Xəbərlər
Hikmət Babaoğlu: Azərbaycanın həm hərbi-siyasi qüdrəti, həm də beynəlxalq nüfuzu onun öz ərazi bütövlüyünü bərpa edəcəyinə zəmin yaratdığının aşkar göstəricisidir
"Mövcud reallıqda Azərbaycanın həm hərbi-siyasi qüdrəti, həm də beynəlxalq nüfuzu onun öz ərazi bütövlüyünü bərpa edəcəyinə zəmin yaratdığının aşkar göstəricisidir. Ermənistan tərəfi də bunu bilir, ona görə də ən müxtəlif təxribatlara əl atır. Ancaq cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkdə israrlıdır və gec-tez bunu edəcəkdir". Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, politoloq Hikmət Babaoğlu Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini şərh edərkən deyib.
Millət vəkilinin sözlərinə görə, dövlət başçısının fikirləri bir daha sübut edir ki, son zamanlar Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, mövqeyi güclənib: "Cənab Prezident 4 iyul tarixində baş vermiş hadisəni erməni faşizminin eybəcər siması kimi qiymətləndirdi. Dövlət başçısı qeyd etdi ki, bu hadisədən sonra Azərbaycanın nə qədər beynəlxalq dəstəyə malik olduğu ortaya çıxdı. Bu, Azərbaycanın ötən illərdə beynəlxalq aləmdə qazandığı nüfuzunun prezident tərəfindən səsləndirilməsi idi. Dövlət başçısı həmçinin, ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini də xüsusi qeyd etdi və bildirdi ki, ictimai təşkilatlar Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadılar. Məncə bu, prezident tərəfindən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə verilən qiymət idi. Bundan başqa, cənab prezident "Azərbaycanın dostları" ifadəsini işlətdi və onların reaksiyasını xüsusi qiymətləndirdi. Qeyd etdi ki, Azərbaycanın dostları öz səslərini ucaltdılar. Eyni zamanda dövlət başçısı, diplomatik korpusların, səfirliklərin, diaspor təşkilatlarının fəaliyyətini də yüksək qiymətləndirdi. Bu fikirlər bizə onu deməyə əsas verir ki, Azərbaycan prezidentinin, Ali Baş komandanın siyasi komandası vahid ansambl kimi çıxış edə bilir və Azərbaycanın maraq və mənafelərini istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda çevik və səmərəli şəkildə müdafiə etməyi bacarır. Əslində bu, Azərbaycanın ümummilli gücünün səfərbər olaraq milli maraqlara yönəlməsinin göstəricisidir. Bu fakt Azərbaycan dövlətçiliyinin uzun illər ərzində əldə etdiyi mühüm nailiyyətlərdən biridir".
H.Babaoğlunun fikrincə, dövlət başçısının öz çıxışında Ermənistana güclü təzyiqlərin olduğunu bildirməsi mühüm əhəmiyyət kəsb edir: "Cənab Prezident növbəti dəfə erməni təxribatının baş verməsinə baxmayaraq, danışıqların yendən bərpa olunmasını müsbət hal kimi xarakterizə etdi. Dövlət başçısı bir daha qətiyyətlə bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti ola bilməz və olmayacaq da. Hesab edirəm ki, reallığın bu cür təsbit və ifadə olunması əslində, həm də düşmən tərəfə bir mesaj idi ki, hərbi və iqtisadi gücü, eləcə də beynəlxalq nüfuzu yüksək olan bir ölkənin torpaqlarını işğal altında saxlamaq olmaz. Cənab Prezidentin Ermənistana təzyiqlər artan zaman təxribatlara əl atması ilə bağlı sözlərindən belə məlum olur ki, Azərbaycanın beynəlxalq nüfuzu və həmsədrlərlə olan münasibətləri, eləcə də onlardan Azərbaycanın ərazi bütövlüyünün qorunmasını tələb etməsi elə şərtlər formalaşdırıb ki, həmsədr ölkələrin və beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistana güclü təzyiqi artıb. Ermənistanın bu təzyiqlərdən yayınmaq məqsədilə danışıqları pozmaq və Azərbaycanı şantaj etmək üçün müxtəlif vasitələrə əl atması isə təxribatçı mövqedir. Fikrimcə, biz bu məlumatla Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun və problemin həlli ilə bağlı müxtəlif instutuların Ermənistana təzyiqinin nə qədər güclü olduğunu da öyrənmiş oluruq".