YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Dünya İqtisadi Forumunda əhəmiyyətli rol oynayır

Hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu dövlət və hökümət başçılarının, dünyanın tanınmış şirkətlərinin rəhbərlərinin iştirakı ilə dünyada aktuallıq kəsb edən məsələlərin müzakirə edildiyi çox mühüm qlobal platformadır. Davos Forumunda çoxsaylı siyasətçilərin, iş adamlarının, qeyri-hökumət təşkilatlarının iştirakı ona olan yüksək beynəlxalq maraqdan xəbər verir.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib.

Mübariz Qurbanlının sözlərinə görə, Azərbaycan Respublikası da Davos İqtisadi Forumda yaxından iştirak edərək, onun işinə öz töhfələrini verir: “Azərbaycan Prezidenti kimi ilk dəfə Ümummilli Lider Heydər Əliyev bu Forumda iştirak etmək üçün 30 il əvvəl, 1995-ci ilin yanvar ayında Davosda işgüzar səfərdə olub. O zaman Azərbaycanın Forumda ilk dəfə iştirakı münasibətilə tədbir çərçivəsində respublikamıza həsr olunan görüş keçirilib. Həmin görüşdə Heydər Əliyev ölkəmiz haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Ulu Öndər Heydər Əliyev ‎Azərbaycanın karbohidrogen ehtiyatlarla zəngin olduğunu və bu ‎resurslardan dünyanın gələcək inkişafı naminə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında ‎istifadə etmək prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu bəyan edib”.

Mübariz Qurbanlı qeyd edib ki, Prezident İlham Əliyev də Davos Forumunda mütəmadi iştirak edir. Cənab İlham Əliyevin xarici dövlət və hökumət başçıları, o cümlədən tanınmış biznes və maliyyə mərkəzlərinin təmsilçiləri ilə görüşləri Azərbaycanın xarici siyasi və iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən xarici sərmayələrin ölkəmizə cəlb edilməsi baxımından mühüm aktuallıq kəsb edir. Bu görüşlərdə Azərbaycanın iqtisadi xarakterli maraqlarının təmin edilməsi istiqamətində müxtəlif şərtlər çərçivəsində sazişlərin, niyyət protokollarının imzalanmasının əsası qoyulur.

  Mübariz Qurbanlının sözlərinə görə, Davos Forumunda diqqəti çəkən mühüm məqam odur ki, Prezident İlham Əliyevlə görüş üçün nə qədər müraicətlərin olduğunu görməkdəyik. Yəni bu görüşlər əsasən qarşı tərəfin müraciəti əsasında baş tutur. Bu da ilk növbədə Prezident İlham Əliyevin qlobal miqyasda yüksək nüfuzundan xəbər verən mühüm amildir. Eyni zamanda bu onu göstərir ki, Azərbaycanın seçdiyi yol, iqtisadi gücünün artması onu daha çox cəlbedici dövlətə çevirib. Azərbaycan siyasi baxımdan, həm də investorlar üçün cəlbedicidir. Azərbaycan həm də regionun lideri və beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi ölkə kimi bir sıra beynəlxalq məsələlərin müzakirəsində söz sahibidir. Ona görə Prezident İlham Əliyevlə görüşə xüsusi maraq, Azərbaycana diqqət Davos forumlarında həmişə yüksəkdir. Təsadüfi deyil ki, 2013-cü ildə Davos Forumu çərçivəsində tədbirlərdən biri Bakıda keçirilmişdir. Bu da Azərbaycanın Davos platformasında yerinin və rolunun nə qədər güclü olduğunu nümayiş etdirir.

Bütövlükdə, Davos Forumu olduqca nüfuzlu və mötəbər müzakirə platformasıdır. Azərbaycan bu Forumda əhəmiyyətli rol oynayır, bu prosesdə iştirakı ilə onun daha böyük uğur qazanmasına töhfələr verir. Ən əsası, Azərbaycan ümummilli maraqlarının təmin edilməsi baxımından bu platformadan müvəffəqiyyətlə yararlanır.