Xəbərlər
“Zəfər Kuboku” uğrunda intellektual yarış keçirilib
 
            Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon rəşkilatı və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər Kuboku” uğrunda “Nə? Harada? Nə Zaman?” intellektual yarışı keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı uğrunda şəhid olmuş Vətənin qəhrəman övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov və Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən etibarən başladığı Vətən müharibəsində tarixi Qələbə qazanaraq işğal altında olan torpaqlarımızı azad edib.
44 gün davam edən müharibə nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları və 8 noyabr tarixində Qarabağın tacı sayılan Şuşa şəhəri azad edilib. Prezident İlham Əliyevin döyüş meydanındakı sərkərdəlik qabiliyyəti və siyasi iradəsi nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olub.
Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə xalqımızın qəhrəmanlığının və milli qürurunun təntənəsinə çevrilmiş bu tarixi Qələbənin əbədiləşdirilməsi məqsədilə 8 Noyabr – Zəfər Günü elan edilib. Bu gün Azərbaycan xalqının tarixində ən qürurlu və şərəfli günlərdən biridir.
Çıxışlardan sonra “Nə? Harada? Nə Zaman?” intellektual yarışı gərgin və maraqlı mübarizə şəraitində davam edib. Xocavənd Mərkəzi Xəstəxanasının komandası birinci, İcra nümayəndəliyinin komandası ikinci, Tuğ kənd 1 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.
Qalib komandalar diplomlarla, I yerin sahibi isə “Zəfər Kuboku” ilə mükafatlandırılıb.
 
       
       
       
      











