Seçki-2024
Azərbaycan xalqı Prezident İlham Əliyevə minnətdardır
Arif Rəhimzadə
YAP Veteranlar Şurasının sədri
Azərbaycan Prezidenti seçkilərinə bir aydan az qalır. Yaxın yeddi ildə ölkəni idarə edəcək dövlət başçısı bu il fevralın 7-də müəyyənləşəcəkdir. Prezident vəzifəsinə yeddi nəfər iddialıdır. Hər birinə hörmətlə yanaşıram. Hesab edirəm ki, bu cür yüksək səviyyəli seçkilərdə iştirak etməklə onlar ölkədə ictimai-siyasi nüfuzlarını daha da yüksəltmək imkanı əldə edəcək, həyatımıza yeni ideyalar gətirəcəklər. Bununla birlikdə namizədlərin ideya, təklif və niyyətləri nə qədər cəlbedici və dəyərli olsa da, başlıca məsələ budur ki, onlar gərəkli, zəruri saydıqlarını gerçəkləşdirə biləcəklərmi? Prezidentliyə namizədlərin hər birinin bəyan etdiyi vəzifələri reallaşdırmaq yolları barədə anlayışı, bu vəzifələri həyata keçirmək imkanları varmı? Düşünürəm ki, seçicilər ölkənin gələcək rəhbərini seçərkən məhz bu mülahizələrə əsaslanacaqlar. Səslərin mütləq çoxluğunu toplayacaq şəksiz lider isə cənab İlham Əliyev olacaqdır.
Cənab Prezidentin proqramı onun dövlət başçısı vəzifəsində 20 illik fəaliyyətinə əsaslanır. Bu dövrdə o, ölkəmizin hərtərəfli inkişafına nail olmuş, Azərbaycanı dünya birliyinin heç kəsdən asılı olmayan, güclü, demokratik dövlətləri sırasına çıxarmışdır. Qarabağda tarixi Zəfərlə başa çatan müharibə və sonrakı hərbi əməliyyat ilə dövlətimizin ərazi bütövlüyü bərpa olunmuşdur. Bu müharibə sözün həqiqi mənasında Vətən müharibəsinə çevrilmiş, xalqımızı daha sıx birləşdirmiş, Vətənimizin, milli və mənəvi dəyərlərimizin qorunmasında qətiyyət və mətinliyimizi nümayiş etdirmişdir. Biz aydın başa düşmüşük ki, dünya birliyi tərəfindən tanınan qanuni hüququmuzu həyata keçirmək üçün dövlətin gücü, xalqın birliyi, müdrik ölkə rəhbərliyi lazımdır.
Ölkənin güclü iqtisadi potensialı yaradılmasa, ən müasir silah və hərbi texnika ilə təchiz edilmiş ordu qurulmasa, qoşunlarımızın yüksək səviyyəli komanda və şəxsi heyəti hazırlanmasa idi, bu qələbə mümkün olmazdı. Bütün bu işləri cənab İlham Əliyev 20 illik prezidentliyi dövründə həyata keçirmişdir.
Cənab İlham Əliyevin önəmli bir xüsusiyyəti də dünyada yeni yaranmaqda olan tendensiya və çağırışları öncədən görmək və ölkəni bunlara vaxtında hazırlamaq bacarığıdır. Karbohidrogen yanacağının bərpa olunan enerji mənbələri ilə əvəz edilməsi hazırda bəşəriyyətin əsas problemlərindən birinə çevrilmişdir. Azərbaycan Prezidenti hələ 2014-cü ildə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı bərpa olunan mənbələrdən enerji əldə edilməsi üçün lazımi texniki baza qurulmasının zəruriliyi məsələsini bir vəzifə kimi qarşıya qoymuşdur. Artıq günəş və külək elektrik stansiyaları işə salınmış, bu istiqamətdə proqram hazırlanmışdır və bir sıra layihələr həyata keçirilir. Nəzərdə tutulan planların reallaşdırılması ölkənin iqtisadi potensialını yüksəltməyə, sonralar isə neft və qaz hasilatı azaldıqca onların yerini yaşıl enerji ilə doldurmağa imkan verəcəkdir. Artıq Azərbaycan enerji resurslarının və yüklərin daşınmasında mühüm bir qovşağa çevrilmişdir.
Ölkəmizdə işğaldan azad edilmiş ərazilərin bərpası, Qarabağın iqtisadi potensialından səmərəli istifadə proqramları reallaşdırılır. Bütün bunlar, habelə respublikada həyata keçirilən iqtisadi və sosial proqramlar ölkəmizin maliyyə və iqtisadi imkanlarını müntəzəm artırmağa, xalqın rifah halını yaxşılaşdırmağa imkan yaradacaqdır.
Əminəm ki, Azərbaycan xalqı ölkəmizi bugünkü gerçəkliyə çatdırdığına görə cənab Prezidentə minnətdardır. Həm də buna görə minnətdardır ki, o, nəinki Heydər Əliyevin vəsiyyət etdiyi xalqın ləyaqətini və mənəvi dəyərlərini qoruyub saxlamış, həm də vətəndaşlarımızın şüurunda onları daha da zənginləşdirmişdir. Elə bu əhval-ruhiyyə ilə də mən 2024-cü ilin fevralında cənab İlham Əliyevə səs verəcəyəm.