YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Onun sözünü həmişə eşidirik

Mətbuat yaranandan bəri onun təyinatı, tarixi rolu, imkanları barədə müxtəlif fikirlər söylənilib. Bir-birindən fərqli dəyərləndirmələr, istinad edilməyə, xatırlanmağa layiq onlarla, yüzlərlə belə mötəbər mənbələr, müəlliflər var. Yəqin ki, bundan sonra da proses davam etdikcə yeni, bir-birindən orijinal yanaşmaların şahidi olacağıq. Amma məncə, müasir dövrümüzdə mətbuatın yerini ən dəqiq və qeyri-adi həssaslıqla dəyərləndirən düşüncə Ulu Öndərimiz Heydər Əliyevə məxsusdur. 1993-cü il iyunun 15-də Milli Məclisin sədri seçilən Heydər Əliyev növbəti iclasların birində belə bir bəyanat səsləndirmişdi: “Mətbuat, informasiya bu gün müasir dünyanın canıdır”.

Peşə fəaliyyətimin məzmunu ilə bağlı tez-tez belə bir sualla rastlaşıram: Heydər Əliyevin mətbuata münasibəti necə idi? Onun mətbuata münasibəti heç vaxt cari xarakter daşımayıb. Onun mətbuatla davranışı alt düşüncə ilə tənzimlənirdi. Heydər Əliyevin mətbuata yanaşmasının əsasında onun ümumilikdə sözə münasibəti dayanırdı. Söz onun üçün alternativsiz silah idi. Söz onun üçün enerji daşıyıcısı idi. Söz onun təqdimatında bərpa olunan enerjiyə çevrilirdi. Onun özünə olan kütləvi xalq inamı onun sözünə və məntiqinə olan inamdan qaynaqlanırdı.

Onun siyasətinin gücü sözünün gücü ilə düz mütənasib idi. O, XX əsrin nadir siyasi liderlərindəndir ki, sözün enerjisini bütün çalarları ilə duya bilir, səfərbər edir və milli dövlətçilik maraqları, cəmiyyətin bütövlüyü naminə yönləndirə bilirdi.

Ulu Öndərimizin həmin fikri aktual olaraq qalır: “İnformasiya müasir dünyanın canıdır”. Bu fikrin və məntiqin ardınca o, hakimiyyətə qayıdışının ilk günlərindən ölkəmizin düşdüyü informasiya blokadasını yarmaq üçün fəaliyyətə başlamışdı. Onun hər müsahibəsi, hər səfəri məhz bu məqsədə hesablanmışdı.

Heç təsadüfi deyildi ki, Azərbaycanın xəritəsi əlində Avropanı az qala addım-addım dolaşıb Azərbaycan həqiqətlərini dünyaya təbliğ edirdi. Belə məzmunlu saysız-hesabsız fakt sadalamaq mümkündür. Ümumiyyətlə, onun hər addımının informativ yükü və dövlətçilik məzmunu vardı. O vaxtlar Heydər Əliyevin qəbullarından (xarici ölkə nümayəndələrindən, dövlət rəhbərlərindən tutmuş adi qonağa kimi) geniş reportajlar verilirdi. Bəzən məhdud dünyagörüşlü adamlar bu reportajların nəyə hesablandığını anlamaqda çətinlik çəkirdilər. Əslində, həmin reportajlar bir əyani vəsait idi. Bu üsulla Heydər Əliyev müstəqilliyini yenicə elan etmiş, ciddi problemlərlə üzləşən bir ölkənin vətəndaşını, siyasətçisini, ziyalısını, alimini, qocasını, gəncini, məktəblisini proseslərin hansı məcrada getdiyi və hansı mərhələdən necə keçdiyi barədə məlumatlandırırdı. Başa düşənlər üçün həmin reportajlar adi efir nümunəsi deyildi, Heydər Əliyev məktəbinin ustad dərsləri idi.

Heydər Əliyevin jurnalistlərə, yazıçı və şairlərə münasibəti də sözə münasibətinin davamı idi

Bir az əvvələ qayıdaq: 1969-cu ildə hakimiyyətə gələn Heydər Əliyevin qarşısında mühüm və çətin bir vəzifə dururdu: imperiyanın ucqarı sayılan bir müsəlman respublikasını önə çıxarmaq. Bunu üçün ilk növbədə, cəmiyyəti yenidən qurmaq gərəkdi. Təşkilatlanmaq isə ideoloji sütunlar tələb edir. Kommunist ideologiyası yetərli deyildi. Din faktorunu qabartmaq isə imkansız idi. Xalqının tarixini hərtərəfli öyrənən Heydər Əliyev bilirdi ki, Azərbaycan xalqının zəngin ədəbi ictimai fikir xəzinəsi var. Yalnız o əvəzsiz xəzinə işə yaraya bilərdi. Beləliklə, 1969-cu ildən başlayaraq, Azərbaycan xalqı bütün istiqamətlər üzrə son bir neçə əsrdə ilk dəfə olaraq Heydər Əliyevin dərin zəkası və qüdrətli əli ilə həm də sürətlə təşkilatlanırdı.

Təsadüfi deyildi ki, o, ən böyük məqbərə, abidə kompleksini Şuşada söz və dövlət adamı Molla Pənah Vaqifin xatirəsinə ucaltmışdı. Başqa bir qürurverici fakt: 1982-ci il, Siyasi Büro Yaxın Şərqdə yaranmış qarşıdurmanı səngitmək üçün onu xüsusi missiya ilə Suriyaya göndərir. Heydər Əliyev ilk fürsətdə Nəsiminin Hələbdəki məzarını axtarıb tapır və ziyarət edir. Baxmayaraq ki, səfər protokolunda belə kənaraçıxmalar nəzərdə tutulmamışdı...

1990-cı ilin Qanlı Yanvar faciəsini götürək. Yanvarın 20-də xalqımız fiziki və mənəvi baxımdan əzilmişdi. Böyük bir sual qarşısında köməksiz qalmışdıq: bundan sonra necə olacaq? Azərbaycan xalqı yenidən toparlanıb, ayaq üstə dura biləcəkmi? Bunu bacaracaqsa, bu dirəniş nəyin və kimin hesabına baş verəcəkdi?

Belə bir çətin vaxtda Heydər Əliyev səhhətindəki problemlərə və şəxsinə qarşı yönələn təhdidlərə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Kremlin qulağının dibində və sovet rəhbərliyinin gözünün içinə dik baxaraq bütün dünyaya bəyan etdi ki, Azərbaycan xalqı haqlıdır, bu mübarizədə tək və köməksiz deyil, onun Heydər Əliyev kimi Ali oğlu və Lideri var. Həmin gün Heydər Əliyev sözünün gücü və gurşad enerjisi ilə Azərbaycan xalqına təpər verdi, inam aşıladı, yıxıldığı yerdən ayağa qaldırdı… İndi ötən günləri təhlil edərək çox asanlıqla deyirik: “1993-cü ildə AXC-Müsavat hakimiyyəti xalqın tələbi ilə Heydər Əliyevi hakimiyyətə dəvət etdi”, “Xalq Heydər Əliyevi hakimiyyətə gətirdi” və sair.

İndi bu ifadələrin çox ciddi redaktəyə ehtiyacı var. Xalq Heydər Əliyevi hansı hakimiyyətə dəvət etmişdi? Halbuki 1993-cü ilin iyun günlərində Azərbaycan hakimiyyəti, dövləti adına heç bir ciddi nişanə, atribut yox idi. Azərbaycan cəmiyyəti paramparça, Azərbaycan dövləti çilik-çilik edilmişdi. Heydər Əliyev hadisələrin və yayın qızmar bir vaxtında deyirdi: “Mən üzərimə böyük məsuliyyət götürmüşəm. Məsuliyyət də bundan ibarətdir ki, mən dövləti qorumalıyam, müstəqilliyin dönməzliyini təmin etməliyəm, xalqın birliyini yaratmalıyam”. Resurslar isə nəinki məhdud, hətta yox dərəcəsində idi.

Maddi, maliyyə, hərbi resursların məhdud olduğu 90-cı illərdə Azərbaycan xalqı yalnız Heydər Əliyev sözünün enerjisi hesabına yaşadı, fəaliyyət göstərdi, müstəqil Azərbaycan dövlətinin əsaslarını möhkəmləndirə bildi. Ona görə də Heydər Əliyev fenomeninin mahiyyətini onun sözə münasibətini nəzərə almadan sona qədər dərk etmək mümkün deyil.

“Yeni Azərbaycan” qəzetinin redaktoru təyin ediləndə 26 yaşım yenicə tamam olmuşdu. Mənim o illərdə redaktor kimi bütün uğurlarım onun himayəsi və dəstəyi ilə reallaşırdı. Həmişə böyük iftixar hissi ilə xatırladığım bəzi məqamları oxucularla paylaşmaq istərdim.

1998-ci il...

Qarşıda prezident seçkiləri keçiriləcək. “Yeni Azərbaycan” qəzetində dərc olunan bir məqalə onun diqqətini çəkib. Redaksiyaya zəng edib təəssüratlarını bildirir və məndən soruşur: “Mənə nə sözünüz var?”. “Cənab Prezident, biz gündəlik nəşr olunmaq istəyirik. Amma bəzi çətinliklər var...”, - deyirəm.

Məsələ qısa müddətdə həll olunur və 1998-ci ilə kimi həftəlik nəşr olunan “Yeni Azərbaycan” qəzeti gündəlik çıxmağa başlayır...

“Yeni Azərbaycan” qəzetinin Ədəbiyyat əlavəsini dərc etməyə başladıq. Çox uğurlu bir layihə alındı. Xüsusilə, yeni ədəbi nəsil bizim bu addımımızı rəğbətlə qarşıladı. Gənc qələm sahibləri yazılarını həvəslə dərc etdirirdilər. Bir sözlə, qısa bir zaman kəsimində bizim ədəbiyyat səhifələrimiz əməlli-başlı səs-küy yarada bilmişdi. Amma qısqanclıq edənlər də tapılırdı. Bədxahlar imkan düşən kimi etirazlarını hər hansı formada bildirirdilər. İş böyüyüb Heydər Əliyevə çatmışdı. Hətta bəziləri deyirdilər ki, ölkənin 1 nömrəli siyasi platformasında niyə ədəbiyyata yer ayrılmalıdır? Bu mövzuya da Ulu Öndərimiz nöqtə qoydu. Görüşlərin birində belə dedi: “Siz qəzetdə ədəbiyyata geniş yer verirsiniz. Düzdür, bəzən fərqli fikirlər söylənilir. Belə söhbətdən mənim də xəbərim var. Bizim partiyanın rəhbərliyində olanlardan da bəziləri mənə şikayət edirlər. Bu, çox təbii bir haldır. Qəzet birdir, onu müzakirə edənlər isə çoxdur. Müxtəlif rəylər ola bilər. Ancaq bütün hallarda “Yeni Azərbaycan” qəzeti çox vacib bir yol seçib. Ədəbiyyat bizim xalqın ən məhrəm hissiyyatıdır. Digər tərəfdən, “Yeni Azərbaycan” qəzeti yeni imzaları öz ətrafına toplayır. Çox faydalı bir iş görür. Bunu davam etdirmək lazımdır”.

1999-cu ilin sentyabrı...

Növbəti bir görüş... Bu dəfə mövzu başqadır. “Sən Meğridənsən?”,- deyə soruşur. “Bəli”, - deyirəm. Meğri nə məqsədlə yaranıb, imperiyanın hədəfləri nə olub, bir-bir incələyir. Arada suallar verir.

Nüvədidən danışır. Nüvədi və nüvədililər haqqında məşhur çıxışını xatırladıram. “Nüvədi qədim Azərbaycan kəndidir. Araz qırağında yerləşir. Sırf azərbaycanlı kəndidir. Onu da deyim ki, Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır”.

Qatarla keçərkən gördüyü Gəmi düzü stansiyası ilə Nüvədini ayıran təpəlikləri əllərinin işarəsi ilə təsvir edir. O yerlərin relyefini sanki rəssam kimi çəkir.

Heyrətlənirəm... İnamla da əlavə edir. İnşAllah, ümid edirəm ki, o yerləri yenidən görə biləcəyik. “Nüvədililərə salamımı çatdırarsan”, - deyir.

Qəzet inkişaf etdikcə bədxahların sayı da artırdı. Bir dəfə yüksək ranqlı vəzifə sahiblərindən biri xaricə səfər etmişdi. Rəsmi qəzetlər o səfər haqqında məlumat verdi. Amma biz o məlumatı bir qədər fərqli təqdim etmişdik. Həmin adamın xoşuna gəlməmişdi. Mənə iradını bildirdi.

İzah etdim ki, bu, çox normaldır. “Yeni Azərbaycan” qəzetinin öz prinsipləri və yaradıcılıq xarakteri var. Materialları da o prinsiplərə uyğun yerləşdiririk. Mənim izahatım onu heç cür qane etmədi və bu gərginlik beləcə qaldı.

Heydər Əliyevin yanında keçirilən iclasların birində həmin adam o mövzuya yenidən qayıdır. “Yeni Azərbaycan” qəzeti mənim materiallarımı yaxşı vermir. Fəaliyyətimi işıqlandırmır. Məni təbliğ etmir. Redaktor cavan oğlandır, heç kimə qulaq asmır və sair...

Ulu Öndərimiz bütün dövrlər üçün aktual olaraq qalacaq bir reaksiya verir.

- Sən indi kifayət qədər yüksək vəzifə daşıyırsan. Sən bu vəzifəyə təbliğ olunub gəlmisən, yoxsa biz etimad göstərdiyimizə görə buradasan?

- Əlbəttə ki, Sizin etimadınızla.

- Onda bəs təbliğ olunub kim və nəçi olmaq istəyirsən?...

Bu söhbətdən sonra həmin adam bizə münasibətini dəyişib, qəzetdən əl çəkdi. Amma Ulu Öndərimizin də həmin vəzifə sahibinə münasibəti dəyişdi. Təbii ki, mənfiyə doğru.

16 aprel 2002-ci il...

“Yeni Azərbaycan”ın manşet xəbəri Cənubi Azərbaycanla bağlıdır. Bütöv Azərbaycanın xəritəsi və Təbriz şəhərinin üzərində Azərbaycanın bayrağı. İranın Azərbaycandakı səfiri özünə yer tapa bilmir. Xarici İşlər Nazirliyinə və Prezident Aparatına müraciət edir. İsrarla Prezidentin onu qəbul etməsini istəyir. Aprelin 21-i bazar günü olmasına baxmayaraq, Heydər Əliyev onu qəbul edir.

Mövzu isə bitmir: “Yeni Azərbaycan” bizi hamı ilə düşmən edir və sair. Ulu Öndərimiz özü məsələyə müdaxilə edərək, 2002-ci il aprelin 23-də redaksiyaya zəng edib bu mövzuya nə üçün müraciət etdiyimi soruşur.

İzahat verirəm... Mövzu bütün Azərbaycan xalqı üçün həssasdır. Digər tərəfdən, bu mövzudan sui-istifadə edib reytinq yığmaq, gündəmdə qalmaq istəyən qüvvələr var. Biz bu mövzuya toxunmaqla vətəndaşlıq borcumuzu yerinə yetiririk, həm də mövzudan sui-istifadə hallarının qarşısını alırıq.

Cənubi Azərbaycanla bağlı mövqeyini izah edir. Bu günümüzlə səsləşən, hamının ürəyindən xəbər verən fikirlər söyləyir. Sonda “Mənim sənin qəzetindən xoşum gəlir. Belə də davam et”, - deyir.

Bu hadisədən bir neçə gün keçmiş katibliyə tapşırıq verir ki, mənim xarici səfərlərimdə də “Yeni Azərbaycan” qəzetinin əməkdaşı iştirak etməlidir...

26 noyabr 2002-ci il...

YAP-ın 10 illik yubiley tədbirində Heydər Əliyev “Yeni Azərbaycan” qəzeti haqqında danışır: “Mən “Yeni Azərbaycan” qəzetində yaranan böyük sıçrayışı qeyd etmək istəyirəm. Biz partiyanı yaradanda hesab edirdik ki, “Səs” qəzeti partiyanın qəzeti deyil, müstəqil qəzetdir. “İki Sahil” qəzeti də müstəqil qəzetdir. Bizim partiyaya bir qəzet lazımdır. Dedilər, adını da “Yeni Azərbaycan” qoyaq. Mən etiraz etmədim, yarandı. Amma bu gün hər şeyi düz demək lazımdır. O qəzet uzun müddət, bir çox illər uğur qazana bilmədi. Mən də çox təəssüf edirdim. Çünki çox hallarda mən də maraqlanırdım, kömək etmək istəyirdim. Ancaq qəzet uğur qazana bilmirdi. Amma son illər qəzet birdən-birə müsbət mənada çox dəyişibdir. Düzdür, mən açıq danışmaq istəyirəm, qəzetlərin hamısını oxumaq imkanım yoxdur, amma qəzetlərə baxmaq imkanım var. Bəzən də təbiidir, hansısa məqalələr mənim diqqətimi cəlb edir və baxıram. Xüsusən bizim qəzetlərə baxıram. Hər səhər mən o qəzetləri vərəqləyirəm, baxıram. “Yeni Azərbaycan” qəzetinin belə sürətlə, sıçrayışla inkişaf etməsi çox sevindirici haldır. Yəni, qəzetin həm məzmunu, həm xarakteri, həm də onun dərc etdiyi müxtəlif materiallar - bunların hamısı birlikdə bu qəzeti yüksək səviyyəyə qaldırıbdır. Onun redaktoru da Alqış Həsənoğludur. Gənc bir şəxsdir və çox məmnunam ki, qəzet redaktorlarının hamısı gənclərdir və bizim mətbuatda belə yaxşı fəaliyyət göstərirlər”.

7 dekabr 2002-ci il.

Sonuncu görüş... Onun qəbulundayam. Mənim 14 saylı seçki dairəsindən millət vəkilliyinə namizədliyim üçün xeyir-duasını verir. Təbii ki, qəzetdən də danışır. Respublikanın gələcəyi ilə bağlı böyük planlarından söz açır. “Siz gənclər İlham Əliyevin ətrafında möhkəm birləşməlisiniz!”,- deyir...

Bu gün qeyd-şərtsiz qəbul edilən bir qənaət var: Azərbaycanın siyasi təqvimi Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin adı həm də bizim mətbuat tariximizə böyük hərflərlə yazılıb.

Onun fəaliyyəti təkcə ölkəsini informasiya blokadasından çıxarmaqla kifayətlənmədi. O, həm də informasiya mühitinin özünün liberallaşması və blokadadan çıxması üçün tarixi qərarlar qəbul etdi.

Fakt budur ki, Azərbaycan mətbuatı yarandığı gündən - “Əkinçi” qəzetindən başlayaraq ötən əsrin 90-cı illərinə qədər senzuranın ağır şərtləri altında fəaliyyət göstərib. Milli mətbuatımızın üzərindən senzuranın götürülməsi Heydər Əliyevin müstəsna xidmətlərindən biridir. Azərbaycan mətbuatının son 148 ildə dərc etdiyi ən dəqiq və ən gözəl xəbər də Heydər Əliyevin qurtuluş missiyasının təkzibedilməz və heç vaxt təkzib edilməyəcək bir məqamıdır. Belə ki, üç il əvvəl Azərbaycan mətbuatı Şuşanın azad edilməsi ilə bağlı Ali Baş Komandan İlham Əliyevin müjdəsini tarixinin və taleyinin baş xəbəri olaraq dərc etdi.

Çox maraqlı bir məsələni də qeyd etmək istərdim. Ulu Öndərimizin Moskvadan Bakıya və oradan Naxçıvana dönüşü ilə milli mətbuatımızın təvəllüdü eyni günə - 22 iyula təsadüf edir. Bu tarixi günlər arasında o qədər doğmalıq, daxili bir bağlılıq, vəhdət və ardıcıllıq var ki, mən bunu, sadəcə, faktların üst-üstə düşməyindən daha çox missiyaların bir-birini tamamlaması kimi dəyərləndirərdim...

Heydər Əliyev sözünün qüdrətini ifadə edən bir tarix də var

1993-cü ilin 4 oktyabrı...

Azərbaycan dövləti təhdidlə qarşılaşmışdı. Prezident həmin gecə xalqa müraciət etdi. O həyəcanlı günlərdə edilən müraciətin ayrı-ayrı cümlələri indi də yadımdadır: “Analar, bacılar, qardaşlar. Gecədən xeyli keçsə də, təcili olaraq Prezident sarayının qarşısına gəlin, sizə sözüm var”.

O gecə Heydər Əliyevin bir sözü ilə bütün Azərbaycan ayağa qalxmışdı. Heydər Əliyev sözünün gücü ilə Azərbaycan xalqını ətrafında birləşdirib dövlətimizə qarşı yönəlmiş təhlükəni dəf edə bildi, terrorçu qüvvələri, silahlı birləşmələri zərərsizləşdirdi.

İndi biz birlikdən, bütövlükdən çox rahatlıqla söz aça bilirik. Amma bu birliyə nail olana qədər Azərbaycan xalqı çox ağrılı proseslər yaşayıb. Acı olsa da, etiraf etmək lazımdır ki, xalqımızın uzun onilliklər, əsrlər boyu bir məxrəcə gəlməsi üçün çarə axtarıblar, səbəb gəziblər. Amma milli birliyə nail ola bilməmişik. Təəssüf ki, bir gündə yüz yerə, min yerə parçalanmaq üçün bəhanələr asanlıqla tapılıb, nəticədə zaman-zaman yüz yerə, min yerə parçalanmışıq.

Heydər Əliyev yeganə milli faktordur ki, uzun əsrlərdən sonra Azərbaycan xalqı onun böyük adı və böyük sözü ətrafında birləşə, ortaq məxrəcə gələ bildi...

Mənim və əksəriyyətin hafizəsindən heç vaxt silinməyəcək bir müraciət: “Sizə sözüm var!”

Onun sözünü həmişə eşidirik.

Onun sözündən heç vaxt çıxmadıq.

Onun yolundan heç vaxt dönmədik.

Alqış Musayev

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru