Seçki-2024
Tarixi Zəfərimiz ən böyük nailiyyətimizdir
Nizami rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Nizami rayonunda seçicilərlə görüş keçirilib.
Görüşdən öncə təşviqat qrupunun üzvləri rayon Şəhidlər Kompleksini və Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Görüşdə partiyanın namizədinin fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilib.
Daha sonra YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, təşviqat qrupunun üzvləri Edilman Məmmədov, Məhi Mehtiyev, Milli Qəhrəman Yuriy Kovalyovun qızı Regina Kovalyova, qazi Emin Eminov çıxış ediblər.
Çıxışlarda Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib. Bildirilib ki, son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə milli gücünün artmasını təmin edib. Cənab İlham Əliyev bütün vədlərini yerinə yetirərək hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Ən böyük nailiyyət və möhtəşəm Zəfər isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır.
Diqqətə çatdırılıb ki, bu seçkilər həm də onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.
Təşviqat qrupunun üzvləri dövlət başçısının rəhbərliyi ilə 2003-2023-cü illərdə ölkəmizin qazandığı möhtəşəm tarixi naliyyətlər haqqında ətraflı məlumat verərək vətəndaşları seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının namizədi, cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.
Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.