YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ahıllar üçün sosial xidmətlər üzrə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə seminar öz işinə başlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa İttifaqının “Ahılların sosial müdafiəsi” TAİEX proqramı çərçivəsində Azərbaycanda ahıllar üçün sosial xidmətlərin mövcud vəziyyətinin qiymətləndirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə seminar öz işinə başlayıb. Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının, Avropa İttifaqının üzvü olan ayrı-ayrı ölkələrin ekspertləri iştirak edib.
Seminarı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ahılların sosial hüquqlarının müdafiəsinin bütün ölkələrin hökumətləri üçün vacib məsələlərdən biri olduğunu vurğulayıb. Bildirib ki, BMT-nin araşdırmasına əsasən, hazırda dünyada hər 10 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxildir. 2050-ci ilin sonunadək hər 5 nəfərdən biri, 2150-ci ilin sonunadək isə hər 3 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxil olacaq. Bu da dünyada yaşlı əhalinin sayının ildən-ilə artdığını göstərir. Həmçinin BMT-nin qiymətləndirmələrinə əsasən, 65 və daha yuxarı yaşda olanlar əhalinin 4 faizini təşkil edirsə, onda əhali “cavan”, əgər bu pay 4-7 faiz arasındadırsa, onda əhali “yaşlaşma ərəfəsində”, bu pay 7 faiz və ondan yuxarıdırsa, onda əhali “yaşlı” hesab edilir. 2025-ci ilədək aparılan proqnozlara görə 60 və yuxarı yaşda olan insanların sayı əhalinin 15 faizini, inkişaf etmiş ölkələrdə isə 30 faizini təşkil edəcək.
Seminarda ƏƏSMN-in sosial təminat siyasəti şöbəsinin müdiri Səbinə Cəfərova ölkəmizdə ahılların sosial müdafiəsi sahəsində görülən işlər, ahıllarla bağlı hazırlanan yeni Dövlət Proqramının layihəsi barədə məlumat verib. Daha sonra Avropa İttifaqı ölkələrindən gəlmiş ekspertlər Ralf von Ameln (Almaniya), Jan-İv Hokke (Fransa), Maqda Zupançiç (Slovenya) ölkələrinin müvafiq təcrübələrini təqdim ediblər. İki gün davam edəcək seminarda ahılların sosial müdafiəsi, onlara sosial xidmətlərin və səmərəli tibbi qayğının göstərilməsi, onların ictimai fəallığının və layiqli həyat tərzinin təmin edilməsi sahəsində milli və beynəlxalq təcrübələrin təhlili və fikir mübadilələrinin aparılması nəzərdə tutulur.