Xəbərlər
YAP-ın təsis olunmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib
Xəzər rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33-cü ildönümü münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycanın müasir inkişaf yolunun əsasında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və xalq-lider birliyi dayanır. Vurğulanıb ki, müstəqilliyin ilk illərində ölkənin qarşılaşdığı xaos və böhran dövründə 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciət xalqın nicat çağırışı olub.
Ulu Öndər bu müraciəti böyük uzaqgörənliklə dəyərləndirərək xalqa arxalanan liderlik yolunu seçib. Naxçıvanda keçirilən təsis konfransı Yeni Azərbaycan Partiyasının ideoloji təməlini formalaşdırıb.
Tədbirdə qeyd olunub ki, 33 il ərzində Yeni Azərbaycan Partiyası milli maraqların qorunması, demokratik ənənələrin möhkəmləndirilməsi və dövlətçiliyin gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərib. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında mühüm rola malik olub. Bu gün isə Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə partiya yalnız ölkəmizin deyil, həm də regionun aparıcı siyasi qüvvəsinə çevrilib.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33-cü ildönümü münasibətilə partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub. Eyni zamanda, YAP Xəzər rayon təşkilatının inkişafında və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman və hədiyyələr verilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
