YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəsmi Bakı İrəvana öz siyasi iradəsini qəbul etdirdi

Regionda cərəyan edən proseslərin axarına təsir göstərən ölkə Azərbaycandır

Əli Hüseynli

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının daimi üzvü kimi fevralın 17-18-də Almanıyada işgüzar səfərdə olmuşdur. Dünyanın siyasi elitasının toplaşdığı bu nüfuzlu beynəlxalq tədbirdə aparılmiş müzakirələr hamını narahat edən aktual mövzulara həsr olunmuşdur.

Rusiya–Ukrayna müharibəsi və bundan irəli gələn Avropanın enerji təhlükəsizliyinin kritik durumu ilə bağlı, İran və Çin mövzusu və digər qaynar regionlarda cərəyan edən hadisələrə dair fikirlər səsləndirilimiş, müvafiq tövsiyələr verilmiş və atılacaq addımların konturları cızılmışdır.

Konfrans çərçivəsində təşkil olunmuş dəyirmi masada iştirak edən dövlətimizin başçısı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın sürətlə artan rolundan bəhs emiş, 2027-ci ilədək həm TAP, həm də TANAP transmilli boru xətləri vasitəsilə  Avropaya nəql olunan təbii qazin həcminin, demək olar ki, iki dəfəyədək artırılacağını bəyan etmişdir.  Onun bu fikirləri böyük maqraq və rəğbətlə qarşılanmışdır.

Cənubi Qafqaz regionunda gedən proseslər də ən vacib məsələlərdən biri kimi Münhen Konfransının diqqət mərkəzində olmuşdur. Dövlətimizin başçısı hər üç Cənubi Qafqaz respublikası liderlərinin burada təşkil olunmuş birgə görüşünü tarixi hadisə adlandırmışdır. Həqiqətən də, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan, Ermənistan və Gürcüstanın rəhbərlərinin ilk dəfə olaraq bir araya gəlməsi diqqətçəkən faktdır. Toplantı çərçivəsində ABŞ-ın Dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə görüşməsi də regionun transatlantik birlik üçün də əhəmiyyətini təsdiqləyir. İstənilən  halda belə görüşün baş tutması ondan xəbər verir ki, Qərbin Cənubi Qafqaz regionunda cərəyan edən proseslərə marağı yüksələn xətlə inkişaf edir və təbiidir ki, Cənubi Qafqaz yerləşdiyi coğrafi mövqeyinə görə dünyanın güc mərkəzlərinin diqqət mərkəzindən kənarda qala bilməz.

Görünən odur ki, bəzi dairələrin Azərbaycanın tarixi uğurlarına qısqanc yanaşmalarına baxmayaraq, İkinci Qarabağ müharibəsi nəticəsində yaranmış yeni reallıqlar böyük dövlətləri bölgəyə münasibətlərini məhz bu kontekstdən formalaşdırmağa sövq edir. Vacib məqamlardan biri də odur ki, ABŞ Qərb dünyasının lideri kimi Cənubi Qafqazda əmin-amanlığın bərqərar olmasına marağını gizlətmir və bu baxımdan dünyanın digər ciddi problemlərinin müzakirəsinin aparıldığı vaxtda Cənubi Qafqaz regio­nundakı proseslərə mühüm diqqət ayırır.

"Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda gedən müzakirələrdə moderatorun suallarına cavab verərkən Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması prosesinda yaranmış yeni situasiya prizmasından ölkəmizin ədalətli mövqeyini  bir daha səsləndirmiş və regiona davam­lı sülh gətirəcək konstruktiv addımların atılmasının zəruriliyini ortaya qoymuşdur.

Görüşün nəticələri ilə bağlı onun yerli televiziya kanal­larına müsahibəsində açıqladığı fikirlər belə deməyə əsas verir ki, bu görüş sülhyaratma prosesində məhz Azərbaycanın təklif etdiyi prinsiplər  çərçivəsində irəliyə doğru mühüm addımdır. Belə ki, dövlətimizin başçısı bir çox məsələlərin, o cümlədən Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması üçün lazım olan şərtlərin müzakirə olunduğu tədbirin nəticələrindən nikbinliklə danışmışdır. 

Bundan başqa, Prezident İlham Əliyev əlavə etmişdir ki, əsas məsələ sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməsindən ibarətdir. Dövlətimizin başçısı hər kəsi Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etməyə çağırmışdır: “Sadəcə, məlumat üçün sizə bildirim ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var”. Azərbaycanın mövqeyini hər zaman qapalı görüşlərdə də, rəsmi açıqlamalarda da diqqətə çatdıran cənab İlham Əliyev xüsu­si vurğulamışdır ki, Ermənistanla bağlanacaq sülh müqaviləsində Qarabağ haqqında hər hansı iddianın olması qəbuledilməzdir və bu məsələ Azərbaycanın sırf daxili işidir: “Bu gün Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir və görür”.  Başqa sözlə, ölkəmizin lideri Ermənistana qarşılıqlı münasibətlərin tənzimlənməsini Qarabağ məsələsi ilə qarışdırmamağı tövsiyyə edib. Cənab İlham Əliyev bu iki istiqamətli həllin faktiki olaraq bizim Ermənistanla danışıqlarımızın Qarabağdakı ermənilərlə əlaqələrimiz kimi daxili məsələlərimizdən ayrı olduğunu diqqətə çatdırıb: ”Həmçinin bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil”. Bu, o deməkdir ki, təkcə Ermənistandan deyil, ümumiyyətlə, xaricdən gələn hər hansı təhdidin heç bir gerçək nəticəsi ola bilməz. Eyni zamanda cənab İlham Əliyev bildirmişdir: “Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onla­rı incələyirik. İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil…”

Azərbaycan lideri Münxendə Zəngəzur dəhlizi və Laçın yolu ilə bağlı da önəmli açıqlamalar verib. Məlumdur ki, Ermənistan Zəngəzur dəhlizinin açılma­sına qarşıdır və üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Rəsmi İrəvan Zəngəzur mövzusundan qaçaraq, hər fürsətdə Laçın yolu ətrafında yaranmış vəziyyəti “blokada” kimi qələmə verməyə çalışır. Bu görüşdə də eyni senari təkrar olundu. Azərbaycan Prezidenti isə tutarlı faktlarla Nikol Paşinyanın bu yalanını da ifşa etdi və həmişə olduğu kimi, ona növbəti siyasi məğlubiyyətin acısını yaşatdı. 30 ilə yaxın erməni işğalı dövründə Qarabağ ərazisində hər şeyin, o cümlədən, demək olar ki bütün  məscidlərin dağıdılmasına Paşinyanın cavabı onu gülünc vəziyyətə saldı; o, bu vəhşiliyə sovet dövründə minlərlə məscidin dağdılması ilə analogiya yaradaraq Ermənistanın bu cinayətlərinə bəraət qazandırmağa çalışdı. Bu fakt  Paşinyanın əsl “demokratik” simasının göstəricisidir.

Dövlət başçımızın mətbuata açıqla­masından belə qənaətə gəlmək olur ki, rəsmi İrəvan Azərbaycanın bu məsələdə mövqeyinin qətiyyətli olduğunu və haqlı mövqeyindən geri çəkilməyəcəyini anlamağa başlayıb. Əslində, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın müddəalarının tələblərinə uyğun olaraq Zəngəzur və Laçın yolunda hüquqi rejim eyni olmalı­dır. Prezident İlham Əliyevin sözlərinə görə, Zəngəzur dəhlizinin hər iki başında, La­çın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu yanaşma ədalətli və məntiqlidir: “İlkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerika­da bizim bu təklifimiz məntiqli hesab olu­nur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimita­siyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, müm­kün deyil”. Bu, ümumən, ölkəmizin baxışlarının dünya birliyi tərəfindən məqbul qiymətləndirildiyinə dair kifayət qədər ciddi amildir.

Ermənistan tərəfinin Azərbaycanın tələblərini öyrənmək üçün vaxt istəməsi isə o deməkdir ki, Azərbaycan bu dəfə də Ermənistana öz siyasi iradəsini qəbul etdirdi və göstərdi ki, regionda cərəyan edən proseslərin axarına təsir göstərən ölkə məhz Azərbaycandır və indi onlar bu tarixi şansdan yararlanmağa çalışmalıdırlar. Azərbaycanla münasibətlərini normalaşdırmaq üçün Ermənistan əməli addımlar atmalıdır. ABŞ-ın Dövlət katibi Antoni Blinken də görüşün ye­kununa dair açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan 30 ildən artıq davam edən münaqişədən sonra davam­lı sülhün bərqərar olması üçün həqiqətən tarixi imkanlara malikdir. Amerika diploma­tiyasının rəhbəri, həmçinin açıqlayıb ki, Birləşmiş Ştatlar sülh səylərini dəstəkləmək üçün lazım olan hər şeyi etməyə hazırdır. 

Beləliklə, Prezident İlham Əliyev Münxendə Azərbaycanın sülhsevər mövqeyini qlobal müzakirə platformasında bir daha diqqətə çatdırdı. Dövlət başçımız vurğu­ladı ki, Azərbaycan və Ermənistanın düşmənçiliyə son qoyulmasına keçidi nümayiş etdirməsi zəruridir: “Biz hazır­da Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində işləyirik. Ümid edirik ki, tezliklə bu işi yekunlaşdıra biləcəyik. Mən hesab edirəm ki, bu, ciddi tarixi fikir ayrılıqları olan ölkələrin birgə toplaşmaq və düşmənçilik səhifəsini çevirmək üzrə yaxşı nümunə ola bilər”. Düşünürəm ki, Ermənistan rəhbərliyi bu tövsiyəni praqmatik yanaşma üzərindən lazımınca dəyərləndirməklə, nəhayət konstruktiv mövqeyə gələrsə, tezliklə bütövlükdə Cənubi Qafqaz bölgəsində dayanıqlı sülhün və dinamik inkişafın  möhkəm təməlini qurmaq mümkün olacaqdır.

DİGƏR Xəbərlər Arxiv