YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropanın enerji təhlükəsizliyinə Balkan töhvəsi

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri

Artıq uzun müddətdir ki, dünya gündəmini “Enerji təhlükəsizliyi” mövzusu zəbt edib. “Rusiya-Ukrayna” münaqişəsi fonunda enerji daşıyıcılarıının təhdid, şantaj, təzyiq və sabotaj vasitəsinə çevrildiyi bir mühitdə, xüsusilə Avropa qitəsi üçün bu mövzu, arxi-vacib məsələlərdən birinə çevrilib. Həm ayrı-ayrılıqda, həm də Avropa İttifaqı çərçivəsində qitənin bütün ölkələri bu problemin həlli, enerji təminatının diversifikasiyası, alternativ enerji növləri və mənbələrinin, etibarlı tərəfdaşların təmin edilməsi istiqamətində intensiv iş aparır.

Azərbaycan “Əsrin müqaviləsi”nin imzalanmasından etibarən, artıq 28 ildir ki, həm dünyanın, həm də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkəyə çevrilib. Artıq 16 ildir ki, Azərbaycan nefti, 15 ildir, Azərbaycan qazı ölkəmizin dünya enerji bazarındakı rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirir, bizi həm qonşu ölkələrin bazarlarında, həm də Avropa bazarında etibarlı tərəfdaş kimi tanıdır.

Cəmi ay yarım öncə - iyulun 18-də Avropa Komissiyasının Prezidenti, xanım Ursula von der Leyenin ölkəmizə səfəri, bu səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması, bundan 15 gün sonra - sentyabrın 2-də, Azərbaycan Prezidentinin İtaliyanın Çernobbio şəhərində Avropanın, eləcə də bu qitədəki əsas tərəfdaşlarımızdan olan İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasına, bu siyasətin həyata keçirilməsində enerji daşıyıcılarının roluna həsr edilmiş  48-ci Beynəlxalq Çernobbio Forumuna dəvət edilməsi, ölkəmizin Avropa qitəsinin enerji təhlükəsizliyinin təminatında etibarlı bir tərəfdaş kimi önəminin göstəricisi, ölkə başçımızın həyata keçirdiyi çoxvektorlu siyasətin uğurlu nəticəsinin təcəllisi hesab edilə bilər.
Bu kontekstdə, Prezident İlham Əliyevin cari ilin 30 sentyabr tarixində Bolqarıstana rəsmi səfəri, Sofiya şəhərində Yunanıstan - Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirakı və çıxışı Azərbaycanın dünyada rolunun artmasının və mövqeyinin güclənməsinin göstəricilərindən biri, ölkə başçımızın yürütdüyü məqsədyönlü beynəlxalq siyasətin məntiqi nəticəsidir.

“İnterkonnektor”- ərazilər, ölkələr arasında enerji mübadiləsinə imkan verən qarşılıqlı bağlantı, şəbəkədir. Məsələn, Şərq-Qərb İnterkonnektoru Böyük Britaniya və İrlandiya arasında elektrik enerjisi ticarətinə imkan verir və beləliklə də, öz fəaliyyəti üçün lazım olduğundan daha çox enerji alan ərazi artıq enerjini qonşu əraziyə ötürə bilir.

Prezidentin də qeyd etdiyi kimi, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq bir layihədir. Bu layihənin reallaşması, Cənub Qaz Dəhlizinin işə düşməsi nəticəsində mümkün olub. Cənub Qaz Dəhlizi isə qitə üzrə ən böyük infrastruktur layihələrindən, Avropanın enerji xəritəsini dəyişmiş layihələrdən biridir. Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirmək, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərinin genişləndirilməsi məqsədilə həyata keçirilmiş bu dəhliz, qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbələrdən nəql etmək üçün imkanlar yaradır. Prezidentin qeyd etdiyi kimi, bu vaxta qədər yeganə mənbə, Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı olmuşdur. Lakin Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər və bundan sonra Azərbaycanın digər qaz yataqlarıında hasilat və təchizat həcmlərinin artırılmasına da töhfə verə bilər.

Uzun illər ərzində Avropa bazarında etibarlı neft təchizatçısı olan Azərbaycan, artıq Avropanın etibarlı qaz təchizatçısına  da çevrilir. İki ildir ki, Avropa bazarlarına nəql edilən və təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr olan Azərbaycan qazı, artıq Balkanlara, Bolqarıstana da daxil oldu. Ötən il ixrac edilmiş 19 milyard kubmetr qazın 8,2 milyard kubmetri – yəni 44%-i Avropaya nəql olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 40 faiz artım deməkdir. Prezident, bu il ixracımızın 22 milyard kubmetrə qədər artırılacağını və onun 11,5 milyard kubmetrinin Avropa istehlakçılarına çatdırılacağını, 2027-ci ilə qədər isə təbii qazın təchizat həcminin ən azı iki dəfə artırılmasının planlaşdırıldığını anons etmiş, yaxın gələcəkdə bərpaolunan enerjinin də ixracatçısına çevriləcək ölkəmizin, Avropa qitəsini bu enerji növü ilə də təchiz etmə perspektivlərinin Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumda nəzərdə tutulduğunu nəzərə çatdırmış, ölkəmizin, Avropa üçün neft və qaz ilə yanaşı, həm də etibarlı elektrik enerjisi təchizatçısına çevrilə biləcəyini  ifadə etmişdir.  

Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Avropanın qaz və elektrik enerjisi təchizatının şaxələndirilməsindəki rolunu xüsusi vurğulayan digər ölkə rəhbərləri də, onun fəaliyyətinin qitənin enerji kollapsından çıxarılmasında əhəmiyyətli rol oynadığını, Prezident İlham Əliyevin simasında Avropada çox məşhur, arzu edilən və etibarlı bir tərəfdaş qazandıqlarını vurğulamış, Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduqlarını ifadə etmişlər.

Prezident İlham Əliyev, öz çıxışında SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtının da çatdığını, enerji sahəsində təkcə təbii qazın ixracı ilə işin bitmiş hesab edilməməli olduğunu qeyd etmiş, elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın imkanlarından istifadə olunmasının 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin davamlılığının təmin edilməsinə töhvə olacağını əlavə etmişdir. Cari ildə tranzit yüklərin həcminin 50 faizə yaxın artması və gələcəkdə bu rəqəmin daha da böyük olması ehtimalının, Bolqarıstan və Azərbaycan nəqliyyatçılarının uzunmüddətli və genişmiqyaslı əməkdaşlığını zəruri etdiyi diqqətə çatdırılmış, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün böyük imkanlar olduğu təsbit edilmişdir.