Xəbərlər
“Biz Heydər Əliyev irsini öyrənirik”
 
            Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı tərəfindən Masallı Dövlət Regional Kollecinin ərazi partiya təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Konstitusiyası - 30” mövzusunda növbəti seminar keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş Vətənin qəhrəman övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Dövlət Regional Kollecinin direktoru Rövşən Qurbanov və digərləri bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisələrindən biridir və bu sənəd Ümummilli Liderimizin Azərbaycan dövlətçiliyi qarşısındakı əvəzsiz xidmətlərinin bariz nümunəsidir.
Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi hüquqi islahatlar yolu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin rəhbərliyi ilə ölkəmizdə qanunun aliliyinin təmin olunması, hüquqi dövlətin möhkəmləndirilməsi və vətəndaş hüquqlarının qorunması istiqamətində ardıcıl islahatlar həyata keçirilir.
Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın tarixi, milli və demokratik dəyərlərini özündə birləşdirən, gələcəyin inkişaf istiqamətini müəyyənləşdirən tarixi sənəddir.
 
       
       
       
      







