YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yenidən vaxt qazanmaq cəhdləri...

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü

2020-ci ilin noyabrında kapitulyasiya aktına imza atan Ermənistanın rəhbərliyi artıq iki ildən çoxdur ki, sülh müqaviləsi bağlamamaq üçün hər cür vasitələrə əl atmaqdadır. Üçtərəfli bəyanatın müvafiq bəndlərinin yerinə yetirilməsi və beynəlxalq səviyyədə tanınacaq sənədin imzalanmasının vacibliyinə əsaslanaraq, bu müddət ərzində Azərbaycan tərəfi dəfələrlə sülh müqaviləsi ilə bağlı öz təkliflərini Ermənistan rəhbərliyinə çatdırıb. Lakin çox təəsüf ki, rəsmi İrəvan hər dəfə bir bəhanə ilə ümumi razılığa gəlmək şanslarını heçə endirir.

Növbəti belə cəhd iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına heç bir dəxli olmayan Azərbaycan ekofəallarının öz ərazimizdə aksiya keçirilməsini ortaya ataraq, beynəlxalq səviyyədə ölkəmizə qarşı qarayaxma kampaniyasının aparılması oldu. Hazırda müxtəlif intensivliklə davam etdirilən bu kampaniya həm regionda vəziyyətin gərginləşməsinə səbəb olur, həm də tərəflər arasında etimad mühitinə mənfi təsir göstərir. Bir qədər ciddi müşahidə aparılanda Paşinyan hökumətinin nümayəndələrinin həm xarici səfərlərdə, həm də Ermənistana gələn başqa dövlətlərin və beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşlərdə həqiqətləri təhrif etmək yolu ilə ölkəmizə qarşı informasiya “hücum”ları təşkil etdiyini görə bilərik.

Rəsmi İrəvanın ikiüzlü siyasəti təkcə ölkəmizlə münasibətlərin normallaşması, regional kommunikasiya xətlərinin açılması ilə bağlı deyil. Belə ki, baş nazir Paşinyan bir tərəfdən Rusiya və Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mövqeyindən narazılıq etsə də, digər tərəfdən rəsmi Moskva ilə strateji müttəfiqlər olduğunu dilə gətirir. Eyni zamanda Avropa ölkələrinə səfərlərdə özünü qərbyönümlü siyasətçi kimi göstərən Paşinyan ölkənin bu istiqamətdə fəaliyyətinin inkişaf etdirilməsi üçün böyük işlər gördüyünü qabardır. Bu riyakar siyasət təbii olaraq Rusiya hakimiyyətinin narazılığına səbəb olur. Xüsusilə də Ermənistanın birtərəfli qaydada Avropa İttifaqının müşahidə missiyasının Ermənistanla Azərbaycan arasındakı şərti sərhəd zonasında müşahidə aparmasına imkan yaradılması Moskvada ciddi etirazla müşayiət olunur.

Bütün bunların fonunda Ermənistan rəhbərliyi regionda vəziyyətin daha da gərginləşməsi üçün müxtəlif təxribatlara da əl atır. Son günlər Ermənistanla Azərbaycan arasında şərti sərhəddə atəşkəsin tez-tez pozulması, habelə Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərimizdən ordumuzun bölmələrinə qarşı hücumların olması buna misaldır. Ermənistandan həmin ərazilərdəki erməni silahlı qüvvələrinin bölmələrinə və qeyri-qanuni erməni dəstələrinə alternativ yollarla silah daşınmasının qarşısının alınması zamanı ordumuzun şəhid verməsi Azərbaycan tərəfinin vəziyyəti nəzarətə almaq üçün daha təsirli tədbirlər görməsini zəruri edir.

Məlum insidentdən sonra Azərbaycan tərəfinin həm hərbi, həm də diplomatik səviyyələrdən verdiyi açıqlamalarda vurğulandığı kimi, Qarabağ iqtisadi regionunda yaşayan ermənilərə Ermənistandan gətirilən yüklərə nəzarət etmək üçün Laçın dəhlizinin giriş nöqtəsində dövlətimizin müvafiq qurumlarının xüsusi sərhəd-nəzarət məntəqələrinin yaradılmasına ehtiyac var. Çünki müşahidə vasitələrimizdən əldə edilən məlumatlar sübut edir ki, Xankəndi-Laçın yolundan tam keçməyərək, digər yollarla Ermənistandan ərazilərimizə həm canlı qüvvə, həm də silah-sursatın daşınması davam edir. Üstəlik, Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərimizdə erməni silahlı qüvvələri döyüş postları yaradır, həmin postların təchizatı isə sülhməramlıların müşayiəti ilə hərəkət edən hərbi kolonlar vasitəsilə həyata keçirilir. Buna görə də Azərbaycan tərəfi haqlı olaraq tələb edir ki, regionda sülhə mane olan bu proses dərhal dayandırılmalıdır.                  

Baş verənlər bir daha sübut edir ki, Ermənistan tərəfi 2020-ci ilin noyabrında imzalanan Üçtərəfli bəyanatın bəzi müddəalarını yerinə yetirməkdən boyun qaçırır. Onlardan biri Ermənistan silahlı qüvvələrinə məxsus bölmələri, eyni zamanda qeyri-qanuni erməni silahlı dəstələri Qarabağdan tam şəkildə çıxarılmasıdır ki, 2 ildir bu proses sona çatmayıb. Əksinə görünən odur ki, 8 noyabr 2020-ci ildə tam məğlubiyyətə uğramış işğalçı qüvvələr o qədər azğınlaşıblar ki, Azərbaycan Ordusuna müqavimət göstərir, separatçı rejimin təmsilçiləri hərbi ritorika ilə müşayiət olunan açıqlamalar verməkdən də çəkinmirlər.

Bütün bunlar onu göstərir ki, ötən 30 il ərzində münaqişə bölgəsində davam edən “nə hərb, nə sülh” vəziyyəti işğalçı Ermənistanı qane etdiyi kimi, 44 günlük müharibədən sonra iki ölkə arasında yekun razılaşmanın əldə olunmaması da rəsmi İrəvana sərf edir. Bu müddətdən istifadə edən Ermənistan ərzilərimizdə olan silahlı tör-töküntülərinə kifayət qədər dəstək göstərir, onlar da öz növbəsində təxribatlar törədərək, sabitliyə əngəl törədirlər. Azərbaycanın tələbi konkretdir: Ermənistan silahlı qüvvələrinin bölmələri və qeyri-qanuni erməni silahlı dəstələri dərhal və tamamilə ərazilərimizdən çıxarılmalıdır. Çünki əks halda davam edən təxribatlarla Ermənistanın yenidən vaxt qazanmaq cəhdləri sülh müqaviləsinin imzalanmasına mane olur.