Xəbərlər
Şəmkirdə YAP-ın təsis edilməsinin 33-cü ildönümü qeyd olunub
Şəmkir rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər. Daha sonra Şəmkir şəhərinin mərkəzində yerləşən Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Düyərli kənd ərazi partiya təşkilatının sədri Aybəniz Nəsibova, Dağ-Cəyir kənd ərazi partiya təşkilatının sədri Famil Həmidov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi Şəmkir rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Pərvin Gözəlov, şəhid atası Mehman Qəhrəmanov, şəhid anası Xanımzər Əhmədova və digərləri çıxış ediblər.
Natiqlər Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan söhbət açıblar. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən dövr ərzində ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir. Partiyanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını vurğulayan natiqlər bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını xüsusi vurğulayıb.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman və hədiyyələr təqdim olunub.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
