YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Ermənistan Brüssel görüşlərinin ardınca Praqa xəbərdarlığını aldı

“Oktyabrın 6-da  dünyanın diqqəti Çex Respublikasına yönəlmişdi.    Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdə olan dövlət başçısı İlham Əliyevin Sammit çərçivəsində keçirdiyi görüşlər, «Avropa qitəsində sülh və təhlükəsizlik» mövzusunda dəyirmi masada çıxışı, eyni zamanda, Azərbaycan televiziya kanallarına müsahibəsində  Azərbaycanın hazırkı dövrdə  beynəlxalq münasibətlər sistemində artan mövqeyini, Ermənistana ciddi mesajlarını və sair kimi çağırışları  özündə əks etdirən  bəyanatları  ölkə və dünya mətbuatında geniş müzakirə olunur.  Onu da qeyd edək ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak edirdilər. İlk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir. Dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının və Çex Respubilkasının  dəvəti  ilə Zirvə Toplantısında iştirakı, eyni zamanda, yeni siyasi platformanın fəaliyyətə başlamasını postmünaqişə dövrünün reallıqlarının təqdimatı kimi dəyərləndirə bilərik. Bu baxımdan ki, Azərbaycanın ədaləti və beynəlxalq hüququ xarici siyasətinin prioritet istiqaməti kimi qəbul edərək hər bir məsələnin  həllində bu yanaşmanı ortaya qoyan və bununla bağlı digər dövlətlərə də çağırış edən qalib ölkə olaraq  yeni reallıqların müzakirəsində iştirakı mütləqdir. Bu, dövlət başçısı  İlham Əliyevin  qətiyyətinin, Azərbaycanı daim  irəli aparmaqla yanaşı, heç bir xarici  qüvvənin ölkəmizin  siyasi iradəsinə təsir etmək gücündə olmadığını, bizimlə ultimatum dili ilə danışmaq imkanının yoxluğunu ən yüksək tribunalardan bəyan edən Liderdir. Dünya Azərbaycanın dövlət başçısı İlham Əliyevin  44 günlük İkinci Qarabağ müharibəsində qətiyyətli mövqeyinin şahidi olub. Mövqeyindən bir addım belə mövqeyindən geri çəkilməyən Müzəffər Ali Baş Komandan  müharibənin dayandırılması ilə bağlı nə qədər təzyiqlər göstərilsə də sonadək gedəcəyini, eyni zamanda, hansı halda müharibənin dayandırılmasının mümkünlüyünü diqqətə çatdırdı. Azərbaycan bu gün də dövlət başçısının qətiyyətli mövqeyinin sayəsində dünya birliyinin fəal üzvü olaraq  cərəyan edən proseslərə təsir imkanlarını ortaya qoyur,  bəzi dünya güclərinin Ermənistana dəstəkdən irəli gələn təkliflərini təmkinlə, diplomatik şəkildə  cavablandırır və bununla bir daha  Azərbaycanın siyasətində müstəqil  olduğunu nümayiş etdirir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. 

Vüqar Rəhimzadə diqqəti Prezident İlham Əliyevin Fransa  Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan dördtərəfli  görüşünə yönəldib: “Azərbaycanın növbəti diplomatik qələbəsi olan bu görüşdə Fransa Prezidentinin iştirakı özündə bütün məqamları açıq-aydın şəkildə ehtiva edir. Postmünaqişə dövrünün reallıqlarına nəzər salsaq görərik ki, bugünümüzün əsas müzakirə mövzusu  regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasıdır.  Bu gün Fransanın tərəf kimi   Azərbaycanın təklif etdiyi sülh gündəliyinin  həyata keçirilməsi üçün aparılan danışıqlarda iştirakı təəccüb doğurmaya bilməz. Bu, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin uğurlu siyasətinin, qətiyyətinin nəticəsidir. Dünya gücləri  tarixi Zəfərimizin reallıqlarını qəbul edir və fəaliyyətlərini bu istiqamətdə qurmaq istəklərini nümayiş etdirirlər. Fransa Prezidentinin  belə  səpkili görüşlərdə iştirakı ona görə maraq və təəccüb doğurur ki, bu dövlət  BMT Təhlükəsizlik Şurasının daimi üzvü, eyni zamanda, keçmiş Qarabağ münaqişəsinin  həllində vasitəçilik  missiyasını yerinə yetirmək məqsədilə yaradılan və artıq tarixin arxivinə göndərilən ATƏT-in Minsk qrupunun həmsədridir.  30 illik işğal dövründə Ermənistanın başına sığal çəkib yeni ərazilər uğrunda müharibə planları hazırlamasına  şərait yaradan   Fransa kimi dünyanın  söz sahibi olan  bəzi gücləri bu gün  postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsinə dəstək göstərməkdə maraqlı olduqlarını  bildirirlər. Təəccüblü yanaşma deyilmi? Eyni zamanda, nəzərə alaq ki,  tarixin arxivində olan Minsk qrupunun fəaliyyətinin canlandırılmasında maraqlı olan bəzi dairələr var.”

YAP Xətai rayon təşkilatının sədri bu təhlil əsasında  bildirib ki,   Fransanın ənənəvi ermənipərəst siyasətini nəzərə alsaq, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını güman etmək olardı: “Paşinyan Fransanın da iştirak etdiyi görüşdə özünü  qətiyyətli hiss edir, Fransa tərəfi də açıq şəkildə Ermənistanı dəstəklədiyini gizlətmir. Ermənistan və Fransa sərhəddə baş vermiş təxribatlara görə Azərbaycana təzyiq göstərəcəklərini düşünə bilərdilər. Amma Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi. 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı qətiyyətlə alındı.”

Vüqar Rəhimzadə  onu da əlavə edib ki,  Azərbaycan Brüssel gündəliyini dəstəkləyir, Avropa İttifaqının neytral  vasitəçiliyini  təqdir edir: “Bu gün bəzi dünya güclərinin  regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına dəstəklərini ifadə etmələri  əslində Avropa İttifaqının təşəbbüskarlığını  qısqanclıqla qarşılamalarından irəli gəlir. Fransa özünü bu prosesdə görmək istəyəndə öncə 30 illik işğal dövrünü xatırlasa daha yaxşı olar. Bu baxımdan ki, 30 il Ermənistana  “gözün üstündə qaşın var” deməkdə maraqlı  olmayan, özünün də iştirakı ilə hazırlanan və qəbul olunan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına səy göstərməyən Fransa bu gün danışıqlar prosesində iştirak edib daim başına sığal çəkdiyi Ermənistana  qısa müddətdə təzyiq göstərmək xəyallarını gerçəklik kimi qəbul etdirəcəyini düşünürsə, zənnimcə, böyük səhv olar. Çünki biz 30 illik işğal dövründə yaşadıqlarımızı unutmadıq. Kiçik dövlətlərə “ədalət, beynəlxalq hüquq” dərslərini keçən Fransa kimi güclər özləri bu prinsiplərə əməl etsələr daha yaxşı olar. Dövlət başçısı İlham Əliyev Zirvə Toplantısı çərçivəsində “Avropada sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada  bir daha dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinin rolunu qeyd etdi, xüsusilə ərazi bütövlüyü prinsipinə diqqət çəkdi. Bu prinsipə münasibətdə eyni yanaşmanın və dövlətlərarası münasibətlərdə bu prinsipin üstünlük təşkil etməsinin vacibliyini vurğuladı. Həmçinin bu prinsipə münasibətdə selektiv yanaşmaların kənara qoyulmasının önəmini diqqətə çatdırdı.”

YAP Xətai rayon təşkilatının sədri dördtərəfli formatda keçirilən görüşün  yekununda  qəbul edilən Bəyanatda əksini tapan müddəalardan da bəhs edib: “Azərbaycan və Ermənistan bir- birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıdı,  BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Faktiki olaraq bu, o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Sənəddə diqqət çəkən məqamlardan biri də budur ki,  Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə, müstəqil siyasətinə  dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, sərhəd monitorinq missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək. Ermənistan sərhəd missiyasına razılıq verməklə  müstəqil dövlət olmadığını bir daha təsdiqlədi. İlk gündən müstəqilliyi formal xarakter daşıyan Ermənistan bugünədək bəzi dünya güclərinin maraqlarının ifadəsində oyuncağa çevrilib. Ermənistanın sərhəd monitorinq missiyasına razılıq verməsi  digər tərəfdən  Rusiyaya qarşı yeni  və ciddi addımdır.”

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, Ermənistan Praqada növbəti dərsini aldı: “Himayədarının danışıqlar prosesində yanında olması artıq nəyisə dəyişmək imkanında deyil. 30 il danışıqlar prosesinə imitasiya naminə qatılan Ermənistana bu addımı atmaqda dəstək verən bəzi güclər artıq postmünaqişə dövrünün reallıqları fonunda bunu etmək imkanında deyillər. Azərbaycan sülh müqaviləsini təklif etdiyi andan onun uzun müddət masa üzərində qalmayacağını bəyan edib.  Brüssel və Praqa dərsləri Ermənistana düzgün nəticə çıxarmaq üçün çağırışdır.”