YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionda dayanıqlı sülhün təmin edilməsi əsas çağırışdır

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı forumları Azərbaycanla dialoqu inkişaf etdirmək, yeni əməkdaşlıq əlaqələri qurmaq baxımından mühüm imkandır. Hər bir beynəlxalq əhəmiyyətli tədbir ev sahibliyi edən ölkə ilə yanaşı, digər iştirakçı dövlətlərin də malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Bu tədbirlər, həmçinin tarixi həqiqətlərimizin, mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında yardımçıdır. Dünyanın 61 ölkəsindən 360-dək nümayəndəni bir araya gətirən X Qlobal Bakı Forumunda dövlət başçısı İlham Əliyev 30 illik işğal və postmünaqişə dövrünün gerçəkliklərini əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırdı.

“Bu gün biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, münaqişələrin həlli yolları Forum çərçivəsində geniş müzakirə edildi. Azərbaycanın sülh quruculuğunda təcrübəsindən bəhs edən cənab İlham Əliyev bildirdi ki, münaqişələrin həlli dinc və qeyri-dinc yolla olur. Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir.

Reallıq budur ki, Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. İşğalçı dövlət erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı. Beynəlxalq hüquqa hörmətsizlik göstərdi. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupu 28 ildə hər hansı nəticəyə nail olmadı. Danışıqlar prosesinin sonunda görünürdü ki, onlar, sadəcə, vəziyyəti dondurmaq istəyirlər. Azərbaycan dövləti hər zaman ən yüksək tribunaladan bəyan edirdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Bir qarış torpağımız belə düşmənə verilməyəcək. Təbii ki, dünyanın ikili standartlara əsaslanan siyasəti problemin həllinin 30 il uzanmasında az rol oynamadı. Əgər zamanında Ermənistana BMT qətnamələrinin icrasına məcbur edilsəydi, sanksiyalar tətbiq olunsaydı, münaqişə özünün ədalətli həllini zamanında tapardı. Azərbaycan özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək düzgün olanı etdi. Ərazilərimizi güc tətbiq etməklə azad etdik. Bu, bizim legitim hüququmuz idi.

Prezident İlham Əliyev postmünaqişə dövrünün əsas çağırışı olan regionda dayanıqlı sülhə nail olmaq üçün Ermənistana təklif edilən, beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh müqaviləsindən də danışaraq bu çağırışın  reallığa çevrilməsindən sonrakı dövrün aydın mənzərəsini təqdim etdi. Bir daha bildirdi ki, biz dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə verməyə çalışacağıq.