Seçki-2024
Xətai rayonunda görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da YAP Xətai rayon təşkilatında gənclər, o cümlədən idmançılar və tələbələrlə görüş keçirilib.
Görüşdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin, YAP İdarə Heyətinin üzvü Əfsun Sucayev, təşviqat qrupunun üzvləri Hicran Şərifov, Vüsal Qliyev, Həsən Ağayev, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, şəhid valideynləri Pərviz Umudov və Asəm İbrahimli çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər bu sahəyə böyük diqqətin nəticəsidir. Prezidentin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimizin Vətən müharibəsində tarix yazdığı xüsusi vurğulanıb. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycanın dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrildiyi söylənilib.
Gənc seçicilər əminliklə ifadə ediblər ki, cənab İlham Əliyevə səs verməklə Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda qarşıdakı bütün hədəflərə nail olacağıq.
Qeyd edək ki, “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq Xətai rayonunun “Q.Nəbi küçəsi 5, 7, 9, 12”, “Sarıyev küçəsi 13a, 13b, 13v” və “M.Rüstəmov küçəsi 8, 12” ünvanlarında yaşayan seçicilərlə də görüşlər keçirilib.