YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirvanda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş idman turniri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatı 8 Noyabr - Zəfər Gününə həsr olunmuş futbol turniri keçirib.

Şirvan Olimpiya İdman Kompleksində baş tutan yarışda şəhərin müxtəlif ümumtəhsil məktəblərini təmsil edən 8 komanda iştirak edib. Oyunlar gərgin mübarizə şəraitində, eyni zamanda dostluq və sağlam rəqabət ruhunda keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Turnirdə giriş sözü ilə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov qeyd edib ki, 8 Noyabr - Zəfər Günü xalqımızın qəhrəmanlıq salnaməsində əbədi yazılmış şanlı bir tarixdir. O vurğulayıb ki, bu Zəfər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin, eləcə də xalqımızın birliyi və ordumuzun rəşadətinin nəticəsidir. Zahir Qəhrəmanov, həmçinin ölkə rəhbərliyinin idmanın inkişafına, gənclərin sağlam həyat tərzinə və fiziki tərbiyəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Diqqətə çatdırılıb ki, bu kimi tədbirlər gənclərin vətənpərvərlik ruhunda böyüməsinə, həmçinin sağlam həyat tərzinin təbliğinə mühüm töhfə verir.

Uşaq Gənclər Şahmat İdman Məktəbi ərazi partiya təşkilatının sədri Ramil Tağıyev çıxışında vurğulayıb ki, idman yarışları gənclərin həm fiziki, həm də mənəvi inkişafında mühüm rol oynayır. O qeyd edib ki, Azərbaycan gəncləri qalib xalqın nümayəndələri olaraq dövlətə sədaqətlə xidmət edir.

Turnirin final mərhələsində iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı İlqar Abbasov 8 Noyabr - Zəfər Günü münasibətilə bütün iştirakçıları təbrik edib. ŞİH başçısı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbə Azərbaycanın müstəqillik və suverenlik tarixində dönüş nöqtəsidir. O, həmçinin ölkə rəhbərliyinin idman sahəsinə göstərdiyi diqqət və qayğının gənclərin inkişafında mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, dövlətin mühüm məqsədlərindən biri sağlam, bilikli və Vətənə bağlı gənclərin formalaşdırılmasıdır. Bu kimi tədbirlər də məhz həmin amala xidmət edir.

Turnirdə şəhid ataları Alim Zülfüqarlı və Rəhim Hüseynov gənclərə vətənpərvərlik, birlik və həmrəylik, həmçinin təhsilə önəm verməyi məsləhət görüblər. Onlar vurğulayıblar ki, bu cür tədbirlər şəhid ailələrinə mənəvi dəstək olmaqla yanaşı, gənclərin Vətən sevgisini daha da gücləndirir və Azərbaycan Bayrağını gələcəkdə yüksəklərdə dalğalandıracaq yeni nəslin formalaşmasına təkan verir.

Turnirin sonunda 1-ci, 2-ci və 3-cü yerləri tutan komandalar YAP Şirvan şəhər təşkilatı tərəfindən kubok, medal və diplomlarla təltif olunublar.

Sonda iştirakçılar xatirə şəkli çəkdirib və turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə yekunlaşıb.