Xəbərlər
İnteqrasiya və inkişaf yolunda yeni tərəfdaşlıq modeli

Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Bu gün Azərbaycan öz xarici siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Cənubi Qafqazın lider dövləti olaraq beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib. Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük önəm daşıyır. Bu mənada, Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Azərbaycan və Çin arasında diplomatik əlaqələrin qurulmasından 34 ilə yaxın vaxt keçir. Çin Xalq Respublikası tərəfindən Azərbaycanın müstəqilliyinin 1991-ci ilin dekabrında tanınması və 1992-ci ilin aprelində ikitərəfli diplomatik əlaqələrin qurulması ilə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub. 1992-ci ildə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, 1993-cü ildə isə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi fəaliyyətə başlayıb. Azərbaycanın müstəqilliyi illərində ikitərəfli münasibətlər yüksək dinamika ilə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Təbii ki, Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub.
Hazırda ölkələrimiz arasında qarşılıqlı səfərlər mütəmadi hal alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə 2025-ci il aprelin 22-dən 24-dək Çin Xalq Respublikasına dövlət səfəri edib. Aprelin 23-də iki ölkənin lideri hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalayıb. Eyni zamanda, dövlət liderləri iki ölkə arasında münasibətlərin strateji xarakter alması barədə bəyanatlar səsləndiriblər. Prezident İlham Əliyev və Sədr Si Cinpinin səsləndirdikləri bəyanatlar, görüşlərin uğurlu nəticələri əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib. Qeyd edək ki, daim dəyişən beynəlxalq vəziyyətə baxmayaraq, ölkələr arasındakı münasibətlər möhkəm və sabit olaraq qalır.
Azərbaycan-Çin əlaqələrinin tarixi qədim İpək Yolundan başlayır. Hələ 2500 il bundan öncə qədim İpək Yolu vasitəsilə iki ölkə arasında ticari və mədəni əlaqələr mövcud olub. Hazırda Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı hər iki dövlət başçısının ortaq siyasi iradəsi ilə bağlıdır. “Kəmər və yol” layihəsi əlaqələrin dərinləşməsində xüsusi əhəmiyyət kəsb edir. 2019-cu ildə Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan yeganə dövlət başçısı Prezident İlham Əliyev olub. Çin lideri Si Cinpinin qlobal təşəbbüsü olan “Kəmər və yol” strategiyası üzrə Azərbaycana yüksək dəyər verməsi ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit imkanları ilə yanaşı, həm də dövlətimizin başçısına olan yüksək etimadı ilə bağlıdır.
“Kəmər və yol” layihəsinin tərkib hissəsi hesab olunan Transxəzər Beynəlxalq Nəqliyyat dəhlizi (Orta Dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir. Orta dəhlizlə Çindən Avropaya 12 gün ərzində 10 min deyil, 7 min kilometr məsafə qət etməklə daşınmalar mümkündür. Avropa ölkələri ilə Çin arasında illik ticarət dövriyyəsi 700 milyard dolların üzərindədir. 2020-ci ildən etibarən Orta Dəhliz ilə ayda iki dəfə olmaqla Türkiyədən Çinə müntəzəm olaraq konteynerlərin daşınması həyata keçirilir və 2020-2024-cü illərdə daşınma həcmi 2.5 dəfə artıb.
Prezident İlham Əliyevin Çinə budəfəki dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək. Dövlətimizin başçısı səfər çərçivəsində Çinin Sinxua agentliyində dərc olunmuş müsahibəsində bu barədə qeyd edib: “Əminliklə deyə bilərəm ki, ÇXR-ə bütün əvvəlki səfərlər zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunurdu. İnanıram ki, qarşıdakı səfər də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək”.
Azərbaycan turizmin inkişafı və işgüzar fəaliyyətin artırılması məqsədilə Çin vətəndaşlarına münasibətdə vizasız rejimi birtərəfli qaydada tətbiq etdi. Bu cür təşəbbüslər, ölkələrimiz arasında iqtisadi, mədəni və sosial əlaqələrin dərinləşməsinə imkan verir.
Bu gün ölkəmizin beynəlxalq əməkdaşlıq sahəsində balanslaşdırılmış siyasəti və Çin kimi güclü dövlətlərlə qarşılıqlı ikitərəfli əlaqələrin sağlam qurulması, daha dəqiq desək, dünyanın istər siyasi, istərsə də iqtisadi cəhətdən ən nəhəg güclərindən biri olan Çinin ölkəmizlə qarşılıqlı əməkdaşlığa böyük önəm verməsi bizim çox böyük uğurumuzdur. Əlbəttə, bu uğurun arxasında Prezident İlham Əliyevin böyük əməyi, onun uğurlu diplomatiyasi, siyasi nüfuzu və etibarı dayanır. Tarixi İpək yolunun yeni nəfəs aldığı dövrdə bu əməkdaşlıq gələcək nəsillər üçün dayanıqlı tərəfdaşlıq və qarşılıqlı fayda prinsipinə əsaslanan uğurlu bir yol xəritəsidir.