Seçki-2024
Azərbaycan vətəndaşları bir daha sabitliyə və inkişafa səs verəcəklər
Xətai rayonunda seçicilərlə növbəti görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Xətai rayonunda seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin, təşviqat qrupunun üzvləri Rauf Zeyni, Tofiq Salmanov, Cəlal İbrahimov, Vətən müharibəsi şəhidi, mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov və Xətai rayon sakini, seçici Zərifə Rzayeva çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, zəngin seçki təcrübəsinə malik olan Yeni Azərbaycan Partiyası hər zaman seçkilərə yeni dövrün çağırışlarını özündə ehtiva edən devizlə qatılır. 7 fevral tarixində keçiriləcək prezident seçkilərinin şüarı “Qalib xalqın qalib Lideri”dir. Cənab İlham Əliyevin son 20 ildə Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlərin zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması dayanır.
Bu gün ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş qalib Azərbaycanın uğurlarından danışan çıxışçılar xalqımızın cənab İlham Əliyevə hər zaman olduğu kimi böyük dəstək verəcəyinə əminliyini ifadə ediblər. Qeyd olunub ki, Azərbaycan vətəndaşları prezident seçkilərində qalib Lider İlham Əliyevə səs verməklə bir daha sabitliyi, əmin-amanlığı və inkişafı dəstəklədiklərini təsdiq edəcəklər.