Xəbərlər
Mikayıl Cabbarov: Ali məktəblər bu günün çağırışlarına cavab olaraq öz təhsil sistemlərində keyfiyyətin yüksəldilməsi üçün yeniliklər tətbiq etməlidirlər
«Təhsil sisteminin maddi-texniki bazasının gücləndirilməsi qarşımızda duran ən mühüm vəzifələrdən biridir. Amma hər birimiz çox yaxşı başa düşürük ki, təhsilin keyfiyyəti yalnız maddi-texniki bazanın gücləndirilməsi ilə bitmir». Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarov bildirib ki, ali təhsilin keyfiyyətinin yüksəldilməsində yalnız maddi-texniki bazanın yenilənməsi kifayət deyil. Onun sözlərinə görə, qarşımızda duran vəzifə və çağırışlar daha genişdir.
«Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da həm təhsil verən, həm də təhsil alanlar qarşısında vəzifələr qoyulur. Ali məktəblərin resursları beynəlxalq səviyyəyə uyğunlaşdıraraq ən yüksək nəticələrə nail olunmalıdır. Əgər 30 il əvvəl hər 100 məzundan 15-20-si ali məktəbə qəbul olurdusa, bu gün artıq hər 100 məzunun 40-a yaxını tələbə olur. Bu kütləviləşmə də ali təhsil müəssisələrinə müəyyən dərəcədə təsir edir. Ali məktəblər də bu günün çağırışlarına cavab olaraq müasir tədris texnologiyalarından istifadə edərək öz təhsil sistemlərində keyfiyyətin yüksəldilməsi üçün yeniliklər tətbiq etməlidirlər»- deyə, nazir vurğulayıb.