Xəbərlər
Yeni Azərbaycan Partiyası Şanlı Zəfərimizin ideoloji dayağıdır!
Suraxanı rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33-cü ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası Şanlı Zəfərimizin ideoloji dayağıdır!” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonunda ucaldılmış abidəsi önünə tər güllər düzüblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş Vətənin qəhrəman övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca çıxış ediblər.
Çıxış edənlər bildiriblər ki, müasir və müstəqil Azərbaycanın qazandığı uğurlar, o cümlədən İkinci Qarabağ müharibəsində əldə edilən tarixi Qələbə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun nəticəsidir. Qeyd edilib ki, bu gün YAP-ın təsis edilməsinin 33-cü ildönümü qalib Azərbaycanda xalqımız tərəfindən böyük qürur və sevinc hissi ilə qeyd edilir. Vurğulanıb ki, xalqımızın milli maraqlarına xidmət edən Yeni Azərbaycan Partiyası 740 mindən çox üzvü ilə Qafqazın ən güclü siyasi partiyasıdır.
Sonra rayon təşkilatının işində fəal iştirak edən bir qrup partiya üzvünə fəxri fərman, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.
