YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Artıq Böyük Qayıdış proqramı başlayıb

Azər Süleymanov

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Bu gün işğaldan azad olunan ərazilərimizə dünyanın müxtəlif qitələrindən olan insanların ziyarət etməsi nəticəsində, müxtəlif məzmunlu tədbirlərin təşkili bu məkanlara səfər edənlər də erməni faşist ideologiyası, vandallığı, terrorçu siyasəti ilə bağlı olan həqiqətləri öz gözləri ilə görürlər. 30 ilə yaxın bir müddətdə ermənilərin işğalda saxladığı ərazilərimizdə şumlama əməliyyatının həyata keçirildiyinin şahidi olurlar. Bu günlərdə - oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda dünyanın 44 ölkəsində 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın iştirakı böyük əhəmiyyət daşıyır. Əlbəttə ki, ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır. Azərbaycan Prezidenti İlham Əliyevin Forumda çıxışı zamanı vurğuladığı kimi, "Mən çox şadam ki, biz Azərbaycan Milli Şəhərsalma Forumunu burada - Ağdam şəhərinin bir zamanlar yerləşdiyi məkanda təşkil edirik. İndi görə bilərsiniz ki, bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb. O, dağıdılıb, işğal dövründə dağıdılıb". Ermənilərin mənfur siyasətinin nəticəsində işğalda 30 ilə yaxın qalmış Şuşa, Laçın və digər ərazilərimiz erməni vandallarının qurbanına çevrilib, dağıdılıbdır. Dövlət başçısı çıxışı zamanı ruhlar şəhərinə çevrilən Ağdamın real mənzərəsini diqqətə çatdırıb: "Ağdam şəhəri işğal illəri ərzində dağıdılıb və burada olan daşlar oğurlanaraq satılıb. Ermənilər yalnız şəhərdəki Cümə məscidini tam dağıtmayıblar, çünki ondan müşahidə məntəqəsi kimi istifadə ediblər". Dövlətimizin başçısı qeyd edib ki, ermənilər işğaldan azad olunmuş ərazilərdə məscidləri dağıdıblar: "Yalnız Şuşa, Laçın və Kəlbəcərin bir hissəsində dağıntılar törədilməyib. Bunun səbəbi Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq köçürmə siyasəti aparması və bu ərazilərə erməniləri qeyri-qanuni köçürməsi olub". Dağıdılmış, müxtəlif məqsədlər üçün istifadə olunaraq xalqımızın milli-mənəvi dəyərləri təhqir edilmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır. Cənab Prezident qeyd edib ki, dağıdılan məscidlərdən ikisi Ağdamdadır. Şuşadakı bir məscid isə qismən dağıntılara məruz qalıb.

30 ilə yaxın işğal altında olan ərazilərimizdə olan Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri və s. erməni vandallığı ilə üz-üzə qalmışdır. Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri dağıntılara məruz qalmış, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan dəymişdi. Əlbəttə ki, Ermənistanın mədəniyyət obyektlərinə, dini-mədəni irsimizə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasının, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya"nın müddəalarına ziddir. 30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. Artıq keçmiş məcburi köçkünə dönmüş soydaşlarımızın üzərindən bu status götürüldü. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistan öz işğalçı siyasətini davam etdirsə də Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. 30 ilə yaxın işğalçılıq siyasətini həyata keçirən Ermənistana Azərbaycan sülh təklif edir. Forumda çıxışı zamanı sülh sazişinin beynəlxalq hüququn beş prinsipinə əsaslanmalı olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, bu prinsiplərə ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıması, gələcəkdə hər hansı ərazi iddialarından uzaq durması, güc tətbiqindən çəkinməsi, sərhədlərinin delimitasiyası və kommunikasiyaların açılması daxildir. Artıq Azərbaycanın Zəfər tarixindən iki il ötür. İşğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. "Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması" – deyə dövlət başçısı bildirib: "Əminəm ki, bu insanlar buna layiqdirlər. Onlar uzun illər boyu çətin şəraitdə yaşayıblar. Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni ev və mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə minnətdarlıqlarını bildirirdilər və hər dəfə qeyd edirdilər ki, bizi öz torpaqlarımıza qaytarın. Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunu reallaşdıra bildik və artıq Böyük Qayıdış proqramı başlayıb".

Dövlət başçısının bildirdiyi kimi, təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq: "Bu, bizim gördüyümüz işlərin yalnız bir hissəsidir. Biz bütün azad olunmuş ərazilərdə elektrik təchizatını tamamilə bərpa etmişik və ümidvaram ki, tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlayacağıq" – deyə, Prezident diqqətə çatdırıb. Görülən işləri miqyası böyükdür. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi əzmi, qətiyyəti ilə reallaşacaq layihələr deməyə əsas verir ki, sakinlər əzəli torpaqlarına tezliklə qayıdacaqlar.

DİGƏR Xəbərlər Arxiv