YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın bu gün həyatının yeni dövrünü yaşayır

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri    

“Bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, - Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, - qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər. Mən isə həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq.” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın rayonunun işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bu məqamı da xüsusi qeyd etdi ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı.

Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.

Qürurverici haldır ki, işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Laçının da azad edildiyi tarixi qeyd edirik. 28 il işğal altında olan Laçın bu gün həyatının yeni dövrünü yaşayır.  Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Rayonun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Bu gün soydaşlarımız Böyük Qayıdışın başlandığı günü gözləyir. Laçın rayonunda qısa zamanda görülən işlərin miqyasının genişliyi bu istəyin tezliklə reallığa çevriləcəyinə böyük əsas verir. Belə ki, Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.  2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bütün bu görülən işlər onu deməyə əsas verir ki, laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər.

Nəzərə alaq ki, hazırkı dövrdə qeyri-neft sektorunun inkişafı iqtisadi siyasətimizin  əsasını təşkil edir. Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Ümumiliklə, rayonun relyefi, coğrafi mövqeyi, malik olduğu iqtisadi potensialı gələcəkdə ölkə iqtisadiyyatının inkişafına verəcəyi töhfələr barədə aydın təsəvvür yaradır.  

Dövlət başçısı İlham Əliyev iki ildə 4 dəfə Laçın rayonuna səfər edib. Səfərlərin  hər biri Böyük Qayıdışı sürətləndirən addımlarla zəngindir. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Laçın da müasir tələblər səviyyəsində qurulur. Görülən işlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin Laçının işğadan azad edlməsi müjdəsini xalqa çatdırarkən böyük əminliklə söylədiyi “Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq” fikirlərin təsdiqidir.