YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqillik gününün mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması ictimai-siyasi və geosiyasi reallığın tələbinə çevrilib

“Müstəqillik hər bir xalq üçün siyasi-tarixi və mənəvi dəyər hesab edilir. Hər bir xalq müstəqilliyini əldə etmək üçün mücadilə edir, qan tökür, can verir. Bu səbəbdən də müstəqillik vazkeçilməyəcək bir dəyərdir. Azərbaycan xalqı da müstəqilliyini qazanmaq üçün uzun yol qət edib, təlatümlərdən keçib, dünyadakı 5 min xalqın içərisində azadlığını qazanmış 200 xalqdan biri olub. Lakin Ümummilli Liderimiz Heydər Əliyevin sözlərilə desək, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq, möhkəmləndirmək ondan da çətindir. Hər bir azərbaycanlı da şahiddir ki, dəfələrlə Azərbaycanın müstəqilliyinə qəsdlər olub, amma bu xain cəhdlər uğursuz olub. Buna görə də müstəqilliyimizi qorumaq, daha da gücləndirmək hər bir vətəndaşın mənəvi borcu, bir nömrəli vəzifəsi olmalıdır. Elə bu kontekstdə də müstəqillik gününün mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması günümüzün təxirəsalınmaz reallığına çevrilib”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, müstəqillik günümüz ilə bağlı sosial şəbəkələrdə, “5-ci kolon”un nərazətində olan online media resurslarında müxtəlif istiqamətlərdə spekulyasiyalar, manipulyasiyalar da həyata keçirilməkdədir: “5-ci kolon”, adını müxalifət qoymuş bir qrup siyasi möhtəkirlər müstəqilliyimiz ilə əlaqədar yayılan yalnış məlumatlarla ictimai rəyi çaşdırmağa, aldatmağa cəhdlər edirlər. Onların əsas məqsədi də Azərbaycanın müstəqillik tarixi ilə bağlı erməni lobbisinin siyasi və diplomatik maraqları təmin olunsun. Hətta, ermənilərin keçmiş DQMV-nin heç vaxt müstəqil Azərbaycan Respublikasının tərkibində olmaması və Sovet qanunvericiliyinə uyğun olaraq 1991-ci il 2 sentyabr tarixli referendumla onun tərkibindən ayrılması barədə ortaya atdıqları saxta arqumenti də tirajlamaqla məşğuldurlar. Bu baxımdan, həm Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunmasını təmin etmək, həm də müstəqilliyimizin düşməni olan erməni lobbisi və “5-ci kolon”un təxribatçı iddialarını tamamilə neytrallaşdırmaq üçün müstəqillik günü ilə bağlı yeni yanaşmanın ortaya qoyulması ictimai və siyasi tələbə çevrilib”.

Ramil Vəlibəyov diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, yeni siyasi və geosiyasi reallıq, ölkəmizin dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri edir: “Eləcə də, Vətən müharibəsində tarixi ədalətin bərpa edilməsi ilə keçmiş SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxarılması, tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması kimi məsələləri də aktuallaşdırıb”.

“18 oktyabr Müstəqillik Günü adlandırılsa da, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının preambulası mahiyyət etibarilə müstəqilliyin bərpası ideyası üzərində qurulub” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixində qəbul etdiyi müvafiq Bəyannamənin adı da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" adlanır: “Göründüyü kimi, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının məzmunu və başlığı arasında texniki uyğunsuzluğa yol verilib və nəticədə aktın adı “müstəqilliyin bərpası” əvəzinə, “müstəqillik aktı” kimi qəbul olunub. Bu mənada, “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsində nəzərdə tutulan düzəlişlər məhz bu uyğunsuzluğu aradan qaldırmaq üçündır”.

Ramil Vəlibəyov vurğulayıb ki, Cümhuriyyət dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni müasir Azərbaycan Respublikasının dövlət rəmzləridir. Həm bayraq, həm gerb, həm də himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır və Azərbaycanın dövlət suverenliyini tərənnüm edir: “Bu səbəbdən də, 28 may tarixinin müstəqillik günü, 18 oktyabr tarixinin isə müstəqilliyin bərpası günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktını bir daha təsbit edəcək. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcək. Eyni zamanda, Qarabağla bağlı anti-Azərbaycan qruplarının saxta hüquqi iddialarının üzərindən birdəfəlik xətt çəkəcək”.