YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Kəlbəcərlilər onlara Qələbə sevinci yaşatmış Liderə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Gəncə şəhərində kəlbəcərlilərin məskunlaşdığı Yeni qəsəbənin Mədəniyyət sarayında seçicilərlə görüş keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  Görüşdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Milli Məclisin deputatı Aqil Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Anar Əliyevin atası Vaqif Əliyev, təşviqat qrupunun üzvləri Vəsilə Cəfərova, Şikar Baxışov, Əli Bağırov və digərləri çıxış ediblər. Bildirilib ki, bu seçkilərdə Azərbaycan xalqı artıq dövlətinin ərazilərinin iyirmi faizi Ermənistanın işğalı altında qalmış xalq kimi iştirak etməyəcək. Dövlətinin ərazi bütövlüyü tam bərpa edilmiş qalib xalq olaraq seçkilərə gedəcək. Bu seçki Zəfər seçkisidir. Artıq bu gün dünya birliyi Azərbaycanı qalib ölkə kimi qəbul edir.

Budəfəki prezident seçkiləri otuzillik işğalına son qoyulmuş, azad günlərinə qovuşmuş, vandalların xarabalığa çevirdikləri yaşayış məskənlərində tikinti işləri aparılan, yeni yollar çəkilən, infrastrukturlar yaradılan Şuşada, Laçında, Xocalıda, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Kəlbəcərdə, Füzulidə, Xankəndidə və digər rayonlarımızda da keçiriləcək və həmin ərazilərə köçürülən əhali də növbədənkənar seçkilərdə doğma yurdlarında səs verəcəklər.

Vurğulanıb ki, qalib xalqımız- bütün kəlbəcərlilər, həmçinin Gəncə şəhərində yerləşən Yeni qəsəbənin seçiciləri 7 fevralda keçiriləcək prezident seçkilərində qalib xalqın qalib lideri Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Yeni qəsəbədə səhiyyə işçiləri ilə də görüş keçirilib.