YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın ixrac potensialının yüksəldilməsi və investisiyaların təşviqi iqtisadiyyatın maliyyə sabitliyini təmin edib

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər qeyri-neft sektoru üzrə ixracın həcmi və dəyəri artıb. İqtisadiyyatın diversifikasiyası nəticəsində qeyri-neft sektoruna aid məhsulların çeşidlənməsi və müxtəlifliyi, o cümlədən coğrafi şaxələndirmə ölkəmizin tədiyyə balansına müsbət təsir edərək, cari hesablar balansı hesabına makroiqtisadi və maliyyə sabitliyini təmin edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə bildirib.

N.Hacızadə qeyd edib ki, ixracın şaxələndirilməsindən danışdıqda yalnız mal və məhsulların müxtəlifliyi, hərtərəfli olması nəzərdə tutulmur. Dünyanın əksər ölkələrində, xüsusilə qardaş Türkiyə Cümhuriyyətində ixrac statistikaları verilərkən, xidmətlər ixracı da vurğulanır. Mal və məhsul ixracından fərqli olaraq, xidmətlərin ortaya çıxardığı əlavə dəyər bir çox hallarda əmtəədən daha məhsuldar olur. Bu ilin yanvar-mart aylarını əhatə edən tədiyyə balansı göstəricilərinə müvafiq olaraq, Azərbaycanın xidmətlər ixracı 1,01 milyard ABŞ dolları təşkil edib ki, bunun 73,7 faizi qeyri-neft ixracının payına daxildir. Həmin dövr ərzində qeyri-neft üzrə ixrac isə 727,2 milyon ABŞ dolları olub. Verilənlərə uyğun olaraq, Azərbaycanın birinci rübdə qeyri-neft sektoru üzrə ixracı 1,74 milyard ABŞ dolları dəyərindədir: “Şübhəsiz ki, mal və məhsul istehsalı kimi xidmətlər sektorunun inkişafı nəhəng infrastruktur layihələri hesabına baş verib. Qeyri-neft sahələri üzrə xidmətlər sektorunda əsas pay nəqliyyat xidmətlərinin hesabına formalaşır. Belə ki, qeyri-neft təyinatlı nəqliyyat xidmətləri üzrə cari ilin birinci rübü ərzində 346,4 milyon ABŞ dolları gəlir əldə edilib ki, bu da qeyri-neft xidmətlərinin 47 faizini təşkil edir. Prezident İlham Əliyevin uzun illər yükdaşımalar sahəsində həyata keçirdiyi strategiya Azərbaycanı yalnız daxili daşımalar həyata keçirən subyektlər üçün deyil, qeyri-rezidentlər üçün də cəlb edici hala gətirib. Siyasi sabitliyin möhkəm olması ilə bərabər yol infrastrukturunun keyfiyyətinin yüksəldilməsi, daha qısa və əlverişli yolların bərpası ticarət fəaliyyəti ilə məşğul olan xarici ticarət iştirakçıları üçün əlverişli yol infrastrukturu xidmətlər sektoru üzrə əldə edilən uğurun başlıca prinsipidir”.

Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Milli Prioritetlər – 2030” sənədinin başlıca istiqaməti olan dayanıqlı iqtisadi artımın təmin edilməsinin investisiya, istehsal, ixracat və məşğulluq (İİİM) modeli əsasında həyata keçiriləcəyini diqqətə çatdıran N.Hacızadə qeyd edib ki, sözügedən İİİM modelinin Azərbaycanın şaxələndirmə siyasəti əsasında mümkün olması qaçılmaz faktordur: “Etiraf etmək lazımdır ki, iqtisadiyyat neft-qaz resurslarından asılıdır. Buna baxmayaraq, son illər istehsalın şaxələndirilməsini sənaye və kənd təsərrüfatında müşahidə etmək mümkündür. Xüsusilə, qeyri-neft istehsal və ixracatında əmtəə strukturunun transformasiyasını statistik göstəricilər vasitəsilə görmək mümkündür. Ötən illərlə müqayisədə ixracatın ilk 10-luğunda meyvə-tərəvəz məhsullarının dominantlığı hökm sürürdüsə, hazırda əmtəə strukturunda sənaye məhsulları yer tutur. Sözsüz ki, meyvə-tərəvəz məhsulları ilə müqayisədə, sənaye məhsulları daha yüksək əlavə dəyər qabiliyyətlidir. Lakin, qeyd edilən sənaye məhsulları xammaltutumlu olmaqla, beynəlxalq bazarda əhəmiyyətli rəqabət şəraitinə malikdir. Bu da müqayisəli və rəqabət üstünlüyünə malik, markalaşmış məhsulların istehsal, ixracını daha da aktuallaşdırır və əsas çağırış kimi ölkəmizin qarşısına yeni hədəflər qoyur. Aparılan hesablamalara əsasən, ixrac səbətinə malik məhsulların məhsuldarlığı daha aşağıdır. Bunun əsas səbəbi müvafiq səbətin 70 faizini aralıq məhsulların təşkil etməsidir. İnkişaf etmiş ölkələrin ixrac səbətinə əsasən, yüksək texnoloji tutuma malik avadanlıqların, elektronika məhsullarının, habelə markalaşan qida məhsullarının daxil olduğunu nəzərə alsaq məhsuldarlıq anlayışını başa düşmək çətin deyil”.

Departament rəhbəri bildirib ki, hazırda pandemiya dönəminin yumşalması mərhələsində, dünya ölkələri risk əsaslı deyil, xərc-əsaslı istehsala və ixraca istiqamətlənib. Dəyər zəncirinin pozulması və təchizat zəncirində qırılmalar məhsulların xərcini artıraraq, son dayanacaq nöqtəsinə, oradan topdan və pərakəndə ticarətə istiqamətlənərək məhsulların qiymətini bahalaşdırıb.

Dünya ölkələrində nəzərə çarpan həyat bahalılığına səbəbin sahibkarların və ev təsərrüfatlarının gəlirlərini yeyən inflyasiya vergisi olduğunu söyləyən N.Hacızadə əlavə edib ki, bu, insanların rifahına müsbət yox mənfi təsir göstərən vergidir. Belə bir mərhələdə, dünya ölkələri qlobal dəyər zəncirinin iştirakçılığını daha da dərinləşdirərək ucuz xammal ehtiyatları idxal etməyə çalışır. Azərbaycanın qeyri-neft ticarətinin qlobal dəyər zəncirində iştirakçılıq payı aşağıdır. Bunun əsas səbəbi məhsulların xammal kimi istehsal edilməsi, üzərində əlavə dəyəri formalaşdıracaq intellektual bacarıqların olmamasıdır. Mal və məhsul ixracatının tərkib hissəsinə baxdıqda istehsal zənciri halqalarının qısa olması və pay elementlərinin kasad olması nəzərə çarpır. Misal üçün pomidor istehsalçısının istehsala sərf etdiyi mərhələlərə baxdıqda, ucuz qaz resursları və məhsuldarlığı artıran elementlərin daxil olmasını, habelə, məhsulun keyfiyyətinə, qablaşdırılmasına nəzarət edən əmək qüvvəsini görmək mümkündür. Məhsulun emal edilməməsi, yalnız Rusiya Federasiyası ilə kifayətləndirilməsi ilə əlaqədar birxətli logistik daşınmaya malik olması, habelə intellektual bilik və ixtiraya ehtiyacı olmaması məhsulun mürəkkəbliyini azaldaraq, daha yüksək əlavə dəyərə səbəb olmur. Bunu digər kənd təsərrüfatı və sənaye məhsullarına da əlavə etmək olar.

O qeyd edib ki, cari ilin birinci rübü ərzində Azərbaycan iqtisadiyyatına yönləndirilən investisiyalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,5 faiz artaraq 1,8 milyard ABŞ dolları təşkil edib: “Şübhəsiz qoyulan investisiyaların əhəmiyyətli hissəsi neft-qaz sektoruna yönəldilir. Dünya bazarlarında enerji qiymətlərinin artımı, enerji sektorunun cəlbediciliyinin davam etməsi və Azərbaycan hökumətinin neft-qaz strategiyasına olan etimad sözügedən sektora olan sərmayə qoyuluşunu artırır. Buna baxmayaraq, qeyri-neft sektorunda aparılan islahatlar mövcud sektorda investisiya mühitini daha da canlandırıb. Bu ilin birinci rübü ərzində qeyri-neft-qaz sektoru ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 735,2 milyon ABŞ dolları təşkil edib. Bu da Azərbaycan iqtisadiyyatına qoyulan kapitalın 41,1 faizidir. Ölkəmizdə qoyulan daxili və xarici investisiyalar bir sıra hallarda idxalın artmasına da xidmət edir. İstehsalyönümlü investisiyalar, müəssisə tikintisi, habelə neft-qaz sektorunda həyata keçirilən icraatların bir çox hissəsi maşın-avadanlıq və malların idxalı hesabına formalaşır. Qeyd edilən müvafiq dövr ərzində investisiyayönümlü malların idxalı 121 milyon ABŞ dolları olub ki, bu da ümumi idxalın 4,5 faizini təşkil edir”.

N.Hacızadə diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Milli Prioritetlər – 2030” strategiyasına ixracatın diversifikasiyası və daha yüksək əlavə dəyərə malik olması ilə bağlı göstərişləri rəhbər tutaraq ixracatın sürətli artımının ilk növbədə institusional islahatlardan birbaşa asılı olduğunu demək olar. Sofistikasiya edilən məhsulların mütləq idxal elementlərinə ehtiyacı var. Bu halda, idxal edilən xammalların rüsum və əlavə istehsal xərcində paya malik olması, ixracın rəqabət üstünlüyünə mənfi təsir edəcək. Bu halda ticarətin liberallaşdırılması, ticarət və gömrük ittifaqlarına inteqrasiya, preferensial və azad ticarət sazişlərinin genişləndirilməsi sürəti ixracat gəlirləri üçün əhəmiyyətli faktordur. Prezident İlham Əliyevin qarşıya qoyduğu iqtisadi artım daha yüksək əlavə dəyərə malik məhsulların istehsalı və onların diversifikasiyasından asılıdır.