YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı böyük sevinc və qürur hissi ilə 44 günlük Vətən müharibəsinin başlanmasının birinci il dönümünü qeyd edir

Elşad Mirbəşir oğlu

Milli Məclisin deputatı

Azərbaycan xalqı böyük sevinc və qürur hissi ilə  44 günlük Vətən müharibəsinin başlanmasının birinci il dönümünü qeyd edir. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun həyata keçirdiyi Zəfər yürüşü Azərbaycan Xalqının 30 illik torpaq həsrətinə son qoydu.

Dünya 30 il ərzində işğal faktı qarşısında susdu. Bəzən hətta böyük məyusluqla işğalçını stimullaşdıran addımlara şahidlik etdik. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində işlək vəziyyətə gətirilsə də, Azərbaycan torpaqlarının işğalı ilə bağlı qəbul olunan qətnamələr məcburi icraya yönəldilmədi. Ermənistanın beynəlxalq hüququ heçə sayan addımlarına ya göz yumuldu, ya da hansısa formada buna bəraət qazandırıldı. Nəticədə, işğal faktına görə heç bir beynəlxalq təzyiq və sanksiyalarla üzləşməyən təcavüzkar daha da azğınlaşdı və  “yeni torpaqlar üçün yeni müharibə” konsepsiyası ilə çıxış etməyə başladı.  Belə olan halda  Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməkdən başqa alternativi qalmadı və 2020-ci ilin 27 sentyabrından başlayaraq 44 günlük Zəfər yürüşümüz start götürdü. Azərbaycan dövləti BMT-nin illərdir masa üzərində qalan qətnamələrini özü icra edərək dünya miqyasında yeni presedent yaratdı.

Ermənistan ordusunun məğlubedilməzliyi ilə bağlı illərdir formalaşdırılmış mif 44 günə darmadağın edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları  alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni reallıqlar yarandı və dünyanın güc mərkəzləri başa düşdü ki, regionda Azərbaycanla hesablaşmaqdan başqa yol yoxdur.  

44 günlük müharibə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər bir qələbə olmamışdır.  Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Tarixi qələbəmiz regionun geosiyasi arxitekturasını dəyişdirdi, yeni qüvvələr balansı formalaşdırdı. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaratdı və hər kəs, bütün dünya gücləri bu reallıqlarla barışmağa məcbur oldu. Müharibənin və münaqişənin başa çatmasını simvolizə edən 10 noyabr bəyanatının imzalanmasından keçən 10 aylıq müddət ərzində Azərbaycan öz qələbəsinə hüquqi-siyasi legitimlik qazandırmağa böyük ölçüdə nail olub.

44 günlük müharibənin nəticəsində qazandığımız şanlı Zəfərin unikal xüsusiyyətlərindən biri regionda yeni təhlükəsizlik və əməkdaşlıq sisteminin yaranması oldu. Sevindirici və qürurverici məqam ondan ibarətdir ki, qardaş Türkiyə dövləti də yeni sistemin həlledici aktorlarından birinə çevrilib. Xüsusən, 2021-ci ilin 15 iyun tarixində Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasındakı strateji müttəfiqlik münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşımaqla yanaşı, həm də regionun ümumi inkişafı və təhlükəsizliyi naminə müstəsna əhəmiyyətə sahibdir. Tarixi sənədin məhz Azərbaycan xalqının Milli Qurtuluş Günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Şuşa Bəyannaməsi Ermənistanı Azərbaycana qarşı yeni bir müharibəyə sövq etmək istəyən bütün dairələrin planlarının üstündən birdəfəlik xətt çəkdi.   

Azərbaycan təkcə erməni faşizminin başını əzməklə özünün ərazi bütövlüyünü təmin etmədi, eyni zamanda region ölkələri arasında yeni bir əməkdaşlıq mühiti formalaşdırdı. Prezident İlham Əliyev Ermənistan daxil olmaqla bütün region ölkələrinin qarşılıqlı faydalı əməkdaşlığını nəzərdə tutan “3+3” formatında yeni işbirliyi platformasını təşəbbüs etdi. Dövlət başçızımın da ifadə etdiyi kimi, Ermənistan artıq Qafqaz bədənində yad cisim olmaqdan çıxaraq regional inteqrasiya proseslərinin içərisində yer almalıdır. Belə bir platformanın irəli sürülməsi Azərbaycanın regionun gələcəyi ilə bağlı strateji baxışa sahib olduğunu ortaya qoyur. Bu həm də onu göstərdi ki, regionun erməni faşizminin caynağından xilas edilməsi yeni əməkdaşlıq və inkişaf perspektivləri açır.

Azərbaycan post-konflikt mərhələsində də öz addımları ilə qüdrətli ölkə olduğunu sübut edir. Müharibənin və münaqişənin başa çatmasından təqribən 10 aylıq müddət keçməsinə baxmayaraq, azad olunmuş torpaqlarımızda misli görünməmiş abadlıq-quruculuq tədbirləri həyata keçirilir. Ermənilərin 30 il ərzində dağıtdığı, məhv etdiyi əraziləri böyük əzm və ruh yüksəkliyi ilə bərpa edirik, Qarabağa öz əzəmətini qaytarırıq. Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına görür və təkcə bu il bu məqsədlə 1.3 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri bərpa və quruculuq işlərinin miqyası barədə aydın təsəvvür yaradır. Dövlət başçımız və Birinci xanım bu müddət ərzində təkcə mədəniyyət paytaxtımız Şuşaya 5 dəfə səfər ediblər. Tarixi günlərdə reallaşan bu səfərlərin hər biri Azərbaycanın niyyətini və gələcəyə baxışlarına dair aydın təsəvvür formalaşdırır və bütün dünyana bu fikri təlqin edir ki, Qarabağın əsil sahibləri bizik.

İşğaldan azad edilmiş ərazilərimiz tikinti-quruculuq meydanını xatırladır. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, uzunluğu 100 kilometrdən çox olan Zəfər yolunun inşası, dünyaya səs salan “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin uğurla gerçəkləşdirilməsi, Ağdam və Şuşa şəhərlərinin baş planlarının təqdim olunması bu qəbildən olan layihələrin yalnız bir qismidir. Həyata keçirilən bütün bu işlər Azərbaycan xalqının sülhsevər missiyasınn təqdimatına çevrilir. Azərbaycan xalqı azad edilmiş topaqlarıda gördüyü işlərlə qurucu, yaradıcı xalq olduğunu göstərir.   

Onu da qeyd etməkdə zərurət var ki, hələ də Qərbdəki bəzi dairələr Azərbaycan xalqının şanlı Zəfərini həzm edə bilmir. Vətən Müharibəsində tarixi Qələbənin birinci ildönümü ərəfəsində Azərbaycan dövlətinə qarşı ünvanlı qarayaxma kampaniyaları təşkil etməklə sülh prosesinə zərbə vurmağa çalışırlar. Almaniya və ABŞ mediasında son zamanlar təşkil olunan ünvanlı qarayaxma kampaniyalarının əsas məqsədi də budur. Bəzi Qərb dairələri əsassız və qərəzli şəkildə Azərbaycanı hədəfə gətirmək, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycana əlavə problemlər yaratmağı niyyət güdürlər. ABŞ-ın Ermənistandakı  səfiri Linn Treysinin ardıcıl neçənci dəfədir ki, Dağlıq Qarabağ münaqişəsinin hələ həll olunmadığını və bu istiqamətdə səylər göstərilməsinin zəruriliyini bildirməsi də bu reallıqlardan xəbər verir. Amerika səfirinin ardıcıl şəkildə əsassız bəyanatlar verməsi onu göstərir ki, rəsmi Vaşinqton Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasında maraqlı deyil, münaqişənin yenidən alovlanmasını, Ermənistanda revanşizm meyllərinin daha da güclənməsi və qalib gəlməsinə çalışır.

Ermənistan-Azərbaycan münaqişəsi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatı imzalaması ilə başa çatıb. Bu bəyanat Ermənistanın kapitulyasiya aktını qəbul etməsi kimi səciyyələndirilməlidir. Başqa sözlə, Azərbaycan Qələbə qazanıb və bu gün Dağlıq Qarabağ adlı nə ərazi subyekti, nə münaqişə və də digər bu kimi məsələlər gündəmdə deyil. Hazırkı dövrdə gündəlikdə duran əsas məsələlər sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin imzalanması və regionda əməkdaşlıq mühitini formalaşdırmaqla onun inkişafına təkan verməkdən ibarətdir.