YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Həsən: Prezident İlham Əliyevin təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir

“Azərbaycan Prezidenti İlham Əliyev COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində qlobal lider missiyasını uğurla həyata keçirir. Dövlətimizin başçısının bu mübarizədə qlobal həmrəylik nümayiş etdirmək məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəkləməsi Azərbaycan Prezidentinin beynəlxalq miqyasda xüsusi liderlik qabiliyyətinə və imkanlarına malik bir şəxsiyyət kimi qəbul olunduğunu bir daha təsdiqlədi. Bu, əlbəttə ki, xalqımız üçün qürur doğuran bir hadisədir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin son dövrlərdəki bütün təşəbbüsləri tarixi addım kimi dünya birliyi tərəfindən qiymətləndirilir, dəyərləndirilir və ciddi bir missiya kimi hər kəs tərəfindən qəbul olunur. İnanırıq ki, dövlətimizin başçısının qlobal lider olaraq beynəlxalq münasibətlər sistemində həyata keçirdiyi missiya bundan sonra da uğurla davam edəcək”. Bu fikirləri  Milli Məclisin deputatı Ramil Həsən deyib.

Ramil Həsən bildirib ki, dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Təəssüf ki, böyük dövlətlərdən və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də, bu, baş vermədi. Daha çox özünütəcrid, milli eqoizm xarakteri daşıyan və fraqmentar addımlar atıldı. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. Baş Assambleya çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, onların da əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatının üzv dövlətləri ilə yanaşı, BMT-nin Baş katibi, Baş Assambleyanın prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər.

Tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. BMT Nizamnaməsinə əsasən, Baş Assambleya ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına üzv olan 120 ölkə arasında yekdilliklə razılaşdırılıb. Bundan sonra Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. BMT Baş katibi mayın 28-də Baş Assambleyanın “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni iyunun 27-nə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsü dəstəklədiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-dək ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb. BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir.

Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü bir daha rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı siyasətinin şahidi oldu. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Əminik ki, xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək.

Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatında sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək.

“Əlbəttə ki, Azərbaycan parlamenti də bu prosesdə fəal rol oynamalıdır. Milli Məclisdəki dostluq qruplarının rəhbərlərinin 82 ölkənin dostluq qruplarına belə bir təşəbbüsün məhz Azərbaycan Prezidenti tərəfindən irəli sürülməsi və bu təşəbbüsün 130 dövlət tərəfindən dəstəklənərək BMT-yə təqdim olunması və BMT-nin bu çərçivədə xüsusi sessiyasının çağırılması istiqamətində addım atacağı ilə bağlı məlumat xarakterli informasiya göndərmələri çox önəmlidir. Dünya parlamentariləri də bu prosesdə Azərbaycan Prezidentinin necə xüsusi rol oynadığının, bir lider kimi hansı xüsusi keyfiyyətlərə sahib olduğunun şahidi olmalıdır. Bu minvalla, Azərbaycan parlamenti də prosesə fəal şəkildə qoşulmalı və bu prosesin içərisində inteqrativ formada parlament diplomatiyasının bütün imkanlarından istifadə edərək həm beynəlxalq parlament təşkilatlarına, həm də Azərbaycanın qurduğu parlamentlərarası dostluq qruplarına bir məktubla müraciət edərək bu xoşməramlı informasiyanı çatdırmalıdırlar. Bu, bizim təbliğat işimizə də, Azərbaycan dövlətinin xarici siyasət strategiyasında Prezidentin müəyyənləşdirdiyi hücum diplomatiyasına da böyük dəstək verəcək”, - deyə Ramil Həsən qeyd edib.