Xəbərlər
YAP Sabirabad rayon təşkilatında partiyanın gənc fəalları ilə görüş keçirilib
 
            Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatında partiyanın gənc fəalları ilə görüş keçirilib.
Görüşün əsas məqsədi gənclərin partiya fəaliyyətində daha yaxından iştirakının təşviqi, onların ictimai-siyasi proseslərdə fəallığının artırılması və qarşıdakı dövrdə həyata keçiriləcək layihələr barədə fikir mübadiləsinin aparılmasıdır.
Tədbiri giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin hərtərəfli inkişafına, onların dövlət quruculuğu prosesində fəal iştirakına geniş imkanlar yaradır.
Varis Rüstəmov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası daim gənclərin ideya-siyasi baxımdan inkişafına, onların partiyanın müxtəlif səviyyələrində təmsil olunmasına və təşəbbüskar fəaliyyətinə xüsusi önəm verir. Gənc partiya fəalları ölkə rəhbərinin həyata keçirdiyi islahatların və dövlət siyasətinin mahiyyətini cəmiyyətə çatdırmaqda, milli həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynayırlar.
Görüş zamanı çıxış edən gənclər partiya sıralarında təmsil olunmaqdan qürur duyduqlarını bildiriblər. Onlar dövlətin və partiyanın etimadını doğrultmaq, ölkənin inkişafına töhfə vermək üçün daim fəal olacaqlarını qeyd ediblər.
Daha sonra qarşıdakı dövrdə gənclərin iştirakı ilə həyata keçiriləcək birgə təşəbbüslər, sosial layihələr və maarifləndirici tədbirlər barədə müzakirələr aparılıb.
Görüşün sonunda YAP Sabirabad rayon təşkilatının bir qrup fəal üzvünə təşəkkürnamələr təqdim olunub.
 
       
       
       
      












