YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni əsrin yeni Lideri – xalqımızın qürur və iftixar mənbəyi

Yasamal rayonunda seçicilərlə görüş keçirilib

Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Yasamal rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, təşviqat qrupunun üzvləri Elnur Allahverdiyev, Rəna Mirzəzadə, şəhid atası Bağı Hüseynov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, bu gün Azərbaycan beynəlxalq arenada qüdrətli ordusu, güclü iqtisadiyyatı ilə önəmli mövqe tutan, müstəqil xarici siyasət yürüdən qalib ölkəyə çevrilib. Bu, ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. İlk dəfə 20 il əvvəl xalqımız müdrik seçim edərək dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevi Prezident seçib. Ötən dövr xalqın öz seçimində yanılmadığını təsdiqləyir. Yeni əsrin yeni lideri, xalqımızın qürur və iftixar mənbəyi İlham Əliyev bu dövrdə ölkəmizi həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli dövlətə çevirib.

Xüsusi olaraq qeyd olunmalıdır ki, bu, Azərbaycanda baş tutacaq ən qürurverici seçki kimi tarixə düşəcək. Çünki 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində düşmən tapdağında olan torpaqlarını işğaldan azad etdi. Ötən il sentyabrın 19-20-də isə uğurlu antiterror əməliyyatları ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Ən nəhayət ötən il oktyabrın 15-də əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və dövlət başçısının Xankəndi şəhərindən xalqa müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissi ilə qarşılandı. Nəticə etibarı ilə, Prezident İlham Əliyev müstəqilliyimizin simvolu, Azərbaycanın dünyadakı haqq səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantına çevrildi.

Diqqətə çatdırılıb ki, bu seçkilər müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.

Çıxış edənlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermək üçün çağırış ediblər.

Seçicilər fevralın 7-də cənab İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.