Xəbərlər
Xarici siyasət strategiyası
Rövşən Əhmədov
Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri
Xarici siyasət hər bir dövlətin, o cümlədən müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycanın siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini, siyasi-iqtisadi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını və inkişafını, regional və qlobal problemlərin birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur. Hazırda dövlətimiz dünyanın bir sıra mötəbər beynəlxalq təşkilatlarının tamhüquqlu üzvüdür. İndiyədək Azərbaycan dünyanın 177 dövləti ilə diplomatik əlaqələr qurub, ölkəmizdə xarici dövlətlərin 80-dən çox səfirlik və konsulluğu fəaliyyət göstərir.
Azərbaycanın bu günkü xarici siyasətinin bütün istiqamətləri hamıya məlumdur. Heç kəsə sirr deyil ki, dövlətimizin müəyyənləşdirdiyi siyasi kursun əsas tərkib hissələrindən olan xarici siyasətdə Prezident İlham Əliyev konkret mövqe nümayiş etdirir. Bu siyasi kursun uğurlu nümunəsi olaraq Azərbaycan-İtalya münasibətlərini vurğulamaq yerinə düşər. Məhz cənab İlham Əliyevin sentyabrın 4-də İtalyaya işgüzar səfəri iki ölkə arasındakı əlaqələrin davamlı inkişaf etdirilməsinin növbəti təzahürüdür.
Dövlətimizin başçısı “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda çıxışı zamanı olduqca önəmli məqamlara toxunub. Qeyd edildiyi kimi, İtaliya ölkəmizin vacib tərəfdaşlarından biridir. Xüsusilə də son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində kəskin artımlar müşahidə edilməkdədir. Təsadüfi deyil ki, ölkəmizin Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi məhz İtaliyanın payına düşür.
Azərbaycan-İtaliya əməkdaşlığının inkişafına təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu vaxtadək müstəqil Azərbaycanla İtaliya arasında müxtəlif sahələrə uyğun sənədlər imzalanıb. Bu isə əlaqələrin yüksələn xətlə inkişafına geniş zəmin yaradır.
İki ölkə əlaqələri möhkəm təməllər üzərində qurulub. Hər iki dövlətin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərməsi bir daha onu göstərir ki, münasibətlərin inkişaf etdirilməsi üzrə tərəflərdə ciddi siyasi iradə var. Son səfər zamanı keçirilən görüşlərdə dostluq qrupları arasında əlaqələrin canlandırılması, daha sıx təmasların qurulması üçün görüşlərin və qarşılıqlı səfərlərin intensivliyinin artırılması və deputatlar arasında şəxsi ünsiyyətin vacibliyi xüsusi vurğulanıb.