Seçki-2024
Tarix yazan Lider!
Sumqayıtda Vətən müharibəsi qaziləri ilə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da YAP Sumqayıt şəhər təşkilatında növbəti görüş Vətən müharibəsi qaziləri ilə keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin komitə sədri Hicran Hüseynova, Milli Məclisin deputatı Müşfiq Məmmədli, təşviqat qrupunun üzvləri, o cümlədən şəhid atası Sovet Şükürov, Vətən müharibəsi qazisi Zahir Həsənov, Vətən müharibəsi iştirakçıları Nizami Əliyev və Ehtiram Məmmədov çıxış edərək partiyanın prezidentliyə namizədi cənab İlham Əliyevin misilsiz xidmətlərindən danışıblar.
Natiqlər bildiriblər ki, Prezident İlham Əliyevin milli və dövlətçilik maraqlarımızın qorunması ilə bağlı həyata keçirdiyi tədbirlər Azərbaycanın ən qüdrətli dövrünü yaşamasına səbəb olub.
Qeyd edilib ki, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, ordu quruculuğu sahəsində mühüm nailiyyətlərin əldə edilməsi, torpaqlarımızın işğaldan azad edilməsi və digər mühüm uğurlar məhz Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir. Bu kimi çoxsaylı uğurlar 7 fevral seçkilərində Azərbaycan xalqının seçimini müəyyənləşdirəcək.
Qazilər yekdilliklə ifadə ediblər ki, Azərbaycanı son 20 ildə böyük zirvələrə qaldıran, bu gün qürurla bəhs etdiyimiz nailiyyətlərin memarı olan cənab İlham Əliyevə səs verəcəklər.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.