Seçki-2024
Azərbaycan gəncliyi parlaq gələcəyə səs verəcək!
Kürdəmir rayonunda gənclərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Kürdəmir Olimpiya İdman Kompleksində gənclər, o cümlədən idmançılarla görüş keçirilib.
Görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, təşviqat qrupunun üzvləri Əlisahab Əliabbasov, Nicat Ağarəhimov və Eltac Qaçayev çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, hazırda Prezident İlham Əliyev Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasətini uğurla davam etdirir. Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. Artıq Azərbaycan beynəlxalq aləmdə sabit, demokratik ölkə imicini daha da möhkəmləndirib. Elə bunun bariz nümunəsidir ki, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə, konfranslara və idman yarışlarına ev sahibliyi edir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğının ildən-ilə artdığının bariz nümunəsidir. Uğurlu daxili siyasətin ən mühüm istiqamətlərindən biri cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır. Xüsusilə, gənclərimiz milli maraqlarımızın qorunması işində də prinsipial mövqe nümayiş etdirirlər. 44 günlük müharibə isə Azərbaycan gəncliyinin yenilməz ruhunu, qəhrəmanlığını və şücaətini bütün dünyaya nümayiş etdirdi. Məhz cənab İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclərin qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi. Vətən müharibəsində canından keçənlərin, şəhidlik zirvəsinə ucalanların əksəriyyəti gənclərimizidir. Bu, müstəqil Azərbaycan dövlətinin inkişafında gənclərimizin xidmətini təsdiqləyən növbəti nümunənin təzahürüdür.
Bildirilib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.