YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası: Strateji hədəflər reallığa çevrilir

Nurlan Həsənov

Milli Məclisin deputatı

Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizdə demokratik ənənələrin formalaşmasına əhəmiyyətli töhfələr vermişdir. Ümumxalq partiyası kimi böyük nüfuz qazanan YAP respublikada sabitliyin qorunması və davamlı inkişafın təmin edilməsində mühüm rol oynamışdır.

1990-cı illərdə Azərbaycanda ictimai-siyasi böhran və cəbhədə gərgin vəziyyət hökm sürürdü. Bu mürəkkəb şəraitdə Azərbaycanın gələcəyini düşünən ziyalılar Ulu Öndər Heydər Əliyevin liderliyi ətrafında birləşərək yeni siyasi platforma yaratdılar. Belə ki, xalqın siyasi iradəsini əks etdirən sənəd kimi tarixi əhəmiyyət kəsb edən məşhur “91-lər”in müraciətində Ümummilli Liderdən yeni yaradılacaq partiyaya rəhbərlik etməsi xahiş olunurdu. Sözügedən müraciəti nəzərə alan Ulu Öndər Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurət olduğunu bildirir, belə partiyanın Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişafında tarixi rol oynaya biləcəyini vurğulayırdı.

21 noyabr 1992-ci il tarixində ölkəmizin bütün bölgələrindən gəlmiş 550 nəfər nümayəndənin iştirakı ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirildi. Bu konfransda YAP-ın Proqramı və Nizamnaməsi qəbul edildi, Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Həmçinin, Siyasi Şura, İdarə Heyəti və Sədrin müavinləri müəyyənləşdirildi. Bu addımlar Yeni Azərbaycan Partiyasının siyasi-hüquqi əsaslarını möhkəmləndirdi və partiyanın uzunmüddətli fəaliyyətinə zəmin yaratdı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində ölkənin aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyası demokratiyanın, siyasi mədəniyyətin və idarəçilik ənənələrinin formalaşmasında mühüm rol oynamışdır. “Dünənin, bu günün və gələcəyin partiyası” səviyyəsinə yüksələn YAP ölkədə siyasi sabitlik və davamlı inkişafın təminatçısı kimi fəaliyyət göstərmişdir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması, ölkəmizin inkişafı və xalqın rifahının yüksəlməsi naminə misilsiz işlər həyata keçirib. Onun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitlik bərqərar edilmiş, dövlətçilik ənənələri möhkəmləndirilmiş və vahid idarəetmə sistemi formalaşdırılmışdır. Ulu Öndər hüquqi islahatlar həyata keçirmiş, yeni Konstitusiyanın qəbulunu təmin etmiş, iqtisadiyyatda islahatlar aparmış və sosial proqramların icrasını sürətləndirmişdir. Həmçinin, Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi, təhlükəsizlik və müdafiə imkanlarının təkmilləşdirilməsi uğurlu strategiyanın əsas prioritetləri olmuşdur. Bu dönəmdə reallaşdırılan tədbirlər ölkənin dayanıqlı inkişafına zəmin yaratmış, gələcək nəsillər üçün etibarlı dövlət quruculuğu modeli formalaşdırmışdır.

2005-ci il martın 26-də keçirilmiş Yeni Azərbaycan Partiyasının III qurultayında Prezident İlham Əliyev partiyanın Sədri seçildi. Ulu Öndərin siyasi kursunun davamı kimi tarixi əhəmiyyət daşıyan bu amil partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcı olaraq sabitliyin və davamlı dövlətçilik prinsiplərinin möhkəmlənməsinə təkan verdi.

Azərbaycanın müasir tarixində İkinci Qarabağ müharibəsi xalqımızın dövlətçilik və suverenlik uğrunda apardığı mübarizənin parlaq təcəssümünə çevrildi. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq şanlı ordumuz əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi ordumuzun döyüş qabiliyyətini və xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirdi. Nəticədə, işğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi.

5 mart 2021-ci il tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın yeni Proqramı və Nizamnaməsi, İdarə Heyəti və Təftiş Komissiyası təsdiqlənmişdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva partiya Sədrinin birinci müavini təyin edilmişdir. YAP-ın siyasətində Heydər Əliyev yolu, müstəqillik, dövlətçilik, qanunun aliliyi, sosial ədalət, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı prioritet təşkil edir. Strateji hədəflər arasında iqtisadiyyatın gücləndirilməsi, inklüziv cəmiyyət, şəffaflıq, milli maraqlar və ordu quruculuğu da yer alır. Partiya rəhbərliyi hər zaman Vətənə xidmət və ümummilli maraqlara sədaqət nümayiş etdirir. Prezident İlham Əliyev qeyd etmişdir: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”.

Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də həyata keçirildiyi antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi təmin olundu. Bu əməliyyat milli iradənin qələbəsi, dövlətçiliyin möhkəmləndirilməsi və tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıyır.

Beynəlxalq tendensiyaları nəzərə alan Yeni Azərbaycan Partiyası fəaliyyət istiqamətlərini dövrün çağırışlarına uyğun formalaşdırır və ölkənin strateji hədəflərinə xidmət edən qərarlar qəbul edir. Bu yanaşma Azərbaycana strateji tərəfdaşlar qazandırmış, partiyanın beynəlxalq mövqeyini möhkəmləndirmişdir. Eyni zamanda, YAP partiyalararası dialoqu təşviq edərək xalq-iqtidar modeli vasitəsilə milli həmrəyliyin güclənməsinə xidmət etmişdir.

Tarixi zəfərlərdən sonra keçirlən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş, parlament və bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyası parlaq qələbələr qazanmışdır. Bu nəticələr YAP-ın xalq tərəfindən dəstəkləndiyini, partiyanın ictimai-siyasi nüfuzunun yüksək səviyyədə olduğunu nümayiş etdirir.