi. Heydər Əliyev yolunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edərək qarşıya qoyulan bütün iqtisadi hədəflərə uğurla çatdı, vətəndaşların sosial rifahı dəfələrlə yüksəldi. Heydər Əliyevin siyasətinin davamının nəticəsi olaraq Azərbaycan ötən 20 ildə yüksək beynəlxalq nüfuz sahibinə, Cənubi Qafqazın ən güclü dövlətinə çevrildi.  Bu illər ərzində çoxsaylı qaçqın şəhərcikləri, yaşayış kompleksləri inşa edilərək qaçqın və məcburi köçkünlərin həyat şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırıldı.  Hər il minlərlə yeni iş yeri yaradılaraq işsizlik və yoxsulluq səviyyəsi 40 faizdən 5 faizə endirildi. Bu gün Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin edən və eyni zamanda onun ixracını həyata keçirən dövlətdir.

Bütün bunları təmin etməklə, tarixinin ən qüdrətli Azərbaycanı yaradıldı!

 Lakin Prezident İlham Əliyev nəinki tarixinin ən qüdrətli Azərbaycanını yaratdı, həm də torpaqlarımızı erməni işğalçılarından birdəfəlik təmizlədi, ölkənin ərazi bütövlüyünü, suverenliyini və Konstitusiya əsaslarını bərpa etdi! Bəs, İlham Əliyev buna necə nail oldu?

Məlumdur ki, İlham Əliyevin hakimiyyətə gəldiyi dövrdə əsas milli ideyamız işğal altındakı torpaqların azad edilməsi idi. Lakin həmin dövrdə Azərbaycan hərbi vasitələrlə məqsədə çatmaq imkanında deyildi.  Əvvəla, ATƏT-in Minsk qrupu bu vəzifəni öhtəsinə götürmüşdü və guya məsələni sülh yolu ilə çözəcəkdi, onun “xidməti”ndən imtina isə yanlış olardı. İkincisi, sülh yolundan vaz keçərək hərbi vasitəyə əl atmaq Azərbaycana baha başa gələ bilərdi. Üçüncüsü, müharibə etmək üçün ən əvvəl böyük iqtisadi imkan, yaxşı silahlanmış və təlim görmüş ordu, beynəlxalq qurum və təşkilatlarda Azərbaycanın sözünü deyib, mövqeyini müdafiə edəcək dostların olması və digər məsələlər vacib sayılırdı.

Bütün bunları qiymətləndirən İlham Əliyevin eyni vaxtda bütün sahələrin yüksəlişinə diqqət yetirməsi, problemləri vaxt itirmədən həll etməsi, əvvəldə qeyd etdiyim inkişaf göstəricilərinə nail olması torpaqlarımızın azadlığı istiqamətində də zəruri dönüşün yaranmasına, tarixi şəraitin yetişməsinə səbəb oldu. Davamlı və sürətli iqtisadi inkişaf nəticəsində büdcəyə daha çox vəsait toplandı.  Bu vəsait hesabına modern ordu quruculuğu həyata keçirildi. Yeni, ən müasir texnologiyalar əsasında hazırlanmış silahlar alındı, şəxsi heyətə dayanmadan təlimlər keçirildi, peşəkarlıqları durmadan artırıldı.  Görülən bütün bu işlər, vaxtında və qətiyyətli şəkildə atılan addımlar hücum taktikasına keçən Azərbaycana məqsəd və hədəflərinə öz gücü və imkanları hesabına çatmağa şərait yaratdı!

Dörd günlük aprel müharibəsi ordumuz üçün baş sınaq oldu. Düşmən bundan nəticə çıxarıb ağıllanmadı.  Cocuq Mərcanlıya qayıdış Qarabağa dönüşün qaranquşu oldu. Düşmən yenə sülhə gəlmədi, murdarlığından əl götürmədi. Zaman isə Azərbaycanın xeyrinə işləyirdi. Azərbaycan Prezidenti İlham Əliyev havadarlarının dəstəyindən havalanan Ermənistanın yeni başçısı Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatından məharətlə istifadə etdi. Dövlətimizin başıçısı əvvəlcə Valday beynəlxalq diskussiya klubunda Ermənistanın sülh danışıqlarını mənasız edən bu mövqeyini ifşa etdi. “Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək işğalla heç zaman barışmayacağımızı təkcə Paşinyana deyil, onun kimi düşünənlərin hamısına çatdırdı. Sonra Münhen Təhlükəsizlik Konfransının panel iclasında Paşinyanla debatda Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, ermənilərin buraya XIX əsrdə çar Rusiyası tərəfindən gətirilərək yerləşdirildiyini tarixi faktlarla sübut etdi.

44 günlük Zəfər müharibəsində isə Müzəffər Ali Baş Komandan İlham Əliyev sözlə dediklərini əməl ilə sübuta yetirdi. Sübut etdi ki, Azərbaycan güclü dövlətdir və güclü orduya sahibdir. Sübut etdi ki, Azərbaycan xalqı, Azərbaycanın əsgər və zabitləri torpaqları çox qısa bir müddətdə işğaldan azad etməyə qadirdir.  Sübut etdi ki, heç bir azərbaycanlı Qarabağı, işğal altındakı torpaqları unutmaz, lazım gəlsə, canı və qanı bahasına geri alar. Sübut etdi ki, Azərbaycan təkcə Ermənistana deyil, dünya erməniliyinə, Ermənistanın bütün müdafiəçilərinə və havadarlarına da qalib gəlmək qüdrətindədir.

Beləliklə, iyirmi ilin ən mühüm yekunları torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağda erməni separatizminə son qoyulması oldu. Məhz görülən işlər, vaxtında və qətiyyətli şəkildə atılan addımlar sayəsində kifayət qədər güc toplayan Azərbaycan hücum taktikasına keçə və əsas milli hədəflərinə qətiyyətlə çata bildi. 

 Artıq bu gün Azərbaycanda yeni dövrün yeni vəzifələrindən danışırıq. Bəs yeni dövr nədən və necə başlamalıdır! “Prezident seçkiləri yeni dövrün başlanğıcı olmalıdır!” – jurnalistlərin suallarını cavablandıran dövlət başçısı İlham Əliyev bu fikrini də dəlillərlə əsaslandırdı. Məntiqlə həm tarixi dövrüluk baxımından (işğaladək olan dövr, işğal dövrü və işğaldan sonrakı dövr), həm də tariximizdə buna bənzər Zəfərin olmaması, üstəlik belə parlaq qələbənin yaratdığı və yaradacağı nəticələr sarıdan yeni dövrə başlarkən hər şey də yenilənməlidir. Qarşıdan gələn növbədənkənar prezident seçkiləri də yeni dövrün siyasi başlanğıcı olacaq.  Xalqımız isə onu bu yeni dövrə çatdıran, zəfərimizin müəllifi, icraçısı, nəticələrinin rəsmiləşdiricisi olan İlham Əliyevə inam və etimadından yoğrulan yeni mandat verəcək.

Bu gün İlham Əliyev Azərbaycanı yeni yolla yeni hədəflərə doğru aparır. Bu yol həm də Heydər Əliyev yolunun davamı olan İlham Əliyev yoludur. Bu yol bütövləşən, qüdrət və söz sahibinə çevrilən Azərbaycanın yeniləşən yoludur. Bu yol Böyük qayıdışa gedən, otuz illik yurd həsrətinə son qoyan, “məcburi köçkün” adı üzərindən xətt çəkən, insanları doğma yurda və xoşbəxtliyə qovuşduran yoldur. Bu yol Azərbaycanın Avropanı “yaşıl enerji” ilə təchizatını təmin edən yoldur. Bu yol bütün mənfur niyyətləri, qərəzli xislətləri məhv edən yoldur. Bu yol Ulu Öndərimizin arzularının çiçəkləndiyi, istəklərinin reallaşdığı yoldur. Bu yol Azərbaycan xalqını yüksək rifaha, xoş və xoşbəxt günlərə qovuşduran yoldur. Bizi yeni hədəflərə çatdıracaq yolumuz mübarək olsun.