YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi mühüm əhəmiyyətə malik olan yeni çoxtərəfli əməkdaşlıq platformasıdır

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı 

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı bitərəf ölkələrin qlobal güc mərkəzinə çevrilir. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü ölkədir. Regionun lider dövləti kimi bu coğrafiyada baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır. Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı rolunda çıxış edir. Bu uğurların əsasında Azərbaycanın uzaqgörən və praqmatik xarici siyasət strategiyası dayanır. Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Ölkəmizin BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilata - Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra belə nəhəng bir təşkilata sədrlik etməsi Azərbaycanın müstəqillik tarixində mühüm  siyasi hadisələrdən biridir. Həmçinin təşkilata sədrlik etmək kimi statusa malik olması da Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından ölkəmizə mühüm dividendlər gətirir. Azərbaycan Qoşulmama Hərəkatına qlobal anlamda çox çətin bir dönəmdə sədrliyi öz üzərinə götürməsinə baxmayaraq, çox effektiv və konstruktiv sədrlik nümayiş etdirdi.  Qeyd edək ki, Qoşulmama Hərəkatının üzvləri bloklara qoşulmayan, öz ərazisində xarici hərbi baza yerləşdirməyən, beynəlxalq münasibətlər sistemində mövcud olan konfliktlərin sülh yolu ilə həll olunmasına dair mövqe ortaya qoyan bir hərəkatdır. Hərəkat üzv dövlətlərin milli müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması çərçivəsində müstəmləkəçilik və post-müstəmləkəçilik, irqçilik və hər hansı xarici müdaxilə, zorakı kənar təsir və təzyiq, eləcə də böyük güclərin münaqişə zəminində yaratdıqları çoxüzvlü hərbi və siyasi bloklara qarşı formalaşıb.

Qoşulmama Hərəkatının Azərbaycana dəstəyinin əhəmiyyəti kifayət qədər böyükdür. 2020-ci il Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində törədilən hərbi təxribatla əlaqədar və Vətən müharibəsi zamanı Qoşulmama Hərəkatında qəbul edilən sənədlərdə Azərbaycanın haqlı mövqeyi müdafiə olundu. 2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul edib. Vətən müharibəsi zamanı - 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olundu. Bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib. Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının üzvü olan ölkələr təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe sərgiləyiblər. Onların bu israrlı mövqeyi nəticəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürməyə məcbur oldular.

Ötən ilin noyabrında Madriddə Azərbaycan Prezidentinin təşəbbüsünə uyğun olaraq Parlamentlərarası İttifaqın 143-cü assambleyası çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis edildi. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması təşkilat daxilində ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, o cümlədən yeni təşəbbüslərin irəli sürülməsi və reallaşdırılması baxımından əhəmiyyətlidir. İyunun 30-da başlayan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı öz işini uğurla başa vurdu. Bakı konfransında Qoşulmama Hərəkatına üzv olan 40-dan çox ölkənin parlamentləri və 9 beynəlxalq parlament təşkilatı təmsil olunması üzv dövlətlərin parlamentlərarası əməkdaşlığa verdiyi əhəmiyyətin əyani  sübutudur.

Bakı konfransında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi fəaliyyəti, irəli sürdüyü beynəlxalq təşəbbüslər, ölkəmizin bu təşkilata üzv olan dövlətlərlə fəal əməkdaşlığı, bir birinə dəstəyi, eləcə də İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət haqqında fikirlərini ifadə edib. Hər zaman regional və qlobal məsələlərdə öz mövqeyini nümayiş etdirən Azərbaycan, geoiqtisadi və geosiyasi hadisələr fonunda müəyyən çağırışlarla diqqəti çəkib. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında da bir neçə təşəbbüslə çıxış edən prezident İlham Əliyev, Nyu-Yorkda Hərəkatın Dəstək Ofisinin yaradılmasını gündəmə gətirərək, bildirib ki, səylərimiz təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməyib, ölkələrə dəstək həm də tibbi və humanitar yardımla bağlı tədbirlərin genişləndirilməsinə də imkan verəcək. Bakı Konfransı çox məhsuldar keçdi. “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olundu. Təşkilatın rəsmi loqosu və bayrağı təsdiq edildi. Qurumun sədri və sədr müavinləri seçildi. Eyni zamanda, tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə iki tərəfli görüşləri keçirilib. Bu qlobal səviyyədə parlamentlərarası əməkdaşlığın inkişafına, əlaqələrin genişlənməsinə əhəmiyyətli zəmin yaradacaq, həmrəyliyi gücləndirəcək platformaya çevriləcək.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı regional və beynəlxalq təhlükəsizlik, əməkdaşlıq baxımından əhəmiyyətli olduğu kimi Azərbaycanın haqq səsinin dünyada eşidilməsinə yeni bir təkan olacaq.