Seçki-2024
Xalqın etimadını doğruldan qalib Lider!
Şirvanlı seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Şirvan şəhərində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, təşviqat qrupunun üzvləri Ülviyyə Heydərova, Çinarə Vəliyeva, Murad Muradov və Elçin Məlikov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edir. Bütün sahələrdə əldə edilən nailiyyətlər gələcəyə nikbin baxmağa imkan verir. Sarsılmaz xalq-iqtidar birliyi Azərbaycanın qazandığı bütün uğurların əsasıdır. Natiqlər Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərqərar olmasının Prezident İlham Əliyevin 20 illik məqsədyönlü fəaliyyətinin zirvəsi olduğunu vurğulayıblar.
Çıxışçılar seçiciləri daim dövlət başçısının ətrafında sıx birləşməyə, 7 fevralda keçiriləcək prezident seçkilərində Azərbaycanın gələcək inkişafına səs verməyə çağırıblar.
Seçicilər xalqın etimadını doğruldan qalib Liderə səs verəcəklərini vurğulayıblar.