Xəbərlər
1990-cı ilin yanvarında Naxçıvanda qəbul edilən qərar təkcə SSRİ-də deyil, beynəlxalq səviyyədə ciddi rezonansa səbəb oldu
XX əsrin 80-ci illərinin sonunda SSRİ rəhbərliyi azadlıq və istiqlaliyyət məfkurəsi uğrunda mübarizə aparan Azərbaycan xalqını hədəf seçmişdi və müxtəlif ssenarilər tətbiq etməyə çalışırdı. Xüsusilə də erməni təcavüzünə zəmin və şərait yaradılması, bu istiqamətdə hadisə və proseslərin məqsədli şəkildə idarə olunması xalqımızın ciddi təhdidlərlə üzləşməsinə səbəb olmuşdu. 1990-cı ildə Bakıda 20 Yanvar faciəsini törətməyə hazırlaşan sovet imperiyası repressiv siyasətini digər bölgələrdə, o cümlədən Naxçıvanda da davam etdirmək niyyətində idi. Çünki SSRİ rəhbərliyinin dəstəyi əsasında separatizm hərəkatını genişləndirən erməni silahlı birləşmələri Naxçıvanın da ayrı-ayrı yaşayış məntəqələrinə ardıcıl hücumlar etməyə başlamışdı. Yanvarın 18-də İttifaqın Daxili Qoşunlarının iştirakı ilə Kərkinin işğal olunması bu siyasətin tərkib hissəsi idi. Məqsəd bəlli idi - Naxçıvan əhalisini bölgədən tamamilə çıxarmaq və işğal üçün real zəmin formalaşdırmaq. Sədərək istiqamətində sistemli hücumların təşkili bunu təsdiq edirdi. Açıq hücumların baş verdiyi və toqquşmaların müşahidə olunduğu belə bir mürəkkəb vəziyyətdə - 1990-cı il yanvarın 19-da Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası çağırıldı və tarixi qərar qəbul edildi.
Bu fikirləri YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli deyib.
Həmin qərarın SSRİ-nin tərkibindən ayrılmaq haqqında olduğunu diqqətə çatdıran N.Qələndərli bildirib: “Bununla da Naxçıvan MSSR Sovet Sosialist Respublikaları İttifaqından ilk çıxan respublika oldu. Bəs qərar hansı sənədə istinadla və hansı səbəblər göstərilərək verilmişdi? Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən ayrılması haqqında qərar muxtariyyətin Konstitusiyasının 81-ci maddəsi əsasında verilmişdi. Səbəblər isə belə göstərilmişdi: SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünü müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtlərini pozması. Bu qərar təkcə SSRİ miqyasında deyil, beynəlxalq səviyyədə ciddi rezonansa səbəb oldu. Həmin dövrdə bu barədə dünya mətbuatında yayılan materiallar SSRİ-nin imperiya siyasətini ifşa etməklə yanaşı, beynəlxalq ictimaiyyətin erməni separatizmi haqqında məlumatlarla daha geniş tanış olmasına imkan verdi”.
N.Qələndərli vurğulayıb ki, 1990-cı ilin sonunda isə Naxçıvanda dövlətçilik tariximizdə müstəsna yerə və əhəmiyyətə malik olan çox önəmli qərarlar qəbul edildi: “Söhbət Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında qəbul olunmuş qərarlardan gedir. “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası”nın adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılaraq “Naxçıvan Muxtar Respublikası”, muxtar respublikanın Ali Sovetinin “Ali Məclis” adlandırılması, ilk dəfə üçrəngli Bayrağımızın Azərbaycanın Dövlət Bayrağı kimi təsdiq edilməsi milli dövlətçilik ənənələrinin bərpası baxımından xüsusi önəm daşıyırdı və tarixi addımlar idi. Zaman bu tarixi addımların önəmini daha dəqiq, daha dolğun əks etdirdi”.