Xəbərlər
Yasamal rayonunda idman yarışlarının bağlanış mərasimi keçirilib
 
            Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı şəhər Gənclər və İdman İdarəsi Yasamal rayon Gənclər və İdman sektoru və AMEA Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümü və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsis edilməsinin 80 illik yubileyi münasibətilə silsilə idman yarışlarının (minifutbol, şahmat və dama) bağlanış mərasimi keçirilib.
AMEA-nın minifutbol meydançasında keçirilən bağlanış mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Hüseyn Əfəndiyev, AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Musa Mirzəyev, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə sektor müdiri İlham Səfərov, AMEA Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov, eləcə də müxtəlif təşkilat və müəssisələrin nümayəndələri, media mənsubları və rayon ictimaiyyəti iştirak ediblər.
Tədbir çərçivəsində minifutbol idman növü üzrə final qarşılaşmaları keçirilib. Nəticələrə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının komandası birinci yerə, Bakı Dövlət Universitetinin komandası ikinci yerə, “Aztelekom” MMC komandası üçüncü yerə layiq görüblər.
Bağlanış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təqdimatında bədii hissə nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər ölkəmizdə idmanın inkişafı, sağlam həyat tərzinin təbliği və vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, bu yarışlar xalqımızın milli həmrəyliyinin, qürurunun və dövlətimizin idmana verdiyi xüsusi önəmin bariz göstəricisidir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi idman siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksəlib və Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdıb.
Çıxışlarda vurğulanıb ki, bu yarışların məqsədi sağlam həyat tərzini təşviq etməklə yanaşı, dövlətə, elmə və Vətənə bağlılıq hisslərini möhkəmləndirməkdir.
AMEA-nın 80 illik yubileyinə həsr olunan bu idman yarışları elm, mədəniyyət və fiziki kamilliyin vəhdətini nümayiş etdirərək milli dəyərlərin və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edib. Komandalar səmimiyyət, dostluq və rəqabət ruhunda çıxış edərək həmrəyliyi və vətənpərvərlik hissini nümayiş etdiriblər.
Bağlanış mərasimində minifutbol, dama və şahmat növləri üzrə qaliblər elan edilərək diplom, kubok və medallarla mükafatlandırılıblar.
 
       
       
       
      







































