Seçki-2024
Cənab İlham Əliyev növbəti dəfə də möhtəşəm qələbə qazanacaq
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da YAP Yevlax rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənclərlə, həmçinin Yevlax rayonu Qoyunbinəsi kəndində və Salatın Əsgərova küçəsində yaşayan seçicilərlə görüş keçirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman oğullarımızın xatirəsinə ucaldılmış abidə ziyarət olunub, önünə gül dəstələri düzülüb, şəhidlərimizin əziz ruhu ehtiramla yad olunub.
Görüşlərdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, təşviqat qrupunun üzvləri Vüqar Nəbiyev, Elşad Ağayev, Əminə Əhmədova və Gülüstan Əliyeva çıxış ediblər.
Çıxış edənlər qeyd ediblər ki, Cənubi Qafqazın lideri statusunu inamla daşıyan ölkəmiz artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyənləşdirən aparıcı rola malikdir. Təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qətiyyətlə həyata keçirilən daxili və xarici siyasətin uğurlu olduğunu, onun praqmatizm üzərində qurulduğunu, milli maraqların müdafiəsinə yönəldiyini əyani surətdə təsdiqləyir.
Görüşdə çıxış edən seçicilər seçki günü birmənalı şəkildə müdrik Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.