YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Enerji təhlükəsizliyi və Azərbaycan faktoru

Mirsüleyman Mirxaslı

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının sədri

Dövlətin fəaliyyətinin effektivliyinin əsas meyarlarından biri, onun milli təhlükəsizliyinin təmin edilməsidir. Enerji təhlükəsizliyi isə, milli təhlükəsizliyin vacib ünsürlərindən biri sayılır. Əhlinin enerji ilə təminatı, ən əsas problemlərdən olmaqla, bu problemin həlli, ölkənin davamlı inkişafını, yəni iqtisadi, ekoloji və sosial resursları israf etmədən, habelə gələcək nəsillərə ağır yük mirası qoymadan inkişafını şərtləndirir. Enerji təhlükəsizliyi,  vətəndaşların, cəmiyyətin, dövlətin, iqtisadiyyatın təhlükələrdən qorunması, əhalinin məqbul keyfiyyətdə və iqtisadi cəhətdən əlçatan enerji  resursları ilə təmin edilməsini ehtiva edir, xarici və daxili təhdidlərdən müdafiəsini nəzərdə tutur.

XX əsrin əvvəllərindən etibarən enerji təhlükəsizliyi hərbi doktrinada da əsas strateji amillərdən birinə çevrilmişdir. Son hadisələrin göstərdiyi kimi, hibrid müharibənin getdikcə daha çox rol oynadığı bir dövrdə, enerji təhlükəsizliyi dünya üçün ən mühüm və artan problemlərdən birinə çevrilmişdir. Bir sıra dövlətlər, bu problemdən başqa dövlətləri parçalamaq və zəiflətmək, yaxud müəyyən siyasi nəticələrə nail olmaq üçün şantaj kimi istifadə edirsə, digərləri bundan sığortalanmaq üçün adekvat addımlara, hərbi və siyasi bloklaşmalara üstünlük verir ki, bu da dünyamızda qlobal toqquşmalar və kataklizmlər riskini artırır.

Bu yanaşmadan fərqli olaraq, zəngin karbohidrogen ehtiyatlarına malik olan dövlət kimi Azərbaycan, malik olduğu  imkanlardan dünyanın enerji təhlükəsizliyinin təminatına töhvə verən siyasət aparır və tərəfdaş ölkələrlə müştərək şəkildə həm öz enerji təhlükəsizliyini, həm də dünyanın enerji təhlükəsizliyini balanslaşdırmağa yönəlmiş addımlar atır.

Müstəqilliyimizin ilk illərindən, tarixdə ilk dəfə xarici neft şirkətlərinin ölkəmiz tərəfindən Xəzər dənizinə dəvət edilməsi, “Əsrin kontraktı”nın imzalanması, dünya miqyasında ən böyük neft qaynaqlarından olan “Azəri-Çıraq-Günəşli” neft yataqlarının, “Şahdəniz” qaz yatağının işə düşməsi və istismarı, ölkəmizin sürətli və uğurlu inkişafına töhvə verməklə, dünyanın da enerji təhlükəsizliyində böyük rol oynamışdır. Ölkəmizin regional enerji layihələrinin aktiv təşəbbüskarı və icraçısına çevrilməsi, çeşidli boru kəmərləri vasitəsilə, həm Qara dəniz, həm də Aralıq dənizindən keçməklə hasil etdiyi xam nefti və qazı dünya bazarlarına çıxarması, həm bölgəmizdə, həm də dünyada sabitliyin əldə olunmasına və iqtisadi inkişafın təmin edilməsinə təkan verir, Prezident İlham Əliyevin təbirincə desək; “Azərbaycanın ilkin mərhələdə başlatdığı enerji layihələri regional əməkdaşlıq üçün çərçivə yaratdı və onlar hazırda qlobal enerji layihələrinə çevrilib”.

Enerji təhlükəsizliyi, strateji və mühüm obyektlərin enerji ilə etibarlı təminatı, daxili və xarici bazarlarda enerji ehtiyatlarının gəlir gətirməsi və səmərəli ixrac üçün azad iqtisadi şəraitin yaradılması ilə yanaşı, həm də sərf edilmiş yanacaq ehtiyatlarının yerinin doldurulmasını, yanacağın və enerji növlərinin diversifikasiyasını (şaxələndirilməsini), ekoloji tələblərin nəzərə alınmasını, enerji ehtiyatlarından səmərəsiz istifadənin qarşısının alınmasını, və s. amilləri də zəruri edir.

Bu gün dünyanın qarşısında duran ən mühüm hədəflərdən biri, yeni nəsil enerji mənbələrinin müəyyən edilməsi və bərpa olunan enerji mənbələrindən istifadədir ki, Azərbaycan bu prosesdə də aparıcı ölkələrdən biri olmağa namizəddir.

Bakı Ekspo Mərkəzində, 30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin təmsil edildiyi Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində, tədbirin təşkilat komitəsinin nümayəndəsi, Böyük Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi Rassel Teyloryn Bakını “region üçün əhəmiyyəti artmaqda olan tədbirlərin keçirildiyi mərkəz” adlandırması da təsadüfün deyil, reallığın  təzahürü, ölkəmizin həm regionun, həm də dünyanın yüksələn dəyəri olduğuna işarədir. 

Bakı Enerji Həftəsinin, özündə eyni zamanda üç ayrı layihəni - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika sərgisi ilə yanaşı - Bərpa Olunan Enerji layihələri sərgisini də ehtiva etməsi, enerji qaynaqlarının müxtəlifliyinin təmin edilməsinə, “yaşıl enerji”yə verdiyi önəmin təzahürüdür.

 Tədbirdə, Azərbaycan Prezidentinin parlaq çıxışı çox böyük maraqla qarşılanmaqla, iştirakçılarda Neft-Qaz sektoru ilə yanaşı ölkəmizdə həyata keçirilən elektrik enerjisi infrastrukturu barədə də geniş təsəvvür yaradıb. Azərbaycan Prezidenti, dayanıqlı enerji təhlükəsizliyini təmin etmək üçün bərpa olunan enerji növlərinə sərmayə qoyuluşundan bəhs edib, bərpa olunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi işlər aparıldığından danışıb.

Dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə həyata keçirilən  layihələr nəticəsində inşa olunan və birgə istehsal gücü 470 meqavat olan Günəş və Külək elektrik stansiyalarının perspektivi, bərpa olunan enerjiyə sərmayə qoyuluşunda xüsusi çəkinin artacağına və nəticədə  təbii qazın istehlakına qənaət ediləcəyinə, ixrac potensialının artacağına zəmin yaradır.

Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti ilə Günəş elektrik stansiyasının inşası ilə bağlı həyata keçirilən və planlaşdırılan layihələr, Azərbaycanın bərpa olunan mənbələrdən elektrik enerjisinin və hidrogenin ixrcatçısı olmasını, eləcə də karbon emissiyalarının azaldılmasına birgə töhfəni təmin edəcək böyük imkanlardır. Bu il martın 15-də Prezident İlham Əliyevin iştirakı ilə 230 MVT gücündə “Qaradağ” GES-in təməlqoyma mərasimi keçirilib. “Masdar”ın 18 ay ərzində həyata keçirəcəyi layihənin ümumi dəyəri 225 milyon ABŞ dollarıdır. Ümumilikdə 550 hektar ərazidə yerləşəcək və illik 500 milyon kVt/saat elektrik enerjisi istehsal ediləcək GES sayəsində 110 milyon kubmetr qaza qənaət ediləcək, 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısı alınacaq. 110 min evin enerji ilə təmin edilməsi üçün imkan yaradacaq layihənin inşası dövründə 700-dən artıq, stansiyanın istismarı zamanı isə 25-dən artıq daimi iş yeri yaradılacaq.

“Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Azad edilmiş torpaqlarda “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən qurulmuşdur və cari ildə təqribən 25-30 meqavat gücündə daha 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur.

Qısa zaman kəsiyində nəhəng enerji obyektlərinin inşası ölkənin artan imkanlarından xəbər verir. Son illərdə inşa edlən ən böyük enerji obyektlərindən biri də ”Qobu” Enerji Qovşağıdır. Gücü 750 meqavat olan Yaşma  yarımstansiyasının və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına  xidmət  göstərəcək. Təqdirə layiq olan hal isə, bu cür nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, mütəxəssisləri və fəhlələrinin  iştirakıdır.

Prezident, həmçinin Xəzər dənizinin və azad edilmiş torpaqların  bərpa olunan enerji  potensialı  ilə əlaqədar  maraqlı faktlar səsləndirib. Azad edilmiş torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı - külək və günəş enerjisi, Xəzər dənizində isə 150 min meqavatdan çox bərpa  olunan enerji istehsalı ilə bağlı potensial olduğunu deyən Prezident, Qarabağ və Şərqi Zəngəzur ərazisindəki 1000 meqavatdan artıq güc potensialı olan  hidroelektrik enerjinin də dövlətimiz tərəfindən ciddi şəkildə nəzərdən keçirildiyini və enerji təhlükəsizliyimizə güc qatacağını ifadə etmişdir.

Müstəqilliyimizin ilk illərində ölkənin enerji gücü yetərsiz idi. Azərbaycan elektrik enerjisini idxal edirdi. Neft hasilatı kəskin düşmüşdü və təbii qazla bağlı problemlər var idi. Bu gün Azərbaycan dörd qonşu ölkəyə elektrik enerjisi ixrac edir və bu ixrac artmaqdadır. Ötən il Azərbaycanda 27 milyard kilovat-saat elektrik enerjisi istehsal edilməklə, Türkiyə, Rusiya, Gürcüstan və İrana 1,6 milyard kilovat-saat elektrik enerjisi ixrac edilib, Avropaya elektrik enerjisi ixrac edilməsi planlaşdırılır. Neft, qaz, elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və həm də Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir.

Prezidentin çıxışında ölkəmizin tranzit imkanlarına da toxunulmuş, qonşu ölkənin uzun illər ərzində davam edən təcavüzkar siyasəti nəticəsində bu potensialdan tam istifadə edilmədiyi qeyd edilmişdir. Bu gün isə bu imkanların da səfərbər edilməsinin vacib olduğu, açılacaq Zəngəzur dəhlizinin yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola biləcəyi vurğulanmışdır.  Zəngəzur dəhlizi Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək, oradan  xarici bazarlara, habelə Türkiyə və Avropaya çıxmaq üçün yeni bir xətt olacaq. Bu dəhlizin ölkəmizin digər infrastrukturları - yeni dəniz limanı, bütün istiqamətlərlə dəmir yolları, avtomobil yolları, azad olunmuş ərazilərdəki yeni hava limanları ilə birlikdə 9 beynəlxalq hava limanı ilə əlaqəsi və eləcə də  unikal coğrafi mövqeyimiz, nəqliyyat xabı kimi Azərbaycanın potensialını ortaya çıxarmaqla, regionun bütün ölkələrinin inkişafına, əməkdaşlıq və təhlükəsizliyə  vasitə olacaq.