Xəbərlər
Professor Akra Matsunaqa: Şuşa Bəyannaməsi yalnız Türkiyə və Azərbaycan deyil, bütün region üçün mühüm əhəmiyyətə malikdir
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzaladıqları bəyannamə yalnız bu iki ölkə üçün yox, həm də bütün regionda sülhün və inkişafın davam etməsi üçün mühüm əhəmiyyətə malikdir.
Bu sözləri Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində Sahibkarlığın Tədqiqi İnstitutunun professoru Akira Matsunaqa deyib. Azərbaycan və Türkiyə dostluğunun Qarabağ münaqişəsinin həllində xüsusi rol oynadığını qeyd edən yapon professor, Türkiyənin regionun ən böyük dövlətlərindən biri olmasına diqqət çəkib. Bildirib ki, Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra Rusiya sülhməramlılarının əraziyə yerləşməsi, Ermənistanın gələcəkdə təxribatlardan əl çəkəcəyinə zəmanət verə bilməz. Buna görə də Türkiyənin atdığı qətiyyətli addımlar Ermənistan dövlətinin gələcəkdə təxribatlarının qarşısının alınmasına mühüm təsir göstərə bilər.
Qarabağ münaqişəsinin həllində nə ATƏT-in Minsk qrupunun, nə də digər Avropa ölkələrinin rol oynamadığına diqqət yönəldən A.Matsunaqa, məsələnin yekun həllinin məhz Türkiyənin iştirakı ilə tapıldığını da deyib. Bildirib ki, regionda formalaşan yeni qüvvələr nisbəti Ermənistanın regional sülhə təhdidlərinin qarşısını almaq baxımından da əhəmiyyətlidir.
Yapon professor vurğulayıb ki, Türkiyə və Azərbaycan yaxşı münasibətlərə malik olmaqla yanaşı, həmçinin iqtisadi və hərbi əməkdaşlığı da möhkəmləndirirlər. Ermənistan bundan sonra hər hansı addımı atmağı planlaşdırarkən bu iki qüvvə ilə qarşılaşacağını nəzərə almalıdır. Hətta Rusiya da Ermənistanla əməkdaşlığın həddindən artıq gücləndirilməsinin onun özü üçün təhlükə yarada biləcəyini başa düşməlidir. Bu baxımdan iki ölkənin prezidentlərinin Şuşa Bəyannaməsini imzalamasından sonra təşkil edilən mətbuat konfransında səsləndirdiyi fikirlər regionda sabitliyin qorunması baxımından mühüm əhəmiyyətə malikdir.
Ermənistan dövlətinin uzun müddət işğal altında saxladıği Azərbaycan ərazilərindən gеri çəkildikdən sonra burada basdırılmış çoxsaylı minaların xəritələrini qarşı tərəfə verməkdən imtina etməsinə toxunan yapon professor, yalnız beynəlxalq ictimaiyyətin təzyiqlərindən sonra Ağdam rayonunda basdırılmış partladıcı qurğuların xəritələrini Azərbaycana bir neçə gün bundan əvvəl verməsi məsələsinə də münasibət bildirib. Qeyd edib ki, həmin minaların ərazidə çalışan insanların, hərbçi və jurnalistlərin, eyni zamanda mülki əhalinin həlak olmasına səbəb olması qətiyyən yolverilməzdir. Bildirib ki, Azərbaycan və digər ölkələr beynəlxalq ictimaiyyəti cəlb etmək yolu ilə Ermənistanın yol verdiyi bu ədalətsizliyi aradan qaldırmağa çalışmalıdırlar. Azərbaycan bunun üçün bütün informasiya kanallarından istifadə etməli, ingilis, alman, fransız, rus, yapon və s. dillərdə məlumatların yayılmasını artırmalıdır. Bu məlumatlarda Ermənistan tərəfindən törədilən qanun pozuntuları və ədalətsizlik öz əksini ən geniş formada tapmalıdır. Ötən əsrin 90-cı illərində baş verən Birinci Qarabağ müharibəsindən fərqli olaraq, indi daha çox informasiya kanallarının, internetin mövcudluğuna diqqət çəkən A.Matsunaqa bu istiqamətdə fəaliyyəti artırmağın vacibliyini də qeyd edib.
Ermənistanın işğal etdiyi ərazilərdə yaşayış məskənlərini, mədəni və dini abidələri yerlə-yeksan etməsi məsələsinə münasibət bildirən professor bunun da qətiyyən yolverilməz olduğunu deyib. Bildirib ki, xarici jurnalistlərin “Qafqazın Xerosiması” adlandırdığı həmin ərazilərdə Azərbaycanın artıq bərpa və quruculuq işlərinə başlaması sevindiricidir. Yapon şirkətlərinin Türkiyə şirkətləri ilə birlikdə Yaxın Şərqdə infrastrukturun yaradılması istiqamətində kifayət qədər təcrübəyə malik olduğunu bildirən professor, bu təcrübədən Azərbaycanda aparılan bərpa işlərində istifadənin mümkünlüyünü də qeyd edib. Vurğulayıb ki, Azərbaycan, Türkiyə və Yaponiya şirkətlərinin birlikdə aparacağı bərpa işləri bu istiqamətdə beynəlxalq əməkdaşlığın müsbət təcrübəsinə çevrilə bilər. Bu həm də beynəlxalq ictimaiyyətə Yaponiyanın da Qafqazda aparılan quruculuq işlərində fəal iştirakı barədə bir ismarış ola bilər.