Seçki-2024
Qaradağ rayon seçiciləri: “Cənab İlham Əliyevə səs verəcəyik”
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Qaradağ rayonunun Sahil qəsəbəsində seçicilərlə görüş keçirilib.
Görüşdə Sahil qəsəbəsi ilə yanaşı, Lökbatan, Qobustan, Səngəçal, Müşfiqabad, Ələt, Qızıldaş, Puta, Korgöz, Ümid və Çeyildağ qəsəbəsinin YAP üzvü olan seçiciləri və partiyanın fəalları iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Görüşdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisinin deputatları Səbinə Xasayeva, Aydın Hüseynov və başqaları çıxış edərək seçiciləri seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər xalqımıza uzun illər həsrətlə gözlədiyi Zəfər sevincini yaşadan, Azərbaycanın dövlət bayrağını Xankəndində ucaldan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.