Seçki-2024
Azərbaycanın parlaq gələcəyinə naminə...
Nərimanov sakinlərinin seçimi bəllidir
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Nərimanov rayonunda qadın seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP Təftiş Komissiyasının üzvü Zərifə Quliyeva, təşviqat qrupunun üzvü Gülzar İbrahimova və digərləri çıxış ediblər.
Natiqlərin sözlərinə görə, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət verib. Bu gün bu gözəl ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Azərbaycan qadınları bu gün cəmiyyətin ictimai-siyasi həyatının bütün sahələrində çox fəaldırlar.
Vurğulanıb ki, Vətən müharibəsindəki şanlı Zəfərdən sonra və erməni əsarətindən azad edilmiş torpaqlarımıza Böyük Qayıdış dönəmində bütöv Azərbaycanımızda ilk olaraq məhz prezident seçkilərinin keçirilməsi bizi qürurlandırır və ölkəmizin parlaq gələcəyi naminə hər bir vətəndaş kimi Azərbaycan qadınlarını da səfərbər olmağa sövq edir. Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi, əhalinin rifahı və həyat səviyyəsinin yüksəldilməsi əsas verir ki, qalib Lider İlham Əliyevi dəstəkləyək.
Seçicilər davamlı qələbələr və Azərbaycanın parlaq gələcəyinə naminə cənab İlham Əliyevə dəstək olacaqlarını bildiriblər.