Xəbərlər
Meksikada keçirilən tədbirdə Azərbaycanın enerji sahəsindəki təcrübəsinin nümunə olduğu bildirilib
Meksikanın Anahuac Universitetinin qlobal araşdırmalar fakültəsinin bp-Anahuac strateji tədqiqatlar kafedrasının müdiri İzabel Baqnasko Sançesin “Neft modelləri və onun iqtisadiyyata təsiri” adlı kitabı nəşr olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən bildiriblər ki, kitabda dünya neft sənayesinə ümumi baxış, neftin ixracatı, neft sənayesinə qoyulmuş investisiyalar, dünyadakı neft modelləri və həmin modellərin makroiqtisadi təsirindən bəhs edilir. Neft modellərinə misal olaraq Azərbaycanla yanaşı, Meksika və Anqoladan bəhs edilir.
Meksika dövlət neft şirkətinin - PEMEX-in binasında kitabın təqdimatı olub. Tədbirdə neft-qaz sənayesinə malik ölkələrin təmsilçiləri, universitetin tələbələri və müəllimləri iştirak ediblər.
Kitabın müəllifi İzabel Baqnasko Sançes çıxış edərək Azərbaycanın neft-qaz sənayesinin qədim zamanlardan başlayaraq müasir dövrümüzədək olan tarixi inkişaf mərhələləri, ölkəmizin dünya neft sənayesinə töhfələri, neft-qaz sənayesinin Azərbaycanda iqtisadi artım və sosial-iqtisadi nailiyyətlərə təsiri barədə məlumat verib, bu kontekstdə ölkə iqtisadiyyatının son makroiqtisadi göstəriciləri və neft istehsalı haqqında faktlar diqqətə çatdırılıb.
Həmçinin enerji sektorunda Azərbaycanın beynəlxalq əməkdaşlıq təcrübəsindən bəhs edilib, ümummilli lider Heydər Əliyevin Azərbaycanda neft-qaz sənayesinin inkişafında tarixi xidmətləri və bu kontekstdə “Əsrin Müqaviləsi”, o cümlədən Dövlət Neft Şirkəti və Dövlət Neft Fondunun fəaliyyəti, Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində yeri və rolu, ölkəmizin neft-qaz ixrac boru kəmərləri barədə konfrans iştirakçılarına ətraflı məlumat verilib.
Bundan başqa, Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın böyük müvəffəqiyyətlər qazanaraq beynəlxalq aləmdə yüksək nüfuz sahibi olduğu vurğulanıb.
Bakı şəhəri ilə yanaşı, regionlarda həyata keçirilən abadlıq-quruculuq işləri, yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində aparılan sistemli və ardıcıl işlərin nəticəsində ölkəmizin gündən-günə gözəlləşdiyi qeyd edilib.
Anahuac Universitetinin beynəlxalq araşdırmalar fakültəsinin dekanı Karlos Kamaço Qaos, PEMEX-in administrasiya və xidmətlər üzrə direktoru Viktor Dias Solis və bp şirkətinin Meksika nümayəndəliyinin vitse-prezidenti Olaf Korrera çıxış edərək kitabda neft modellərinə nümunə kimi qeyd edilən Azərbaycan və Anqolanın öyrənilməsində əsas məqsədin enerji sektorunda islahatlar, o cümlədən bu sektora xarici sərmayələrin cəlb edilməsi və neft fondlarının fəaliyyəti sahəsində həmin ölkələrin təcrübəsinin öyrənilməsindən ibarət olduğunu bildiriblər. Həmin ölkələrdə tətbiq edilən neft modellərinin qısa zamanda müsbət nəticə verdiyi və ölkələrin inkişafında xüsusi rolu olduğu diqqətə çatdırılıb. Meksikanın neft sənayesində müvafiq islahatların aparılması və neft fondunun fəaliyyəti ilə bağlı ən yaxşı təcrübənin Azərbaycanda olması qənaətinə gəlinib və Azərbaycan nümunə kimi göstərilib.
Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov tədbirdə iştirak edib.
Kitab neft-qaz sənayesi sahəsində araşdırma aparan alimlər, ali məktəb müəllimləri və tələbələr üçün nəzərdə tutulub.