YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda “Zəfər tariximiz” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı, Samux Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Samux rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə məktəblilər arasında “Zəfər tariximiz” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib. Müsabiqə Vətən müharibəsində qazanılmış şanlı Qələbənin 5-ci ildönümünə həsr olunub.

Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, məktəblərin müəllim və şagird kollektivləri iştirak ediblər.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək “Konstitusiya və Suverenlik İli”nin və Vətən müharibəsində qazanılmış Qələbənin 5-ci ildönümünün əhəmiyyətindən danışıb. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycanın dövlətçilik ənənələrinin gücünü bir daha nümayiş etdirdi. Bu Qələbə xalqın birliyi, iradəsi və qəhrəmanlığı sayəsində qazanılmış böyük nailiyyətdir. G.Bayramov bildirib ki, gənclərə və şagirdlərə bu Zəfərin mənəvi dəyəri düzgün şəkildə aşılanmalı, onlarda vətənpərvərlik ruhu və dövlətçilik anlayışı möhkəmləndirilməlidir.

Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova çıxışında qeyd edib ki, Vətən müharibəsində qazanılan Zəfər təkcə torpaqlarımızın azadlığı deyil, həm də şəhidlərimizin ruhuna olan dərin ehtiramın və xalqımızın milli qürurunun təcəssümüdür. Onun sözlərinə görə, bu cür müsabiqələr gənc nəslin tarixi yaddaşının güclənməsinə, dövlətçilik və milli dəyərlərə hörmət hissinin formalaşmasına xidmət edir.

Qeyd edək ki, müsabiqədə Samux rayonunun 15 məktəbindən 30 şagird iştirak edib.

DİGƏR Xəbərlər Arxiv