YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni əməkdaşlıq formatları və strateji perspektivlər

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycan yeni əməkdaşlıq formatlarının müəllifidir. Ulu öndər Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirirdi ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir dövlət təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Ümummilli Liderin gərgin səyləri nəticəsində tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanması Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsasını qoydu, iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirdi. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürən dahi şəxsiyyət Heydər Əliyev ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə etmək üçün beynəlxalq əhəmiyyət daşıyan layihələrin icrasına səy göstərdi. Uğurlu siyasət nəticəsində Azərbaycan  təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır, nüfuz qazanır. “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft- qaz kəmərləri ilə davam etdirilən, Cənub Qaz Dəhlizinin başa çatması, ölkəmizin etibarlı tərəfdaş  olduğunu təsdiqləyən qlobal layihələrin reallaşması əsasında Azərbaycan qazının qitə dövlətlərinə çatdırılması əməkdaşlıq formatının genişlənməsinə də imkan yaradır. Regional çərçivədə yaradılan əməkdaşlığın artıq beynəlxalq miqyas alması Azərbaycana olan inamın və etimadın göstəricisidir. Azərbaycan qazı ölkəmizlə əməkdaşlıqda maraqlı olan qitə dövlətləri ilə bağlanılan uzunmüddətli müqavilələr əsasında satılır və öhdəliklər 100 faiz yerinə yetirilir. İllərin təcrübəsi təsdiqləyir ki, Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır.    

Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışında ölkəmizin enerji siyasətinin mərhələlərindən bəhs edən dövlət başçısı İlham Əliyev diqqəti Azərbaycan qazına tələbatın artmasına yönəltdi. Bildirdi ki, enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi. Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumata əsasən, ehtiyatımız 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Lakin mövcud potensial və qaz infrastrukturuna sərmayə yatırmaq planlarımızı nəzərə alsaq, böyük qaz təchizatı boru kəmərinin inşasına ehtiyacımız var idi. Biz bunu Cənub Qaz Dəhlizi adlandırdıq: “Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü – dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var.”

Onu da qeyd edək ki, ötən ay Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və dövlət başçısı İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladılar. Bu, enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Dövlət başçısı İlham Əliyev bunu gələcək fəaliyyətimizin yol xəritəsi adlandırır. Prezident İlham Əliyev qeyd olunan çıxışında bu hədəfi də açıqladı ki,  Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq və  buna nail olacağımıza əminəm.  Bunun üçün isə vacib addımlar atılmalıdır - siyasi qərarlar, texniki tədbirlər və əlbəttə ki, sərmayə.

Azərbaycan qazına tələbatın artması yeni əməkdaşlıq formatlarının yaradılmasını bir tələbə çevirir. Tarixi Zəfərimizin yaratdığı yeni reallıqları yaşadığımız hazırkı dövrdə əsas hədəf regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Dünya gücləri bu hədəfə çatmaq üçün dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Dövlət başçısı İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlərdə, Azərbaycan-İtaliya dostluğunun, strateji tərəfdaşlığının uğurla davam etdirildiyini təsdiqləyən təqdimatlarda bir daha bildirildi ki,  artan ehtiyacı təmin etmək üçün  sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyacımız var. Bu məqsədlə  rəsmi olaraq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib.

DİGƏR Xəbərlər Arxiv